Bayrağımızın dördüncü rəngi…

Ya göründüyün kimi ol, ya olduğun kimi görün!..

Mir Şahin
ANS-in vitse-prezidenti

Müraciət

Qoy bizim hər birimizi dövlətin kərpici, daşı yerinə hörsünlər, təki Azərbaycanın divarları etibarlı olsun!

Bir zamanlar düşünürdük ki, ölkəmizin neft strategiyası uğurlu olarsa, dövlətimiz qüdrətlənəcək və bununla da bütün məsələlər həll olunacaq. Necə deyərlər, müstəqil olandan, zəngin bir ölkəyə çevriləndən sonra xalqımızın istirahət mövsümü başlayacaq. Amma həyat əksini göstərdi. Azərbaycan varlandı və onda anladıq ki, heç demə kasıb, zəif Tacikistanlar heç kimə lazım deyil. Müstəqilliyi qazanmaq yolun yalnız başlanğıcıdır və adətən Azərbaycan kimi “yağlı tikə”yə göz dikirlər. Bax elə buna görə də, bu gün Azərbaycan hər tərəfdən basqılara məruz qalır. Hərbi müdaxiləyə, propaqanda, dezinformasiya axınlarına, daxili pozuculuğa hesablanmış təxribatlara…

Başa düşdük ki, müstəqillik uğrunda mübarizəmiz hələ indi başlayır. Biz böyük çətinliklərdən keçmişik. Soyuğa da, susuzluğa da, aclığa da dözmüşük. Şəhid qanı ilə dövlət ağacı suvarmışıq. Mümkün əyər-əskiklərə baxmayaraq, etiraf etməliyik ki, Azərbaycan 15-20 il əvvəlki Respublika deyil. Bu dövlətin əsaslı təmiri gedir. Kosmetik yox, fundamental, əsaslı təmiri. Yeni infrastruktur yaradılır. Məncə, bu həm də tez-tez verilən “gələcək nəsillərə nə verəcəyik” sualının cavabıdır. Bax elə gələcək nəsillərə də bunlar qalacaq: Dövlətin yaratdıqları.

Hə, dünya ədalətli deyil…

Bunu biz azərbaycanlılardan yaxşı kim bilə bilər ki? Bu gün hər kəsə aydındır ki, dünyanın yenidən bölüşdürülməsi prosesi gedir və bu yeni geosiyasi atlasda bizim yerimizi hər bir imkanlı dövlət əlaltında görmək istəyir. Bizi də əlaltına çevirmək istəyirlər. Bu gün Azərbaycanın müstəqilliyi ən müxtəlif məzmunlarda sınaqlara məruz qalır. Bunu kimsə siyasi, kimsə hərbi, kimsə dini yolla edir. Son vaxtlar bu basqılar daha da artıb. Sözün əsl mənasında, müstəqil olduğuna görə Azərbaycanı əsl şantaja məruz qoyurlar. Millətimizi, dövlətimizi ən iyrənc üsullarla təhqir edirlər. Sanki bizi ona görə nəyəsə təhrik etməyə çalışırlar ki, sonra cəzalandırmağa bəhanələri olsun.

Bu gün Azərbaycan müstəqildir. Amma hələ tam suveren deyil. Bu ölkənin qanunları ərazilərimizin 20 faizinə işləmir. Bax elə buna görə də, gərək ayıq olaq. Ayıq olaq ki, siyasi, iqtisadi, dini, demokratiya zəminində təhlükəli çatlar baş verməsin. Bu gün hicabla məktəbə buraxılmamasının acığını dövlətdən çıxmağa çalışan sadədil dindardan tutmuş, Nardaranda elektrik sayğacları qoyulmasına etiraz edən adi nardaranlıya, səsinin düzgün sayılmadığını iddia edərək hər an hakimiyyətlə dava açmağa hazır olan hər bir vətəndaşadək, hamı öz hərəkətiylə nə boyda məsuliyyətin altına girməyə risk etdiyini düşünməlidir. Necə deyərlər, dövlətin müstəqilliyi bir sayğacın düyməsindən qısa qapanmaya uğraya da bilər, şəffaf qutu çatından sına da. Dövlətimizi bu çatların birləşib çevrildiyi dibsiz yarğana salmaq təhlükəsindən qorxaq. Xaliq göstərməsin. Xalq göstərməsin…

Biz bir ola bilirik…

Qarabağ məsələsi bizi elə formalaşdırıb ki, millət olaraq ən mühüm hədəflərdə 100 faiz birləşə bilirik. Məsələn, bu gün Azərbaycanda ən satqın adam belə Qarabağı ermənilərə vermək fikrini qəbul etmir.

