Bizim don Sabas

Mustafa Hacıbəyli

Markesin “Polkovnikə məktub yoxdur” əsərini çoxlarınız oxumusuz yəqin: Vətən qarşısında əvəzsiz xidmətləri olmuş, lakin ölkədəki çevrilişdən sonra “keçmiş iqtidara” mənsub olduğuna görə hətta pensiyadan da məhrum edilən polkovnik, üstündən uzun illər keçəndən sonra öyrənir ki, onun  sağdışı olan don Sabas qorxub geri çəkildiyi üçün yox, öz partiya yoldaşlarını satdığına görə şəhərdə qala bilib. Yeni rejimdə geniş imkanların və əlaqələrin sahibi olub.

Nobel mükafatçısı olan müəllifin əsəri bu məlumatdan sonra sarsılan polkovnikin və onun xanımının məyusluq içində apardıqları dialoqla bitir.

Dediyim odur ki, Rauf Arifoğlu onun personası ilə bağlı deyilən sözləri şəxsi müstəviyə keçirməyə çalışsa da, bu, “şəxsi” məsələ, yaxud “qardaş məsələsi” deyil. Ədalət uğrunda mübarizə nə qədər əbədidirsə, bu mübarizədə qorxub geri çəkilmək də, xəyanət də bir o qədər əbədi və bəşəri mövzulardır, – kiminsə şəxsi işi sayılmaz.

Onun ünvanıma yazdığı müsbət sözlər də, məni yüksək qiymətləndirdiyindən deyil, bu məsələni şəxsi müstəviyə çəkmək, reaksiyamı “qardaş” prizmasından qələmə vermək, yazısının qalan hissəsindəki qərəzini gizlətmək, məni neytrallaşdırmaq üçündü, zənnimcə. Bir dəfə başqa bir siyasət adamı da müsahibəsində demişdi ki, İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa hər kəslə debata hazıram, təəccüb qalmışdım, çünki bunu deyən adamla nə isti, nə də soyuq münasibətim yox idi.

Əgər Rauf Arifoğlu məqaləsində yazdığı kimi, səmimiyyətimə həqiqətən inanırsa, ona da inansın ki, sosial şəbəkədə partlayış törədən o kiçicik qeydimi yazarkən, Arif Hacılının qardaşı olduğum heç ağlımdan belə keçməmişdi.

Mən ədalətli bildiyim mövqeni həmişə müdafiə etməyə çalışmışam, hədəfin kimliyindən asılı olmayaraq. Özü əla bilir ki, onun özünün hələ mübarizədə və hədəfdə olduğu vaxt necə böyük həvəslə, heç qardaşımı etmədiyim qədər böyük prinsipiallıqla müdafiə etmişəm. O, həbsdə olarkən özü də xəyanətlə üzləşmişdi çünki, güvəndiyi redaktor korpusu qəfildən müxtəlif bəhanələrlə ondan üz döndərmişdilər. Onlardan biri, özünün o vaxt dediyinə görə, Vurğun Əyubbun fitvasına gedib, qəzeti əlindən almaq istəyirdi. Bir çox idbar adamlar mətbuatda və dəhlizlizlərdə, ona qarşı döşəyirdilər və məndən sərt cavablar alırdılar. Halbuki, o qəzetdə işləmirdim, mənə dəxli olmayan məsələ idi. Mən o vaxt da məhz Rauf Arifoğluna qarşı yünəldiyi üçün yox, sadəcə haqsız olduğu üçün həmin ittihamlara cavab verir, lazımsız düşmənlər qazanırdım. Peşman da deyiləm – o vaxt Rauf Arifoğlu əzilənlərin yanında şərə qarşı idi, indi əzənlərin yanındadı və şərə xidmət edir. Bir insanın mərdlik etdiyi dövrdə ona “mərd”, namərdlik etdiyi dövrdə isə “namərd” deyilməsi tam ədalətli yanaşmadı – bunun əksi ədalətsizlik olardı.

rauf-ilham1

Bizim yanaşmamız dəyişməyib, onun özü dəyişib.

Əgər yazdığı kimi, səmimiyətimə inanırsa, ona da inansın ki, hədəfə aldığı şəxsin qardaşım olması yox, Müsavatın başqanına qarşı ittihamların iyrəncliyi ikrah doğurduğu üçün bu mövqedəyəm.

