Biz qalib gələcəyik!..

Arxada qalan parlament seçkiləri ilə bağlı məhkəmə işləri, müzakirələr bitmir, cəmiyyət beynəlxalq təşkilatların son hesabatlarını gözləyir, iqtidar tez-tələsik seçki məsələsini gündəlikdən çıxarmaqla məşğuldur, müxalifət isə vəziyyətdən çıxış yollarını araşdırır.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) öz adı ilə ilk dəfə olaraq iştirak etdiyi seçkilərdə yetmişdən çox deputatlığa namizədinin otuzu qeydə alınsa da, parlamentdə təmsil oluna bilmədi.

Seçkilərin hakimiyyətin tam nəzarəti altında keçirildiyini, nəticələrin saxtalaşdırıldığını deyən KXCP sərdi mətbuatdakı açıqlamalarında seçki qərargahının üzvlərinin seçkiöncəsi, seçki günü və hətta seçkidən sonra da hakimiyyətin təzyiqləriylə üzləşdiyini deyir. KXCP sədri Mirmahmud Fəttayevin haqlarında danışdığı, polis tərəfindən döyülən, axtarışa məruz qalan seçki komandasının üzvlərindən biri, KXCP Təşkilat Şöbəsindən Cavid Əbildir. M.Fəttayevin Seçki Qərargahının üzvü olaraq seçki günü 42 saylı Sumqayıt ikinci seçki dairəsində Mərkəzi Seçki Komissiyasının müşahidəçisi qismində iştirak etmiş Cavid Əbil müsahibimizdir.