Meydan hərəkatında hamımıza yaxşı tanış olan bir şüar var idi: “Şayiələrə uymayın!” O zaman şayiələrə uymadıq və nəticədə Sovet imperiyası kimi bir devi devirdik. Onda bizim hər hansı şayiədən peyvəndimiz var idi. İndi isə Azərbaycana kənardan daxil olan şayiələr daha mütəşəkkil, daha hesablanmış, daha uzaqvurandır. Bu şayiələr Milli dəyərlərimizə yönəlib, adət-ənənələrimizi nişan alıb. Ən yüksək dəyərlərimizi gözdən salmaq istəyirlər. Məqsəd hər tərəfdən bizi sındırmaqdır. Hər vəchlə ölkəmizdə vəziyyətə nəzarəti ələ keçirməkdir. Onların nəzarəti ələ keçirməsi isə bizim müstəqilliyi itirməyimizdir.

Peyvəndiniz varmı?

Çox vaxt biz belə bir bölgünün, qarşıqoymanın şahidi oluruq. İki düşərgə: vətənpərvərlik, yoxsa demokratiya? Zidd qütblər kimi qoyulan bu dəyərlər bir-birini əslində inkar etmir. Əslində vətənpərvərlik bir üsuldur. Əsas məqsədə çatmaq üçün bir üsul. Vətənpərvərliyi demokratiyaya qarşı qoyanlar əvvəlcə gərək çox mühüm bir suala cavab tapsınlar?!: Mən hansı dövlətdə yaşamaq istəyirəm? Müstəqil, yoxsa asılı? Hansı müstəqillik daha mühümdür? Dövlətin, yoxsa vətəndaşın müstəqilliyi? Və hər kəs bü sualın cavabını öz vicdanından almalıdır. Axı ola bilməz ki, hansısa müstəqil insan toplusu olsun, amma dövlət müstəqil olmasın. Daha doğrusu, dövlət müstəqil olmazsa, onun hansısa insan toplusu müstəqil ola bilməz.

Biz bu gün Azərbaycan uğrunda şəhid olmağı qəbul ediriksə, deməli, dövləti, onun müstəqilliyini özümüzdən üstün tuturuq. Allah bizə belə bir tarixi şans veribsə, bunu niyə qiymətləndirməyək?! Şəxsən mən dövləti seçirəm!

Mən yaxşı anlayıram ki, hansısa məqamlarda mənim şəxsi azadlığım məhdudlaşarsa, buna görə dövlətdən küsməməliyəm. Biz hamıya can deyib, can eşidirik. Amma bizim də məramımız var. Biz heç kəsdən artıq deyilik. Amma eyni zamanda heç kəsdən də əskik deyilik. Budur bizim vətəndaş kodeksimiz. Bu kimlərinsə xoşuna gəlməsə də, belədir.

Ölkə kənardan idarə olunmamalıdır…

Bunu deyirəm və düşünürəm ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində mən belə sözlər deməyi ağlıma belə gətirməzdim. Hamının bildiyi və inandığı bir həqiqəti niyə deməliydim? Elə bilərdilər ki, başıma hava gəlib. Amma bu gün deyirəm. Çünki deyəsən, biz müstəqilliyimizin hansı əzablar bahasına başa gəldiyini unutmuşuq. Ən qiymətli sərvətimizə – müstəqilliymizə laqeyd olmuşuq. Elə bilirik ki, həmişə belə olub. Müstəqil olmuşuq, öz əlimiz, öz başımız olub. Yox! Elə deyil və əgər kiməsə hələ də elə gəlirsə ki, müstəqilliyə biz təsadüf nəticəsində nail olmuşuq, kökündən yanılır. Bəs Bakının girişində, Şamaxıda, Neftçalada, Lənkəranda qan töküb ad çıxaran, Qarabağ uğrunda canını qoymuş insanlarımız? Bu boyda Şəhidlər Xiyabanı? Elə bil hər şeyi unutmuşuq. Azərbaycanın müstəqilliyinin cəmi 20 yaşı var. Hələ gicgahı yumşaqdır. Bu gün dövlətə kömək vaxtıdır. Biz əvvəllər elə bilirdik ki, müstəqillik birdəfəlik prosesdir. Qazandın bitdi.

Konstitusiya aktına düzəliş qəbul etdik və elə bildik ki, müstəqilik. Sonra gördük yox, belə deyil…

Referendum keçirdik. Elə bildik ki, müstəqil olduq.