Oğru qaydalarına istinad edir tez-tez. Hərgah, hətta qəbul etmədiyim oğru qaydalarında da “xlebnik”in necə yatanda necə xoruldamasını qələmə alınmasının kişilik kimi qəbul ediləcəyini düşünmürəm.

Heç vaxt özünü təkzib etmək kompleksi  olmayıb Rauf Arifoğlunun. Məsələn, həftələrlə Müsavat əleyhinə yazılar dərc etdirər, bir gün də kimisə mübahisədə üstələmək üçün işinə yarasa, özünü müsavatsevər kimi göstərər. Bəzən hətta eyni yazıda özünü təkzib edər. Məsələn, yazının əvvəlində Avropa Oyunlarını tərifləyər, yazının sonunda isə bu oyunları lazımınca boykot etmədiyinə görə müxalifəti qınayar.

Müsavat başqanı haqqında son yazı da özünü təkzib baxımından istisna deyil. Bir tərəfdən yazıb ki, Arif Hacılı pulu çox sevir, o biri cümləsində isə yazır ki, nəfsini idarə edə bilən adamdır. Pulu kim sevmir ki?! Əsas olan, nəfsini idarə etməyi bacarmaq deyilmi?!

Bir cümlədə yazır ki, qorxaqdı, ardınca yazır ki, ölümə qədər gedən cəsurluqlar da edər. Qorxu adi insani hiss deyilmi, cənnətdən gəlməyibmi?! Əsas olan bu qorxunu boğa bilmək, prinsiplər naminə irəliyə, hətta ölümə gedə bilmək deyilmi?!

Yazıb ki xəsisdir, ardınca yazıb ki, sənin üçün fədakarlıq da yapar. Yaşamaq üçün öz evini kirayə vermək zorunda qalan insandan hansı əliaçıqlığı umurmuş bu?!

Yazıb ki, türmədə namaz qılır, çıxıb araq içir, amma Allaha inamı səmimidir… Bilirəm ki, Arif Hacılı sovet dövründə də ateist deyildi, indi də ifrat dindarlığı yoxdu. Həbsxanada olmadan da namaza getdiyi vaxtlar çox olub, məsələn keçən ay məscidə bayram namazına getdiyi üçün bəzi jurnalist həmkarlarım tərəfindən qınanmışdı…

Rauf Arifoğlu dindarlıqdan danışanda həmişə yadıma bir hadisə düşür: Qurban bayramında qəzetin işçilərinə Qurban payı ayırmışdı. Amma bayram günləri nəşriyyatın dayanması səbəbilə işləmədikləri üçün işçilərin 3 günlük maaşını kəsmişdi. Uşaqlar hesablamışdı  ki, maaşdan tutulan pulun məbləği Qurban payının qiyməti ilə təqribən eyni idi, hələ bir az irəli də düşmüşdü…

Mən də araq içirəm və öz inancımda əminəm ki, onun kimi dindar olmaqdansa, elə içmək yaxşıdı.

Yazıb ki, Müsavat islamçılıqdan və türkçülükdən uzaqlaşıb. Öz aləmində atmaca atıb. Vallah, biz türk olduğumuzu bunlar kimi 89-cu ildən sonra yox, uşaqlıqdan bilmişik, körpə ikən böyüklərimiz deyib bunu bizə. İslamçılığa gəlincə, Müsavat adından bu ittihama cavab verməyəcəm, Rəsulzadənin bu mövzudakı yazılarını gedib yenidən oxuyun da deməyəcəm. Amma dini və millətçiliyi siyasi maraqlar üçün, biznes maraqları üçün, nə bilim, səni tənqid edən birisini əzmək üçün alət kimi istifadə edənləri görəndə şualanıram həmişə.

Yazıb ki, Arif Hacılıda siyasi manevr 0 həddindədir. Hə, siyasi manevr bəlkə də heç kimin Rauf Arifoğlu ilə rəqabətə girə bilməyəcəyi yeganə sahədir, çünki onda bu göstərici 180 dərəcədir. Mənə maraqlıdır, görəsən, o özünün 1998-2005-ci illər ərzində eyni hakimiyyət və eyni problemlər haqda yazdığı yazıları indikilərlə tututuşdururmu? Tutuşdurub xəcalət çəkirmi?

