Bizim azad məhkəmə…

Rafiq Cəlilov 

“Qafqaz əsiri” filmində belə bir epizod var, məhkəmə epizodu. Müttəhimlərdən biri məhkəməyə yaltaqlanmaq üçün deyir: “yaşasın bizim məhkəmə, dünyanın ən humanist məhkəməsi”… Yaltaqlanmaq üçün…

Mənə də hərdən deyirlər ki, “bu hökumət sənin qəzetinə yardım etməz, çünki sən “Azadlıq”dan da, “Müsavat”dan da sərt yazırsan, bir az xoduvu al, qoy sənə də köməklik etsinlər”. Yəni mən də bu hökumətə yarınım, yaltaqlanım. Kimə və niyə yaltaqlanmalıyam? Yox, mən aylarla qəzetin dərcini saxlayaram, amma bu müti insanlara, ağızlarından, evlərinin hər küncündən, varidatlarından, yedikləri yeməkdən bu xalqın qanının iyi gələn vampirlərə yaltaqlana bilmərəm! Mən xalqına qul kimi baxana yox, xalqının qulu olana məmnuniyyətlə yaltaqlanardım, heyhat, səd heyif ki, bizi zorən köləliyə sürüyənlər içində belələri yoxdur…

 “Humanistlər”….

Humanizm-adi bir sözdür, ancaq arxasında nələr durur, İlahi. Çox təəsüf ki, bu söz bu gün bizim əksər məmurlara yaddır, onların leksikonunda bu söz mənasını dəyişib, onlar humanizm deyəndə öz milyardlarını başa düşürlər, milyard nə qədər çoxdursa, demək bir o qədər humanistsən. Mən “əksər” deyəndə məmur ordusunun 99 faizindən artığını nəzərdə tuturam. Bu həmən məmur ordusudur ki, özündən böyüyün qarşısında ikiqat olub, üzünə tüpürülmüş tüpürcəyi silib, digər üzünü tüpürcəyə qonaq etmək üçün “böyüyünə tərəf” çevirir, böyüyün “şirin, şəkər” söyüşlərini “sevə-sevə” həzm edir, mütiləşir, kölələşir və … və bu kölə özündən kiçiyə həmən acılığı, bəlkə də ondan artığını yaradır və yaşadır! Beləcə məmur ordusunda ranq azaldıqca tüpürcək, söyüş, təhqir artır və mütülük, köləlik adi hal vəziyyətinə gətirilir. Bizi məhz bu cür insanlar idarə edirlər, yox, əslində onlar bizi idarə etmirlər, onlar bizi mütülüyə, köləliyə sürükləyirlər. Sürüklənmək istəməyəni isə min bir bəhanə ilə, heç bir sübut, dəlil olmadan basırlar içəri! (İnşallah özlərinə də qismət olar) İlahi, bu boyda Haqsızlığı (Haqq Allahın adı olduğu üçün böyük hərlə yazıram), Allahsızlığı necə qəbul edirsən? Bir məmləkətdə ki, rüşvəti Sənin adınla, Haqq deyə çağıralar, niyə həmən məmləkəti, osmondan Güzdək daşı yağdırıb, məhf etmirsən? Rüşvətə sənin adını qoyan bu simasızlar, hələm üstəlik şər əməllərinə də “humanizm” donu geyindirirlər, əvvəl günahsız insanı basırlar içəri, bir neçə ildən sonra, yəni vaxtının qurtarmasına bir-iki ay qalmış onu “əhv” edirlər, “humanistlik” göstərib aç-burax edirlər. Sanki biz koruq, sanki biz lalıq, sanki biz karıq, bunları anlamırıq? Səhərdən axşamacan telekanalizasiyalardan utanmaz-utanmaz bizə yalan satırlar, biz kor, kar və lal olaraq qalırıq, dövlət ittihamçıları, hakimlər, müstəntiqlər sifarişlə ziyalılarımızı basırlar içəri, məhkəmədə saxta ittihamlar səslənir, biz yenə kor, kar və lalıq. Və əminəm, nə qədər ki, biz kor, kar və lal olacağıq bu “humanistlər” bizim qanımızı daha şiddətlə soracaqlar, çünki ağzı insan qanına öyrəşmiş məxluqat bu şakərindən əl çəkə bilməz, həmən məxluqatı bu şakərindən yayındırmaq üçün isə bir yol var: biz kor olmuş gözlərimizi açmalı, kar olmuş qulaqlarımızı şəkləməli və lal olmuş ağzımızla bağırmalıyıq: RƏDD OLUN HƏYATIMIZDAN!

