Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?

Xural.com xəbər verir ki, Modern.az mövzu ilə bağlı “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla əlaqə saxlayıb. Çünki Azərbaycandakı Həcc rekordçularından biri də odur. Hacə Əbdül bildirib ki, qiymətlərin yüksək olması onun Həcc sevgisini əngəlləyə bilməz:

“Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu az getsən ləzzətini bilməzsən. Adam istəyir ki, ömrü boyu Həcc ziyarətinə getsin. Ora səfər etmək məhəbbət işidir. İnsanın qəlbində mütləq sevgi olmalıdır. Bu il 29-cu dəfə Həccə gedəcəm”.

Bir müddət əvvəl ürəyində problem yarandığı üçün müalicə alan Hacı Əbdül budəfəki ziyarətə tək getməyəcəyini vurğulayıb:

“İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Oğlumun 7 yaşı var. Bu il 3-cü dəfə ziyarətə gedəcək. Oğlum 5 yaşında Hacı olub. Yaşı az olsa da, getməməklə bağlı bir kəlmə də deməyib. Həm də oğlum Həcc ziyarətində mənə kömək edir. Həcc ziyarətinə yollanarkən nəinki pulumu, canımı da verməyə hazıram. Qarşıdan Ramazan ayı gəlir. Səhhətim indi yaxşıdır. İnşallah, bu il oruc tutub namaz qılacam”.

Keçmiş deputat Hacı Qalib Salahzadə də zəvvarlar üçün ayrılan ziyarət paketinin qiymətindən danışıb:

“Həccə getmək müqəddəs səfərdir. Gərək içində sevgi olsun. Heç nə Həcc ziyarətimi həyata keçirməyi əngəlləyə bilməz. Bu il də qismət olsa Həcc ziyarətinə gedəcəm.

Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu, elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Heç vaxt pula görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.

Hacı Qalib Salahzadə bundan əvvəl 28 dəfə Həcc ziyarətində olub. Bu il o, 29-cu dəfə Həccə getməyə hazırlaşır.