Yazıb ki, Arif Hacılı həmişə ikinci olub. Arif Hacılı AXC-nin siravi üzvündən Məclis sədri vəzifəsinə qədər gəlib çatıb. Müsavata hakimiyyətdə olan AXC-nin Məvlis sədrliyindən sıravi üzv olaraq gəlib, mərhələlər keçərək nəhayət  başqan seçilib.

Müsavatda həmişə ikincilik uğrunda mübarizə getdiyi barədə deyilənlər də bir başqa əfsanədir. Əslində bu mübarizə ikincilik uğrunda yox, Arif Hacılıya qarşı olub daim. Nəinki 13 ay eyni kamerada olduğu şəxsin bioqrafiyasını dəqiq bilmək, deyəsən, illərlə rəhbərliyində təmsil olunduğu partiyada ikinci rəsmi postda kimlərin olduğunu da unudub Rauf Arifoğlu.

Arif Hacılı Müsavatda əvvəllər həmişə ikinci olsa da, heç vaxt ikinci vəzifəni daşımayıb, çünki heç vaxt buna imkan verilməyib. Rasim Musabəyovdan tutmuş, Səxavət Əlisoya qədər bir dəstə adam ya ayrılıqda, ya da birlikdə Arif Hacılıya qarşı daim mübarizə aparıblar. Amma hamısı məğlub olublar, çünki bu mübarizəni başa çatdırmaq üçün ilk növbədə Müsavatda qalmaq – rejimlə mübarizəni davam etdirmək bir şərt idi. Buna isə nəfəsləri çatmadı. Bu mübarizəni uduzub gedənlərin bir çoxu indi kənardan onunla bu mübarizəni davam etdirir.

Rauf Arifoğlu yazısında sadaladığımız ittihamlarla kifayətlənməyib. Sanki orfoqrafik lüğəti qoyub qabağına, orada insan xüsusiyyətlərinə aid olan bütün aşağılayıcı söz və ifadələri sıralayıb Müsavat başqanının ünvanına. Amma bu qədər qərəzin içində belə başqanın müsbət xüsusiyyətlərini də sadalayıb, dana bilməyib.

Hər kəsin şəxsi xüsusiyyətlərinə müxtəlif münasibətlər ola bilər. Amma dostun münasibəti də bədxahın münasibəti də, ümumi münasibət də ortadadır.

Məhz Arif Hacılının və bütövlükdə nəslimizin xüsusiyyətlərinə verilən ümumi qiymətin nəticəsində Arif Hacılı 26 yaşında doğulduğu Zaqatalada deputat seçilmişdi. Baxmayaraq ki, o seçkidə də hakimiyyət İsa Qəmbəri və Arif Hacılını parlamentə buraxmamaq üçün əlindən gələni etmişdi. Onlara qarşı o vaxt ən kalitəli sayılan namizədləri göndərmişdilər.

Ziya Bünyadovu İsa Qəmbərə, Bəxtiyar Vahabzadəni Arif Hacılıya qarşı.

Yeri gəlmişkən, Arif Hacılı həmin seçkidə özü namizəd olduğu halda, öz dairəsində yox, 1-ci katibin rəqibi olan başqa cəbhəçinin vəkili kimi o dairədə müşahidəçi olmuşdu. Çünki, şəxsi yox, ümumi məqsəd üçün çalışırdı. Arif Hacılı bir komanda adamıdır, düşərgə üçün çalışır. O, bunu öz kabinetini düşərgə daxilində statusu həmişə ondan daha sonra olmuş Cəmil Həsənliyə təhvil verib o seçkilərdə icra işini üzərinə götürəndə də, Rauf Arifoğlunun rişxəndlə yazdığı kimi, Əli Kərimlinin ayağına gedəndə də, özünün yox, İsa Qəmbərin prezidentliyi üçün çalışanda da göstərib.

Yazıb ki, Mustafa qardaşı olmasa, Arif Hacılının qarşısında olardı. Niyə qarşısında olum ki?

Aramızda sərt mübahisələr də olur. Amma onunla qürur duyuram. Çünki, onu daim mübarizənin önündə görmüşəm. Şuşadakı, Qubadlıdakı, Füzulidəki, Ağdərədəki səngərlərdə məndən daha əvvəl olub Arif Hacılı. Məndən sonra da olub.

Arif Hacılının sədrliyi ilə keçən AXC Ali Məclisinin ilk iclasında Mütəllibovun istefası ilə bağlı qərar qəbul edildiyini görmüşəm.

