BDM Xocalı qətliamını Çexiyaya daşıdı

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Milli QHT Forumunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Çexiya Respublikasının Brno şəhəri Massarik Universitetinin rəhbərliyi, professor, müəllim və tələbə heyəti ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində toplantı keçirilib. Brno Texnoloji Universitetinin professoru, cənab Oldric Saşinka Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunmuş toplantını açıq elan edərək tədbirdə iştirak edən qonaqları, BDM-in sədri İsmayıl Ağayevi, BDM-in sədr müavini, professor Vaqif Arzumanlını, MQF prezidenti Rauf Zeynini, millət vəkili, Milli Məclisin Çex-Azərbaycan dostluq qrupunun rəhbəri Gülər Əhmədovanı, BDM-in Avropa üzrə nümayəndəsi, professor Azər Kərimovu təqdim edib. Sonra professor Oldric XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının tarixi, mahiyyəti, erməni vandalizmi və torpaqlarımızın işğal edilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Daha sonra Xocalı Soyqırımı haqqında ingilis dilində sənədli film nümayiş etdirilib. Brno Texnoloji Universitetinin professoru cənab İvan Meznik yuxarıda qeyd olunanlar haqqında ədalətli mövqeyini bildirərək, BDM-in dəvəti ilə Azərbaycana etdiyi səfər və burada aldığı təəssüratlarla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, Azərbaycanın haqlı olduğunu xüsusi vurğulayaraq, haqq və ədalətin öz yerini tapması üçün əlindən gələn dəstəyi edəcəyini bildirib. Massarik Universitetinin professoru cənab Frantiçek Çapka da çıxışında Xocalı soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı bildiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Günün ikinci yarısında ”Xocalıya Ədalət” kampaniyası çərçivəsində növbəti tədbir Brno Texnoloji Universitetində keçirilib. Burada da Azərbaycandan gedən nümayəndə heyəti universitetin professor, müəllim və tələbə heyəti qarşısında çıxışlar etmiş, Xocalıya həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti ”Xocalıya Ədalət” kampaniyası çərçivəsində 25 fevralda Praqa şəhərində və 26 fevralda Vyana şəhərində keçiriləcək tədbirlərdə iştirak ediblər.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button