Birdən yağmadı yağış bitmədi qamış?..

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Nazirlər Kabinetinin müşavirəsi ilə bağlı qeydlər

Dünən Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışları dinlədim. Başlıca məqsədi ölkədə makroiqtisadi durumu dəyərləndirmək olan çıxışlarda yalnız sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilərdən başqa heç bir məlumat səslənmədi. Cari ilin 9 ayının yekunu xarakterizə edən ümumi daxili məhsula (ÜDM) belə istinad olunmadı, onun tənəzzülündən danışılmadı, dollarla ifadə olunan nominal ÜDM-in nədən 2014-cü ildə qeydə alınan 75 milyarddan bu ilin sonuna 35 milyard dollara enməsinin hesabı belə sorulmadı. Qeyri-neft ÜDM-nin sürətlə enişinin fəsadları da dəyərləndirilmədi.
121 min daimi iş yerinin açılması (inandırıcı olmasa da), 36 min iş yerinin bağlanması qeyd olunsa da, nədən hər ay orta hesabla 6 min nəfərin iş yerini itirməsinin səbəbləri də təhlil olunmadı. Hətta rəsmi olaraq ayda 6 min nəfər iş yerini itirirsə, bu, o deməkdir ki, hər ay 25 mindən çox ailə üzvünün dolanışığı pisləşir. Çünki ev təsərrüfatlarının əmək müayinəsi göstərir ki, ailələrinn böyük əksəriyyətində 1 nəfər işləyir. Baxmayaraq ki, bu, hələ rəsmi rəqəmdir, gerçəklikdə qeyri-rəsmi olaraq daha çox iş yerləri bağlanıb və təəssüf ki, onun dinamikası müsbətdir.
Müşavirədə gözləntilərin əskinə olaraq nə baş nazir, nə iqtsiadiyyat, nə maliyyə naziri çıxış edib, hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etmədilər. Görünür, onlar da yaxşi bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir. Hətta Mərkəzi Bankın sədri manatdan da danışmadı ki, investorlar və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Elə bil ki, elə manat belə də olmalıymış və bu anormal iqtisadi proses heç kimi narahat etmir.
Milli iqtisadiyyatla bağlı söhbət əsasən iki mövzuda oldu. Kənd təsərrüfatında ənənəvi təsərrüfatçılıq formalarının bərpası, heyvandarlığın inkişafı və turistlərin ölkəyə cəlbi. Bir sözlə, əsas məsələ ölkəyə valyuta gətirmək və ölkədən valyuta getməsinə yol verməmək. Tapşırıq belə oldu.
Heç kəs demədi ki, bu çıxış yolu deyil və tezliklə bu məqsədlərə nail olmaq mümkün deyil. Ölkənin gələcəyi bilik iqtisadiyyatına keçiddən, innovasiya yönlü məhsul istehsalının təşkilindən, yəni təhsilin, elmin inkişafından və texnologiyaların səmərəli tətbiqindən asılıdır. Deyımədi ki, biz ənənəvi bazarlara yalnız beyin məhsulları ilə çıxa bilərik, amma “beyinlər” ölkəni sürətlə və kütləvi şəkildə tərk edirlər. Axı, onlar gözəl bilirlər ki, kolxoz və sovxoz prinsipi ilə bütün torpaqları ekstensiv yolla əkməklə və mal-qaranın cinsini dəyişməklə iqtsiadiyyatı inkişaf etdirmək olmaz. Bu müasir iqtisadiyyatın inkişaf yolu deyil, ənənəvi təsərrüfatçılığın bərpası ilə biz irəli getməyəcəik, ən yaxşı halda geriyə – ötən əsrin 60-80-ci illərinə qayıdırıq.
Beləliklə də bu müşavirə də yaranmış çoxsaylı suallara cavab vermək əvəzinə, yeni suallar yaratdı və eyni zamanda xalqa mesaj verdi ki, bu gününüzə də şükür edin, Allaha dua edin ki, kəndçiyə dəstək olsun. Çünki birdən yağmadı yağış, bitmədi qamış, bəs onda nə olacaq?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button