Beyrəyin məmləkəti

beydek

Bu yazı “Xural” qəzetinin 034 (097) 29 avqust-4 sentyabr 2004-cü il sayında dərc olunub. O zaman Beyrək Zeynallı 1-ci sinifə qədəm qoyurdu və bu yazı həm də Əvəz Zeynallının kiçik qardaşına təbrik yazısıdır. Artıq Beyrək 11-ci sinifi başa vurmaq üzrədir və ali məktəbin imtahanlarına hazırlaşır. Bu gün isə onun ad günüdür. İllər sonra çox hadisələr baş verdi, nazirlər dəyişdi, Əvəz Zeynallının bir vaxtlar köşə olaraq yazdığı bu məqalədə toxunduğu problemlər isə heç dəyişmədi. Yenə də hər şey olduğu kimi, öz axarında davam etdi. Məqalənin aktuallığını nəzərə alaraq, XuralTAC bir daha onu yayımlamaq qərarına gəldi.  

Bu təhsil sistemi balalarımızı böyük edə bilməz!

 Bu ilin Misir Mərdanovunun nazirliyində, bərbad və xaraba təhsil sisteminin hakim olduğu ölkəmizdə 1-ci sinfə qədəm qoyan bütün Azərbaycan balalarına ithaf edirəm.

 …1998-ci ilin sərin may günlərindən birində – düz ayın 19-da, axşam saatlarında Ankarada bir telefon zəngi aldım: Qardaşımın oğlu olmuşdu. Adını soruşdular. Mən ad verməli idim.

Heç düşünmədən illər əvvəldən fikirləşdiyim, xəyalını qurduğum, gözlədiyim bu xəbərin cavabını dərhal verdim: Beyrək! Öz payıma sevinir, sevincimdən uçur, özümə yer tapa bilmirdim. Arzularım, istəklərim göyərmişdi. Mənə elə gəlirdi ki, artıq mənim birbaşa məşğul olacağım və ömür boyunca davam edəcək bir işim var:

Beyrəyi yaxşı yetişdirmək!

Və hesab edirdim ki, ilk mərhələni keçmişəm. Ona gözəl və möhtəşəm bir ad verməklə.

 Haşiyə:

Uzun zamandan bəridir ki, məmləkətimizdə bəzi şəxs adları üzərində araşdırma aparırdım. Hirsimdən gözlərim kəlləmə çıxırdı. Bu ölkədə daha nə adını daşıyan insanlar yoxdur ki: Motor, Mühərrik, Nyuton, Dilənçi, Sovet, ABŞ, Kommuna və s. və i. Elə o zamandan bu qənaətə gəlmişdim ki, millət həm də övladlarının daşıdığı adlarla millət olur. Bu, bambaşqa bir araşdırma və fikir yazısının mövzusu olduğu üçün yəqin yaxın zamanlarda bu mövzuya qayıdacağam. Mənim dəftərimdə heç bir kitaba sığmayan və tələffüz olunması belə problem olan 250-dən çox əndrəbadi şəxs adı var!

 …Bir neçə həftə öncə xəbər tutanda ki, Beyrək artıq məktəbə gedir, quruyub qaldım. Ötən bazar da çox-çox əvvəllərdən planlaşdırılan və mənim təklifimlə bazar gününə təyin olunan tədbirə “Xural”ın gərgin iş rejiminin arasından sıyrılıb qatılanda və Beyrəklə qarşılaşıb, onun qarşısında hesabat verəndə xeyli sarsıldım. Mən illər əvvəl, konkret 6 il bundan öncə Beyrəyin dünyaya gəldiyini eşidib, onun adını qoyanda elə həvəs və inadla çox yaxın illərdə Azərbaycanda hər şeyin yerbəyer olacağını deyirdim ki, elə bil bu dövlətin bütün inkişaf mexanizmləri mənim əlimdə idi. Aman Allah! Aradan 6 il keçmiş, Beyrəyin təhsilə başladığı ölkədə onun normal oxuması üçün heç bir şərait yaradılmamışdı. Deməli, böyük və ağır bir problem hamımızın önündə var:

 Bu övladları layiqincə oxutmaq və yetişdirmək!