Sonra özümüzə prezident seçdik.

Amma bu da hələ müstəqil olub qurtarmaq deyildi.

Sonra Rusiya qoşunları Azərbaycandan çıxdı. Amma bu da o deyildi.

Milli valyuta buraxdıq. Amma müstəqil olub qurtara bilmədik.

Konstitusiya qəbul etdik. Yox. Bu da müstəqilliymizin təsdiqi deyildi. Bir sözlə, bütün bu addımlar sübut etdi ki, müstəqil olub qurtarmaq olmur, müstəqilliyi həmişə başlamaq olmur. Tarix göstərdi ki, müstəqilləşmə prosesi həmişə davam edir və edəcək. Və onu həmişə qorumaq lazımdır. Çünki nə qədər ki, Azərbaycan var, mütləq kimsə ona göz dikəcək, onun sərvətlərini əlindən almağa amadə olacaq. Heç bir dövlət Azərbaycanı güclü və qüdrətdi görmək istəməyəcək. İran da, Rusiya da, Qərb də, Birləşmiş Ştatlar da… Hamı istəyir ki, Azərbaycan postsovet respublikası olaraq qalsın. Zəif, zavallı, asılı. Onda biz asılı olacağıq. Hansı dövlət bizi bunun belə olmadığına inandırmaq istəyirsə, aldadır. Barı biz özümüzü aldatmayaq.

Biz heç vaxt dövlət müstəqilliyimizi qorumaqdan istirahət günü götürə bilməyəcəyik. Unutmayaq ki, Vətən yaşanan yox, qorunula bilən qədərdir. Və hər bir kəs öz yerində bu müstəqilliyi qorumalıdır. Əslində biz heç vaxt sakit yaşamamışıq da. Qarabağ problemini bir qara yara kimi içimizə salıblar və bu yara müstəqilliyimizi ağrıdır, incidir…. “WikiLeaks” saytının nəyi doğru, nəyi yalan yazdığını araşdırmaq indi məqsədim deyil. Amma bir fakt aydındır: Burada yazılanlar Azərbaycanın müstəqilliyini güzəştə getməməsinin, Qarabağ siyasətində prinsipiallığının cavabıdır. Bizi bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətə görə cəzalandırımağa çalışırlar. Əlbəttə. Bəs nə bilmişdik?

Müstəqillik bahalı həzzdir!

Bizə nə ATƏT, nə BMT kömək edəcək. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Dindarlı, seçicili, namizədli və sair hamımız bir düşərgədəyik.

Bizim zəif olmaq haqqımız yoxdur. Heç birimiz istəmərik ki, Ermənistanın gününə düşək. O Ermənistan ki, işğal etdiyi ərazilərdən kökəlmədi, yalnız şişə bildi və bu gün də həmin o bədxassəli şişdən əziyyət çəkir. Hansı vətəndaş belə bir ölkə arzulayar ki, onun taleyi barədə qərarların qəbulu zamanı özündən başqa hamı azaddır.

Biz isə müstəqilik. Amma elə də düşünməməliyik ki, madam başımızı aşağı salıb öz işimizi görürük deməli, bizlə heç kimin işi olmayacaq. Yox, bu belə deyil. Mütləq bu kimisə narahat edəcək. Kimsə mütləq öz maraqlarını yeritmək üçün içimizə soxulmaq, bizi parçalamaq və nəzarəti altına almaq istəyəcək…

Biz bu gün Azərbaycan üçün sıravi şəxs olmağı bacarmalıyıq. Məsələn, şəxsən məni sıradan biri olmaq qorxutmur. Qoy bizim hər birimizi dövlətin kərpici, daşı yerinə hörsünlər, təki Azərbaycanın divarları etibarlı olsun.

Bacılar və qardaşlar! Analar və atalar! Bu gün Azərbaycanın taleyində həlledici vaxtdır. Dövlətimizin taleyi hər birimizin əlindədir. Ehtiyatlı olaq: salıb sındırmayaq. Heyfdir. Bu dövlət, bu himn, bu bayraq heyfdir. Biz bu bayraqda həmişə üç rəng görmüşük. Gəlin, indi bu atributumuzdakı dördüncü rəngi də görməyi bacaraq. Gözlə görünməsə də. Mən Sarı işıqdan, Sarı rəngdən danışmaq istəyirəm. Xəbərdarlıq, ehtiyat və ayıqlıq rəngi kimi.

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button