 Hilalın həbsə gedən yolu….

 Mən o fikirdəyəm ki, Hilal Məmmədovu 2012-ci ilin iyun ayının 21-də yox, 2011-ci ilin aprel ayında həbs etdilər. Bəli, məhz 2011-ci ilin aprel ayında! Artıq 2011-ci ilin aprel ayında Hilal Məmmədov rəsmi nəzarətə götürülmüşdü, onu açıqdan-açığa təqib edirdilər, bunu heç gizlətmirdilər də. Hilal Məmmədovun yaşadığı evin arxasında dayanan taksilərə yaxınlaşıb, vəsiqə təqdim edib “Hilal Məmmədov separatçı təbliğat aparmır ki?” sualını da vermişdilər. Və Hilal Məmmədov bu təzyiqlərə dözməyib “Tolışi Sədo” qəzetinə “dur” dedi, çəkilib sakitcə oturdu evində, heç kəslə işi olmadı, ancaq onunla işi olanlar sakitcə evlərinə çəkilmədilər. Mənim bu qəzeti buraxmağımı “Hilal Məmmədovun növbəti gedişi” saydılar, hesab etdilər ki, bu qəzeti əslində mən yox, Hilal Məmmədov buraxır, sonra videorolik çıxdı meydana, sonra NTV, sonra Ostoronun Arçon kəndində məlum “talış folklor gecəsi” və bunlar belə hesab etdilər ki, Hilal Məmmədova “dur” deməyin vaxtıdır və bu “dur” sözünün qabağında mənsub olduğum millətin səhl sumbatı, keçəl həmzəsi elman quliyevin adı keçərli oldu. Babək doğan analar, səhl sumbat doğduğunuz vaxt qarnınıza şiş bataydı, bu səhl sumbatları bizə urcah eləməyəydiz. Talışda kifayət qədər səhl sumbatlar var, əsl səhl sumbatlar elmanciyəzlərdən istifadə edib, qanımızı sovuran yüksək “çinli”lərdilər. (“çinli”? Bəli, məhz çinli, çünki millətinin qanını içənə talış demək olmaz!) Talış qanına susamış bu səhl sumbatlar minlərlə, yüz minlərlə Hilalları güdaza verməyə hazırdılar, təki varidat artsın, təki bala-bullaları talış qanı içib xumarlansınlar, təki…. təki…. təki….

Elmanciyəzdən yenə də istifadə etdilər, əslində elmankimilərdən bir dəfə istifadə edib, atırlar tarixin zibilliyinə, amma bu elmandan artıq ikinci dəfədir ki, istifadə edirlər, görünür elman “birdəfəlik istifadə üçün” deyilmiş, çox dəfəlik istifadə üçün nəzərdə tutulub, hələ onun əli ilə neçə talış ailəsini məhf etmək fikirləri var, bir Allah bilir.

Milli səhl sumbatlarımızın xahişi ilə elman 7 saylı cəzaçəkmə müəssəsində “yuxuda” görür ki, Hilala İrandan növbəti narkotik partiyasını gətiriblər, dərhal “aidiyyatı üzrə” bir “donosnamə” yazır, dərhal da həmən “donosnamə” icraata alınır və Hilal həbs edilir. Sonra bu elmanciyəz ifadə verib bildirir ki, sən demə USTAD Novruzəli Məmmədov elmana Hilalın da İran cəsusu olduğunu “etiraf” edibmiş! İlahi, gör kimin adı ilə alver edirlər, USTADIN! Türmədə USTADI qətlə yetirdiz, övladlarını öldürdüz, təmiz adının qarşısına “cəsus” damğası yapışdırdız, tifaqını dağıtdız, həyat yoldaşı, AVAR xalqının TALIŞ qızı Məryəm xanıma məktub yazışmaları üçün qadağa tətbiq etdiz, kifayət deyilmi? İndi də USTADın saf, təmiz adını öz çirkin əməllərinizdə istifadə edirsiz? Bu 37-ci ilin ab-havası hardan girib başınıza? Heç olmasa tarixdən ibrət götürün, mircəfər bağırovların aqibəti sizə heç nə demirmi? Nə vaxtacan buyruq qulu olacaqsız? Nə vaxtacan bu millətin laxta qanını içəcəksiz? O dünyanızdan qorxmursuzmu?