…Son illərin baş-beynimi ən çox məşğul edən problemi təhsil problemidir. Bu ölkənin orta məktəb proqramı o qədər bərbad, təhsil sistemi o qədər xaraba, tərtib olunan dərsliklər o qədər natamamdır ki, Azərbaycanın gələcəyinə bilərək və istəyərək savadsız və qabiliyyətsiz irimiqyaslı nəsillər hazırlamaqla məşğuluq. Və mənim ödüm ağzımdan gələcək qədər narahatlıqla müşahidə etdiyim bir nəsnə var: Biz bu ölkənin Qarabağ məsələsini çox rahatlıqla və sürətlə həll edə bilərik və mütləq həll edəcəyik nə zamansa! Amma bu günün bədbəxt etdiyi, müəllimindən direktoruna, süpürgəçisindən dərs hissə müdirinə, nazirindən qapıçısına qədər zibilin, bataqlığın içərisinə girmiş orta məktəblərin, sonra da ali məktəblərin yetişdirdiyi rüşvətlə diplom alan cahillər ordusu ilə nə edəcəyik? Sual budur! Və bu sual artıq ömrümüzün mənasına çevrilib!

…Biz bu ölkənin təhsil sistemi ilə böyük vətəndaşlar yetişdirə bilmirik. Hələ indiki zamanda bu, heç mümkün deyil. Hər addımbaşı şagirdi və onun valideynini həyatından bezdirən, hər gün onun dərisini soyub, əsəbləri ilə oynayan bir sistemdən nə qədər böyük və dünya çapında incilər gözləməlisən. Bu ölkənin və bu təhsil sisteminin müəllimləri ad günlərindən, oğul-uşaqlarının toy mərasimlərinin xərclərinə, maarif müdirlərinin məşuqələrindən, nazirlərinin arvadlarının saçlarının “priçoska”sına qədər şagirdlərdən yığdıqları pulun hesabına edirsə, bu ölkənin şagirdləri dirinin cib xərcliyini, ölünün ehsanını ailə büdcəsindən ödəyirsə, oxuduğu məktəbi onu oxutmalı və yetişdirməli olan dövlət yox, özü təmin edirsə, Allahın qış mövsümündə yandırılmalı olan odunlarına belə məktəb direktorlarının tamahı düşürsə və basıb o odunları, kömürləri belə yeyirsə, Misir Mərdənovun özünəfsli müəllimləri Azərbaycanın gələcəyini qətl edirsə – bu ölkənin təhsil sistemindən nə gözləyib, nəyə ümid edəsən?

Bu təhsil sisteminin müəllimləri bilərəkdən uşaqlara dərs keçmirlər. Ona görə ki, onların marağındadır uşaqların məktəbdə oxumaması. Uşaqlar savadsızlaşdıqca, məktəbdə oxumaq həvəsləri öldükcə, bu təhsil sisteminin müəllimlərinin işləri yağ kimi gedəcək. Onlar daha bahalı və konfort şərtlərdə evlərə gələcək və evlərdə uşaqları “oxudacaqlar”. Ya da hərəsi vəzifə borclarını yerinə yetirməyib, öz kurslarını açacaq, özlərinin tələbələrini hazırlayacaqlar.

Bu təhsil sisteminin içi boşdur. Şagirdin gözlərinin qarşısında ölən və ac qalan müəllim hər cür çirkin yollara baş vurursa, dinini-imanını danırsa, yetişən uşaqdan nə gələcək gözləməlisən ki? Heç bir milli dəyər aşılamayan, məktəb partalarını belə siyasiləşdirən, uşaqlarımızın yetişdirilməsi üçün xüsusi, heç bir ciddi layihə həyata keçirməyən bir sistemdə nə olacaq bizim halımız?

Bütün telekanalların ailə-məişət nizamının pozulmasına xidmət edirsə, yad mədəniyyətinin teleserialları oğullarımıza tənbəllik və “matışka”lıq, qızlarımıza ərinə, sevgilisinə xəyanət etməyin sirrlərini öyrədirsə, nə tədbir görüb, nə məsləhət biləsən?

Bu təhsil sistemində övladlarımızın böyük dünyanın eniş-yoxuşlarına, böyük tariximizin ağır yaralarını, əhəmiyyətli və lazımlı dilləri öyrənə bilmək imkanları sıfırdır. Hər şey qalır ya uşağın öhdəsində, ya da valideynin boynunda. Bu həngamədən çıxacaq övladlar mində birdir. Valideyin məsələsinə gəlincə… Hansı valideyinin imkanları nəyə çatırsa, onu edir, çatmırsa etmir. Bəlkə də qapısında dünyanın ən böyük vətəndaşı elə o hisin-pasın içindəcə şüurlu ömrünü Allaha və Misir Mərdanovun “xəyanət kadrosu”na “tapşırır”.

