Bayraqdarlar Şəhidlərin ata yurdlarına yürüş etdilər

Elman Türkoğlu və bir silahdaşı Şəhid ailələrinə bayraq və plakatlar hədiyyə ediblər…

Qəzetimizin ötən saylarında Azərbaycan bayraqdarlarının baş komandanı Elman Türkoğlu və bir bayraqdar silahdaşının Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun və Şəhid Fərid Əhmədovun torpağa tapşırıldıqları günün 7 mərasimi münasibətilə Biləsuvara və Cəlilabada etdikləri yürüş haqqında məlumat vermişdik.

Elman Türkoğlu və silahdaşı İlham Rəsulzadənin Şəhidlərimiz Mübariz İbrahimovun və Fərid Əhmədovun məzarlarının üzərindən onların ata yurdlarına başladıqları «Bayraqdarlar yürüşü» noyabrın 13-də tamamlanıb. Elman Türkoğlunun və İlham Rəsulzadənin İkinci Fəxri Xiyabandan başladıqları yürüş əvvəlcə Biləsuvar rayonunda Mübariz İbrahimovun, sonra isə də Cəlilabad rayonunda Fərid Əhmədovun ata yurdlarında başa çatıb. Mübariz İbrahimovun ata yurduna noyabrın 13-də səhər saatlarında, Fərid Əhmədovgilə isə axşam saat 18.00 radələrində yetişən Bayraqdarlar cəmi 2 gün 2 gecə yol gediblər. Gecə-gündüz yatmayan Elman Türkoğlu və silahdaşı sadəcə Salyan rayonunda bir cəbhəçinin evində 2 saat dincəliblər.

Elman Türkoğludan aldığımız məlumata görə, onlara yol boyu xüsusi təzyiq və təsir olmayıb. Sadəcə polislər Ələtdən qrupu geri qaytarıblar və buna səbəb də prezident İlham Əliyevin rayonlardan birinə etdiyi səyahət olub. Əllərində bayraq və Mübarizlə Fəridin şəkillərindən ibarət plakat olan qrup, prezident keçəndən sonra yollarına davam ediblər və Azərbaycan boyu hörmət və ehtiramla qarşılaşıblar.

Elman Türkoğlu və bayraqdar silahdaşı Mübariz İbrahimovun və Fərid Əhmədovun ailələrinə Azərbaycan bayrağı və Şəhid övladlarının fotolarının əks olunduğu plakatlar hədiyyə ediblər.

Elman Türkoğlunun dediyinə görə, Azərbaycan bayraqdarları yeni bir ənənənin əsasını qoyurlar. Bundan sonra Şəhid qəhrəmanlarımız Azərbaycan Bayraqdarlarının yürüşləri ilə xatırlanacaqlar və Elman Türkoğlu yaxın zamanlarda bütün Azərbaycanı payi-piyada gəzmək – bayraqla yürüş etmək niyyətindədir. Elman Türkoğlu Mübariz İbrahimovun və Fərid Əhmədovun 40 mərasimində də «Bayraq yürüşü» edəcəklərini bildirdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button