Onun Elçibəyi sonadək müdafiə etdiyini görmüşəm.

Onu qalib gəldiyimiz bütün seçkilərdə qərargahın sədri olduğunu görmüşəm.

Şərəf tariximiz olan 12 sentyabr, 30 aprel, 12 mart, 2 aprel və başqa mitinqlərdə də onu özümdən və başqalarından öndə görmüşəm.

Müxtəlif illərdə polis üzərimizə qılınc-qalxanla gəldiyi zaman görmüşəm ki, Arif Hacılı ya İsa Qəmbərlə birgə, ya Pənah Hüseynlə birgə, ya Tofiq Yaqublu ilə birgə, ya Tural Abbaslı ilə birgə etirazçıların önündə gedir.

İxtişaş adlandıran mitinqlərə görə rəsmi ittihamnamələr elan olunanda isə görmüşəm ki, təşkilatçı qismində ya Fazil Qəzənfəroğlu ilə Arif Hacılı, ya Rauf Arifoğlu ilə Arif Hacılı, ya Pənah Hüseynlə Arif Hacılı, ya Fuad Qəhrəmanlı ilə Arif Hacılı günahlandırılır, ən ağır cəzanı alır.

Qardaşım olduğu üçün yox, bunların hamısını gördüyüm üçün, Azərbaycanı nə qədər çox sevdiyini bildiyim üçün, bu gün də həm iqtidarın, həm də rejimin əlaltılarının hədəfində olduğunu dərk etdiyim üçün onu müdafiə edirəm.

Arif Hacılının cəsarətinə şübhə edən adama rast gəlməmişdik, bu da oldu. Ən azı Rauf Arifoğlunun onun marağına toxunan, yaxud tənqid edən hər kəsi necə şantaj elədiyi yenilik deyil. Bu mənada onun kimi, şər tuluğunun əsl simasını açmaq da bir cəsarət nümunəsidir – sağolsun başqan…

Bizim don Sabasımızın əks düşərgəyə keçdiyinin sübuta yetdiyi an, onun öz yaxasını İlham Əliyevin əlinə verdiyi gün idi. Heç kimə düşməninin qarşısında belə farağat durmaq məşəqqətini arzulamazdım. Elə bir məcburiyyətdə qalsam, bundan sonra keçmiş əqidədaşlarımın üzünə baxa bilməzdim, utanıb yerə girərdib. Bunda isə belə hisslər yoxdur görünür, əksinə, əqidəsinə sadiq qalanlardan, necə deyərlər, pasport tələb eləyir. Bu, kimsədə rast gələ bilməyəcəyimiz fenomenal bir xüsusiyyətdir – belə bir miqyas, belə bir tipaj Markesin ağlına gəlməyib – don Sabasa papış tikər bu.

Bu yazıda gördüyünüz şəkil çəkilən gün İsa Qəmbər layiq olduğu qiyməti vermişdi Rauf Arifoğluna – onun rejimlə barışmasının nə demək olduğunu xırdalamışdı.

Müsavatın keçmiş başqanı və Müsavatın indiki başqanının verdiyi iki qiymət – tarixdə qalacaqsa, elə bu qiymətlə qalacaq. Onun indidən sonra da nə yazacağından, hansı şantaj və şərləmə üsullarından, hansı dini və milli libaslardan istifadə edəcəyindən, özəl və fizioloji həyatın hansı qazburaxmalarını qələmə alacağından asılı olmayaraq, hər kəs kimin kim olduğunu bilir.

Azərbaycanda 80-ci illərin sonundan Milli Azadlıq hərəkatında iştirak edən, bu hərəkatın liderlərindən olan, 25 ildən çox Azadlıq və istiqlal uğrunda fasiləsiz olaraq mübarizəni davam etdirən, bu yolda həm sovet, həm Əliyev rejiminin həbsxanalarından keçən, istiqlalçı millət vəkili olan, xidmət etdikləri siyasi ideyaya, siyasi əqidəyə, yanında olduqları siyasi liderə daim sadiq qalan, bu gün də siyasi rejimə qarşı mübarizənin önündə olan siyasi liderlər çoxdurmu?

Yox, cəmi iki nəfərdir – Müsavatın keçmiş başqanı İsa Qəmbər və Müsavatın indiki başqanı Arif Hacılı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button