…Mən Beyrək üçün çox şeylər etməyi planlaşdırırdım. Xüsusi əsərlərin oxunmasından tutmuş, xüsusi sistemlərin öyrədilməsinə qədər. Böyük və ciddi əsərləri də tərcümə edib, dilimizə çevirmək istəyi də oradan yaranmışdı. Dünyanı tanıdıqca əsəbləşir, tanıdıqlarıma nifrət edirdim. Məni niyə istiqamətləndirməmişdilər? Niyə əlimdən tutub nəyisə etməyə, oxumağa həvəsləndirməmişdilər?

Böyüyüb ağıllanandan sonra nifrət etdiklərimi qınamadım. Çünki bu zavallıların özləri də heç nə bilmirmiş. Böyük bir ölkəni bədbəxt gündə saxlayıb yetişdirirmiş Sovet İmperiyası. Nədən ki, bu ölkəyə gələn və böyük işlər görənlərin təxminən hamısı xaricdən gəlirdi. Deməli, bu ölkənin vətəndaşlarını xüsusui proqramla gələcəyə hazırlamaq planlarından tarixən məhrum olmuşuq. Ona görə də Azərbaycana BÖYÜK olaraq gələnlər həmişə yad ölkələrdən və əcnəbi təhsildən gəliblər.

Nə qədər böyük faciə!

Bu səbəbləri anladıqca, dəhşət məni bürüyür, ölür… ölürdüm. İndi də fərqli vəziyyətdə deyiləm, amma Beyrəyin hələ çox şeyi ayırd etməyən, eyni zamanda yaşından çox irəli gedən düşüncəli halı məni sıxdı. Sıxıla-sıxıla hiss etdim ki, çox az qalıb bu gün mənim etdiyimi mənə qarşı edəcək nəslin meydana çıxmasına. Bu gün mən necə bizi idarə etmək iddiasında olanların gözlərini deşirəm, az sonra da mənim gözlərimi deşəcəklər. Məsuliyyətin Domokl qılıncı sanki boynumun ardından endi…

…Çadırlarda doğulan və yaşayan gənclər zaman gələcək ki, Azərbaycan siyasətinin başbilənlərini Bakının ortasındaca paça-parça edəcəklər. Onlar qəzəbli və sərt böyüyürlər. Onu hər an ənsəmdə hiss edirəm. Onu da hiss edirəm ki, Beyrək və onun nəsli bir zaman – eynilə bir zaman mən etdiyim kimi – heç kimin yox, MƏNim üstümə gələcəklər. Ona görə narahatam. Ona görə özümə yer tapa bilmədim Beyrəyin məclisində.

Mən onun hansı ədəbiyyatı necə oxumasından da məsulam. Gələcəkdə yetişəcək Beyrəyin bir günü ən azı Əvəz Zeynallının 35 illik ömrünə bərabər olmalıdır. Yerişi necə olacaq, duruşuna nə deməli, hansı tip qızı sevməli, hansı tip sevgi ədəbiyyatını mənimsəməli… Beyrək hansı şairi su kimi içməli,hansı yazıçının əsərlərini yuxularında da əzbər danışmalıdır. Yeməyi-içməyi necə olmalı, hansı müddətə ölkəsini qarış-qarış gəzməlidir. Dünyanın dahilərini necə kateqoriyalaşdırmalı, hansını onun öz dilində anlamalı, düşünməli, öyrənməlidir.

…Mən bu cür arzulayır, bu cür gələcək qurulacağına inanırdım. İndi də inanıram. Əvvəlkindən bir az daha çox və inadlı. Amma bunu Beyrəklə və onun nəsli iə bir yerdə etmək şərti ilə.

Haşiyə:

Ankaradan növbəti gəlişlərimin biri idi. Hər zaman olduğu kimi ən müxtəlif suallar soruşur, məndən fikir istəyirdilər. Bir dəfə xalam “bu Qarabağ məsələsi nə zaman həll olunacaq” deyə soruşdu. 2-3 yaşında olan iki ekiz oğlanlarını qəsd edərək “o məsələni ekizlər həll edəcək” dedim. Gözləri kəlləsinə çıxmış, məndən bir az da incimiş, belə ciddi zarafatları bağışlamadığını büruzə vermişdi. Bu gün ekizlər ali məktəb tələbələridir.

