Baş redaktoru belə get-gələ salmaqdan çəkinmədilər…

maxresdefault04.07.2013

Tərtər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sərdar Həmidovun oğlu və etatist.com saytının baş redaktoru Şəhriyar Məcidzadə oğurlanan maşının sənədlərini polis idarəsindən ala bilmir. Bu barədə XuralTAC-a baş redaktorun özü məlumat verib. O, oğurlanan maşının tapılmasından bir aya yaxın vaxtın keçməsinə baxmayaraq, maşının sənədlərini hələ də ala bilmədiyini deyib:

“Oğurlanan maşının guya rəngini dəyişə, “VAZ 2107” motorunu götürüb, “Ferrari” motoru qoya bilərəm və s. kimi bəhanələr gətirərək sənədləri mənə vermirlər. Bu nə rəzalətdir, başa düşmürəm. Harada görünüb ki, oğurlanan maşının sahibi zərərçəkmiş şəxs öz maşınının rəngini dəyişsin? İkincisi, bu texniki pasport mənə verilibsə, maşının rəngini dəyişsəm addımbaşına dayanan yol polisi bunu müəyyən edə bilməyəcək? Bunun məsuliyyətini mən daşıyıram, bunun fərqindəyəm.
Hələ bilmirəm bundan sonra hansı rəzalətlər məni gözləyəcək? Kimdən nə məlumat soruşursan deyir “qarşı binaya get”, qarşı binadan deyirlər “o biri binaya get”. İşləmək istəmirsiniz işləməyin də. Oturmusunuz kondisionerli otaqda millətin başına nə oyun açırsınız”?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Ş.Məcidzadənin idaərədə get-gələ salınmasından xəbərsiz olduğunu iddia edib:

“Şəhriyar Məcidzadənin maşınının sənədləri bu vaxta qədər qaytarılmalı idi. Maşının tapılmasından sonra sənədlərin sahibinə verilməsi bu qədər uzun çəkə bilməz. Bu məsələdən xəbərim yoxdur. Müraciət etsin, özüm bu məsələni araşdıraram”.

Ş. Məcidzadə qarşılaşdığı hadisə iləbağlı mətbuata açıqlama verib:

“May ayının 19-da mənə məxsus olan Vaz 2107 markalı 90-GR-807 dövlət nömrə nişanlı avtomobilim evimin qarşısından oğurlanmış, bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova müraciət etdikdən sonra nazirin əmri ilə maşın tapılmış, oğrular isə həbs edilmişdi.

Maşınımın tapılmasından artıq bir ay ötüb, ancaq mən hələ də sənədlərimi ala bilməmişəm. Əslində bu yazını yazmamaq üçün bir aydır özümə “dur” deyirəm. Ancaq, sözün əsl mənasında rəzalətdir!
 
Maşınımın oğurlanmasına dair Nəsimi Rayon Polis İdarəsindən arayış alıb, yollandım Baş Dövlət Yol Polis İdarəsinə. Burda nələr baş verir az sonra anladacam.
Maşınımın oğurlanması ilə bağlı mənə verilən arayışı  105-ci otaqda oturan E.Ələkbərova təqdim etdim. Sənədi qeydiyyata alıb məni göndərdi 110-cu otaqda oturan Dövlət Yol Polisində əvvəllər işləyən Nadir Həsənovun oğlu, polis kapitanı İftixar Həsənovun yanına. Qapının ağzında toplanan izdihamdan sonra bir təhər içəri girə bildik, sənədləri təqdim elədik. Bizə bildirdilər ki, arayış səhv yazılıb, “gərək arayışda maşın tapıldıqdan sonra sənədlərin içində olmadığı qeyd olunaydı”. Yəni, bir polis işçisi demək istəyir ki, istintaqı aparan digər polis işçisi arayış yaza bilmir, yanında oturan mülkü geyimli əməkdaş da təsdiq edir. Əlbəttə mənə aydın olmadı ki, maşının oğurlandığı qeyd olunan arayışda daha nələr yazılmalıdır? Zatən mənə avtomobilin texniki pasportunun arxiv sənədini verən adam maşının oğurlandığını bilir və bununla bağlı məni sorğu-suala tutub. Uzatmadım, bir də gəldim Nəsimi Rayonu Polis İdarəsinə. Sağ olsunlar, gülərək və bunun qanunsuz tələb olduğunu bildirərək arayışı verdilər. Bu gün yenə növbəti arayışla Baş Dövlət Yol Polis İdarəsinə yollandım, arayış yenə qeydiyyata alındı, yenə yollandıq İftixar Həsənovun yanına. Bu dəfə isə mənə dedilər ki, “maşın hanı?”. Yəni mən maşını gətirməyin lazım olduğunu falıma baxıb bilməliymişəm. Mənə maşının texniki baxışdan keçirilməli olduğunu bildirdilər. Bunun da hikmətini başa düşmədim. Sonra yollandım 107-ci otağa. Otağın qarşısındakı sıranın fotosunu təqdim etmişəm, baxın.
Görün, Baş Dövlət Yol Polis İdarəsində nələr baş verir?!