– Cavid bəy, müxalifətin seçkidə uğur qazanmamasının əsas səbəbi nədir?
– Əliyevlər hökumətinin müxalifət üzərində uyquladığı təzyiq, köklü şəkildə planlaşdırılmış saxtakarlıq və böhtan sistemi. Demək olar ki, dövlətin bütün qurumlarını seçkiyə səfərbər edən hakimiyyətin təzyiqi xüsusi ilə seçki günü tam üzə çıxdı. Müxalif qüvvələrinin və müstəqil namizədlərin təmsilçilərinin fəaliyyətlərinin qarşısı alınır və bu məqsədlə istənilən yola gedilirdi.
– Seçki günü fəaliyyətiniz necə oldu?
– Seçki günü 42 saylı Sumqayıt ikinci seçki dairəsində müşahidəçi olaraq fəaliyyət göstərdim. Fəaliyyətim əsasında çoxlu saxtakarlıqları ifşa edib, qarşılığında repressiyalara məruz qaldım. Demək olar ki, bütün məntəqələrdə seçki məntəqəsinin təşkilində planlanmış qanunsuzluq vardı, hansı ki, seçki günü boyunca ediləcək saxtakarlıqlara birbaşa şərait yaradırdı. Adı keçən dairədən namizədliyini dəstəklədiğimiz KXCP sədri Mirmahmud Mirəlioğlunun seçki qərargahına gələn saxtakarlıq xəbərləri üzərindən hərəkət edən mənim kimi bir çox əməkdaşlarımızın müşahidəçilik haqları qəti bir şəkildə pozuldu.
– Seçki məntəqəsinin təşkili ilə bağlı hansı qanunsuzluqlar baş verirdi?
– Məntəqə Seçki Komissiyası (MnSK) üzvlərinin, müşahidəçilərin, gizli səsvermə kabinələrinin, seçki qutusunun yerləşdirilməsi, seçki öncəsi bülletenlərin sayımındakı qanunsuzluqlar böyük bir saxtakarlığın parçaları idi. Belə ki, bir çox məntəqədə seçki öncəsi bülleten sayımı baş tutmadı. Təbii ki, bu, seçki günü boyu qutuya atılacaq olan topa bülletenlərə “haq qazandırmaq” üçündür. Seçki qutusunun MnSK üzvlərinə çox yaxın yerdə durması, hətta bəzi hallarda MnSK üzvləri tərəfindən “qucaqlanaraq” tez-tez topa bülleten atmaq üçün müşahidəçilərdən gizləməsi hökumətin əvvəldən sistemli şəkildə seçkiyə hazırlığına bir işarət idi.
– Seçki günü boyunca olan qanun pozuntuları haqda Oxucularımızla müşahidə etdiklərinizi paylaşa bilərsinizmi?
– Bu ilki seçkilərdə Əliyevlər hökuməti seçkilərin saxtalaşdırılmasında istifadə etdikləri iki ana metod vardı. Bunların birincisi və ən “uğurlusu” seçki qutularına hakimiyyət orqanlarının təşkil etdiyi “seçicilər” tərəfindən MnSK üzvlərinin yardımıyla atılan topa bülletenlərdi. Bunun nəticəsi idi ki, biz müşahidəçilərin gün boyu müşahidə etdiğimiz seçki məntəqələrinə gələn seçici sayısı ilə qutudan çıxan bülleten sayısı arasında bir neçə qat fərq var idi. Məntəqələrin yerləşdiyi məktəblərin, bağçaların, xəstəxanaların müdirləri (onlar həm də MnSK-nın üzvləri və ya sədrləri, heç olmasa hakimiyyət tərəfindən təyin edilmiş müşahidəçilər idi) əvvəlcədən hazırlanılmış şəxslərin seçici adı altında məntəqəyə gəlib topa (onlarca) bülletenləri seçki qutusuna atmalarını təşkil edir, buna etiraz edən müşahidəçiləri təhdit edir, məntəqəyə çox yaxın məsafədə olan mülki geyimli polisin yardımıyla məntəqədən uzaqlaşdırırdılar. Bir digər istifadə edilən metod isə “karusel” adlandırılan yöntəm idi. Təşkil olunan avtobuslarla “karusel seçiciləri” məntəqədən-məntəqəyə aparılır və MnSK yardımıyla hər məntəqədə səs vermələri təşkil olunurdu. Bir digər kütləvi şəkildə istifadə olunan saxtakarlıq isə, dövlət büdcəsinə bağlı idarələrin (məktəblərin, bağçaların, xəstəxanaların, mənzil istismar idarəsinin və s.) işçilərinin “müvafiq namizədə” səs vermələrini təşkil etmələri idi. Bütün bunlar baş verirkən olan hadisələrə biganə qalmayan müşahidəçilərə böyük təzyiqlər uyğulanır, haqları qəti şəkildə tapdanırdı. Məntəqələrdə olan bir neçə həqiqi müxalifət müşahidəçilərdən başqa hər kəs hakimiyyətin əvvəldən hazırladığı sistemi uyğulayır, etiraz edən bir kimsələri əzib keçməkdə heç tərəddüd etmirdi.
– Müşahidəçilərə olan təzyiqlərdən bir az geniş şəkildə danışa bilərsinizmi?
– Bütün məntəqələrdə kütləvi olaraq müşahidəçilərin vəzifələrini icra etmələrinə icazə verilmirdi. Belə ki, onlar üçün ayrılmış olan, seçki qutusundan xeyli uzaq məsafədəki masalarda oturmaları və olub bitən bütün saxtakarlıqları səssiz bir şəkildə qarşılamaları məcbur olunurdu. Xüsusi ilə bizim partiya üzvlərinə olan repressiyalar MnSK, DSK üzvləri və polis tərəfindən sərt bir şəkildə həyata keçirilirdi. 28 nömrəli məntəqədə baş tutmayan seçki öncəsi bülleten sayımı üzərinə DSK-ya müraciət etdim. 42 saylı Sumqayıt ikinci seçki dairəsi DSK sədri Seyidrza Seyidova şifahi şikayətimi bildirdim. O, MSK müstəqil müşahidəçi vəsiqəmi görüb qanuni davrandı və adı keçən MnSK sədrinə zəng elədi və bülletenləri saymalarını tapşırdı. Yazılı şikayəti təqdim etdiyimdə isə, KXCP kimliğimdən dolayı məni zorla DSK-dan uzaqlaşdırdı. Bütün məntəqələrdə seçki bülletenlərinin sayımı baş tutmadı.
– Cavid bəy, sizcə ölkəmizdə nə vaxtsa demokratik seçki keçiriləcəkmi?
– Əlbəttə. 42 saylı Sumqayıt ikinci seçki dairəsində azad, şəffaf və ədalətli seçki uğrunda verdiyimiz mücadələ bu gün haqqın yerini tapması ilə nəticələnməsə də, bu tiran hakimiyyətə qarşı mübarizliyimizin dayanmadığını və sonuna qədər davam edəcəyini ortaya qoydu. Liderimiz Ə.Elçibəyin dediyi kimi “Biz qalib gələcəyik”, hökmən qalib gələcəyik.

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button