“Bizi də Narkoloji disponserin aqibəti gözləyə bilər…”

Nərimanov rayon, Təbriz küçəsi 172 nömrəli ünvanda yerləşən 5 saylı uşaq stomatoloji poliklinikasının əməkdaşları həyəcan təbili çalırlar.

Adının çəkilməsini istəməyən əməkdaş, eləcə də poliklinikaya müayinə üçün müraciət edən xəstələrin valideynləri Nərimanov rayon İcra hakimiyyətinin Təbriz küçəsi, eləcə də N.Nərimanov metrostansiyası ətrafında təmir adı altında yol kənarındakı mərmər səkiləri sökərək, onun yerində yenidən mərmərdən daha hündür və narahat səkilər döşəmələrinə etirazlarını bildirirlər. Narazı valideynlərin sözlərinə görə, Nərimanov rayon icra hakimi hər dəfə belə “təmir və yenidənqurma işləri apardıqdan sonra avtomobil yollarından metrə-metrə kəsilərək boş sahə yaradılır və o da mərmər səkilərlə “hasarlanır”. Bir-iki aydan sonra isə, həmin “boş sahələrdə ya kafe, ya da çayxana fəaliyyət göstərməyə başlayır. Avtomobillər metro ətrafındakı geniş yollardan sürətlə şütüyətək, dar bir dalana dirənmiş olurlar. Bu da piyadaların işıqforda belə yolu keçməsinə ciddi maneə və təhlükə yaradır. Dəfələrlə icra hakimiyyətinin burada çalışan nümayəndələrinə şikayətimizi bildirsək də, ümumiyyətlə, heç nəyə əhəmiyyət vermədən öz maraqları çərçivəsində “perspektivli sahələri hasarlayıb”, satmaqla məşğuldurlar.”

Xural.com-a danışan poliklinikanın əməkdaşı isə qeyd edir ki, yanğınların baş verməsi və onların vaxtında söndürülməməsinin ciddi səbəblərindən biri də, yaşayış binaları və xidməti binaların qarşısının məntiqsiz şəkildə bardürlənməsidir: “Təsəvvür edin ki, yanğın baş verir və yanğınsöndürən maşınlar binaya yaxınlaşa bilmirlər. İnsanlar xəstələnir, təcili yardım maşınları binaya yaxınlaşa, ağır xəstələri “nasılka”da təcili yardım maşınına apara bilmirlər. Bu da çox ciddi fəsadlara gətirib çıxarır. Bunu icra hakimiyyəti nümayəndələrinə, onları dəstəkləyən Nərimanov rayon polis idarəsi əməkdaşlarına nə qədər izah etməyə çalışsaq da, insanların narazılıqlarını qulaqardına vururlar. Çox istərdik ki, cənab prezident də səsimizi eşitsin, əgər bu özbaşınalığın qarşısı vaxtında alınmasa, 5 saylı uşaq stomatoloji poliklinikasının da aqibəti Narkoloji dispanserin aqibəti kimi olacaq.”

Məsələ ilə bağlı Nərimanov rayon İcra hakimiyyətinin məsul şəxsləri ilə laqə qurmaq cəhdimiz isə alınmadı. İcra hakimiyyəti əməkdaşları ya “sahədə olduqlarını”, ya da nahar fasiləsinə çıxdıqlarını bəhanə edərək, suallarımıza cavab verməkdən yayındılar. Amma onların cavab haqqının olduğunu qəbul edir, mövqelərini dərc etməyə hazır olduğumuzu bildiririk.

 

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button