Hilal həbs edildi, talışlar növbəti alimini itirmək ərəfəsindədilər. Bəli, məhz İTİRMƏK ərəfəsində! USİADIN aqibəti məni bu cür düşünməyə vadar edir. Məni millətçilikdə suçlaya bilərlər, deyə bilərlər ki, mən Hilalı talış olduğuna görə müdafiə edirəm, yox, mən Hilalı GÜNAHSIZ olduğuna görə müdafiə edirəm. Həm də mən Hilalı millətimin Rövşəni olduğu üçün müdafiə edirəm və əminəm ki, keçəl həmzələr bunu anlamazlar, çünki keçəl həmzələr üçün müqəddəs heç nə yoxdur, sabah hakimiyyətə həbəşlər gəlsə, onlar milli mənsubiyyətlərini danıb, arsız-arsız “biz də həbəşik” deyərlər. Bu gün zindanlarda minlərlə talış yatır, Rafulla Axundzadə xaric, heç birini müdafiə etmirəm, amma sonunacan Hilalı müdafiə edəcəm, bu gün geri çəkilməsəz, Hilalın üstünə atdığınız şəri geri çəkməsəz, mən sonunacan sizinlə varam, mən bu məsələni bütün diplomatik korpuslarda müzakirə edəcəm, lap Putinin, Obamanın qəbuluna düşəcəm, Avropa İttifaqının Parlamentinə gedəcəm, bu məsələni sonuna çatdıracam, həyatımın qiymətinə olsa belə həm Hilal Məmmədovun, həm də USTADın təmiz adını bərpa edəcəm!

Zindan-şou!

Bu gün Hilal Məmmədovla zindan-şou oynanılır, ayın 10-da məhkəmə qərar verdi: İclaslar qapalı (narkotik hissəsi açıq) keçirilsin, Hilal Məmmədovun və vəkillərinin bir yolları var: məhkəməni boykot etmək! Onsuz da bunlar yazılmış ssenarini axıra çatdıracaqlar, Hilal Məmmədova yazdıqları sroku da oxuyacaqlar, nəyə lazım bu soyuq qış günləri Hilal Məmmədovun ailə üzvlərini, onun yaxınlarını məhkəmənin həyətində var-gəl etməyə vadar etmək? Hesab edirəm ki, məhkəmənin həyətində var-gəl edib vaxt itirməkdənsə, bu məhkəməni boykot etmək daha effektli olar, bunu təcrübə də göstərir ki, sifarişlə həbs edilənin məhkəməsi ŞOUdur! Əvəz Zeynallının məhkəmə şousu bir ilə yaxındır ki, davam edir, elə başladıqları yerdə də durublar, irəliləyiş yoxdur, heç olmasa Əvəzin məhkəməsi açıqdır və biz təskinliyi Əvəz ilə salamlaşmaqdan tapırıq, Hilal Məmmədovun qapalı məhkəmələrindən hansı təskinliyi tapacağıq? Bir yol görürəm: məhkəmə-şouya BOYKOT!

P.S. İkinci dəfədir ki, “Azadlıq” radiosunda “səni niyə həbs etmədilər?” sualını eşidirəm, əvvəl istəyirəm deyim ki, “yəqin növbəm çatmayıb, növbəmi gözləyirəm”, sonra fikrimdən daşınıram….

Ey vampirlər ordusu, mənim qanim +3 qrupuna aiddir, gedər?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button