Baş Prokurorluq Natiq Cəfərlinin həbsi ilə bağlı rəsmi açıqlama yaydı

Azərbaycanın Baş Prokurorluğu iqtisadçı Natiq Cəfərlinin həbsi ilə bağlı rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir:

Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyatları davam etdirilir.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılmışdır.

Natiq Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94.565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71.334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilmişdir.

Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

“Natiq Cəfərlinin vergi fəaliyyəti vergi orqanları tərəfindən yoxlanılıb və ona əsassız hesab hesabat dövrünə 456 manat vergidən yayınma, təqribən o qədər də maliyyə sanskiyası tətbiq olunmuşdur. Həmin məbləğlə Natiq razı olmasa da onu ödəmişdir”.

cavad-cavadov-vekil

Bunu vəkil Cavad Cavadlı REAL-ın icra katibi Natiq Cəfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı açıqlamanı şərh edərkən deyib.

Vəkilin sözlərinə görə, Prokurorluq orqanlarının açıqlaması təqsirsizlik prezumpsiyasının pozulmasıdır: “Eyni zamanda Cinayət Məcəlləsinin 192.1 maddəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməklə yanaşı, həmin maddənin əvvəlki redaksiyası ilə hazırda qüvvədə olan redaksiyası Natiqi bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Cinayət Məcəlləsinini 308.2 maddəsinin ümumiyyətlə danışmağa dəyməz”.

Qeyd edək ki, avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button