  …Hə, Bamsı Beyrək! Bütün bu problemlər məni didərkən, gələcəyindən duyduğum narahatçılığı dilə gətirərkən, artıq sənin bu günə çatdıra bilmədiyimiz Bizim Azərbaycanımızın qurulmamasından xəcalət hissi keçirərkən, bilirsən mi nə düşünürəm? Düşünürəm ki, bu sırtıq və şartan sistemdə nə edəcəksən? Sən Misir Mrdanov yazığın nazir olduğu bir tədris-təhsil sistemi ilə mənim istədiyim dərəcədə necə yetişəcəksən? Allah eləməsin, ayaqlarımız büdrəsə, bu özünü 500-1000 manatın əsirinə çevirən, adamı 11237 manata körlü – köməcli satan yoğunboyun “dostlar” səni çürütməz mi? Sən bu məmləkəti aşmaq, onun standartlarını ötüb keçmək, millətini ağ günə çıxarmaq istəyərkən, qarşına itələnən qalaq – qalaq daşları görəndə sarsılmayacaqsan ki? Səndən ad günü üçün pul tələb edən, qızının cehizinə əşya almağı istəyən müəlliminə necə dözüb dayanacaqsan? Gözünün qarşısında talan olunan milli sərvətlərin mahiyyətini başa düşdükcə, çatlamayacaqsan ki?

…Bax, məni bütün bu kimi min-milyon sual-mual yığını fikirləşdirir. O mənada bu yırtıcılaşmış cəmiyyətin ortasında tənha qalan Adada oturub artıq başqa şeylər haqqında fikirləşirəm. Fikirləşirəm ki, səninlə birləşib necə mübarizə aparacağam. Necə döyüşəcəyik, savaşacağıq. Həm də indidən, Bamsı Beyrək, indidən! Keçən hər gün, hər an bizdən gedir və həm də sürətlə gedir. İşimiz ağırdır, Dost! Həm oxuyacaq, həm yetişəcək, həm döyüşəcək, həm millətə xidmət edəcəksən! Yaxşı yetişib həyata atılan kimi də Qarabağ məsələsi, tamam mı?

 Qarabağı biz həll edəcəyik!

 Bunlardan Qarabağ alan çıxmaz, bunlar torpaqlarımızın indiki halını bir neçə il də beləcə, de-fakto qorumağı bacarsınlar, böyük iş görmüş olacaqlar. Bu mənada sənə indi başqa vədlərim var…

…1998-ci ilin sərin Ankara axşamına adını verdiyim gündən düz 6 il keçir. Mən elə bilirdim ki, bu 6 ildə çox şeylərin həllinə nail olacağım. Heç olmasa, sənin, məhz sənin taleyin də istədiyim kimi iştirak edəcəyəm. Edə bilmədim. Və bu gün bunun üçün narahat deyiləm. Dediklərimi etmək üçün düz 6 ildir ki, sərasər işləyir, vuruşur, döyüşürəm, Bamsı Beyrək! İndi tamam başqa cür fikirləşirəm.

 Yox, istisnalıq

Yox artıq!

 İndi qismən başqa dəyərlərdən bəhs edirəm. İndi sənə – bol-bol oxumaq, əziyyət, zülüm, iş, çalışma, döyüş, savaş vəd edirəm. Bax, bunları sənə verəcəyəm. Çiyin-çiyinə bu millətin uğrunda döyüşəcəyik. Azərbaycanın bütün balalarının millətimizin gələcəyi üçün sağlam yetişdirilməsi namus, şərəf, ləyaqət məsələmiz olacaq!

Bir addım geri çəkilən namərddir!
…2004-cü ilin avqust ayının 28-dir. Mən 6 ilin hesabatını verdim. İndi 11 il sonranı – 2015-ci ili gözləyəcəyəm. O zamana qədər dediklərimin heç olmasa bir qismini həll etməsəm, hər cür qınaqlarına, tənqidlərinə, lap elə təhqirlərinə hazır olacağam. Sən mənə bu 11 ili son zaman kimi ver!
Sən Bamsı Beyrək, sən Qorqud övladı! Haydı, buynuzlarını itilə! Səni məmləkət uğrunda qoç döyüşünə dəvət edirəm! Qoç döyüşünə qoç dayanar!

beydebeyrek beydek

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button