Baxın, görün sırada dayanan vətəndaşların başlarına nə oyunlar gətirilir? Gözləyib texniki göstəricilərin yoxlanılması, axtarışı üzrə baş inspektor Hüseynovun yanına girdim. Dedi mütləq maşın gətirilməlidir. Yaxşı, maşın gətirilməlidirsə bunu əvvəlcədən niyə demirlər?
Oturmusunuz kondisionerli otaqda millətin başına nə oyun açırsınız?

Oğurlanan maşının güya rəngini dəyişə bilərmişəm, VAZ 2107 motorunu götürüb, Ferrari motoru qoya bilərmişəm və s. Necədir? Bu nə rəzalətdir? Harda görülüb ki, oğurlanan maşının sahibi zərərçəkmiş şəxs öz maşınının rəngini dəyişsin?
İkincisi: bu texniki pasport mənə verilibsə, maşının rəngini dəyişsəm addım başına dayanan yol polisi bunu müəyyən edə bilməyəcək? Bunun məsuliyyətini mən daşıyıram, bunun fərqindəyəm.
Hələ bilmirəm bundan sonra hansı rəzalətlər məni gözləyəcək? Kimdən nə məlumat soruşursan deyir “qarşı binaya get”, qarşı binadan deyirlər “o biri binaya get”. İşləmək istəmirsiniz istefa verin. Oturmusunuz kondisionerli otaqda millətin başına nə oyun açırsınız?
Getdim mərkəzi binaya. Aşağıda dayanan polis serjantına hadisəni danışıb, məsul şəxslərdən biri ilə görüşmək istədiyimi dedim. Nə desələr yaxşıdı? – “İndi rəislər, polkovnik-leytenantlar, polkovniklər iş başındadılar hamı məşğuldur. Bunun üçün qəbul günləri var”. Bəs bu qanunsuzluqların, bu vətəndaş saymazlığının qarşısını kim alacaq? Yuxarı komandanlıq nə üçündür? Kim bu rüşvət bürokratiyasına “dur” deyəcək?
Bütün vətəndaşlara deyirəm: “Qanunsuzluqla qarşılaşanda müraciət edin, işıqlandıraq!”
Texniki pasportdan vaz keçib, yollandım sürücülük vəsiqəsinin verildiyi yerə. Ordan yenə məni qarşı binaya göndərirdilər. Dedim “ordan gəlirəm, ordan sürücülük vəsiqəsi almırlar”. Bir şey başa düşdünüz Daxili İşlər Orqanlarının hörmətli rəhbərliyi?
Sonra gəldim ərizə yazıb verirdim ki, bu dəfə də mənə dedilər ki, Nəsimi Rayon Polis İdarəsinin dövlət yol polisində möhür vurulmalıdır. Niyə? Hardadır məntiq?
Mən Respublika Dövlət Yol Polisinə gəlmişəm – bütün sənədlərin arxivdə olduğu ünvana. Niyə məni yenə Nəsimi Rayonu DYP-ə göndərməlidirlər?
Rüşvətin yolu vətəndaş süründürməçiliyidir? Yazacam bütün gerçəkləri.
Bütün vətəndaşlara deyirəm: qanunsuzluqla qarşılaşanda müraciət edin, işıqlandıraq. Daş dövründən qalma Baş Dövlət Yol Polisinin islahata ehtiyacı var! Bu rəzalətə son qoymaq lazımdır.
Mən artıq günlərdir dözürəm, sənədimi almaq istəyirəm. Sənədsiz maşını necə sürüb gəlim Baş Dövlət Yol İdarəsinə? Biri mənə cavab versin.
Beləliklə, Baş Dövlət Yol Polis İdarəsinin rəisi general Ramiz Zeynalova Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova müraciət edəcəm. Mənim bu bürokratik strukturda sənədlərimi almağa gücüm çatmadı. Bəlkə onların gücü çatar…
Prezident göstəriş verdi, ASAN xidməti yarandı. Gedirsən bir neçə dəqiqəyə bütün sənəd problemin həll edilir. Yol Polisi bu dövlətdən ayrı bir qurumdur məncə. İnanmırsınız? – Gəlin, baxın.
Bir şey daha əlavə edəcəm: Siz heç özü özünü otaqda kilidləyən xidmət rəisi görmüsünüz? – Mən gördüm. Harda? – Baş Dövlət Yol Polis İdarəsində. Deməli, köməkçisinə deyir ki, “çıx çöldən qapını bağla de ki, mən yoxam”.
Siz heç, qapısının dəstəklərini qırdıran xidmət rəisləri görmüsünüz? – Mən gördüm. Harda? – Baş Dövlət Yol Polis İdarəsində. Deməli bütün dəstəkləri qırıblar ki, vətəndaş qapını açıb birdən içəri girər, ola bilər nəsə görər. Ona görə özləri qapını açmayana qədər içəri girmək mümkün deyil.
Rəzalətdimi? Birabırçılıqdır!”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button