Bizim nəslin vəzifəsi Vətəni düşməndən azad etməkdir

Əli Əliyev

Əli Əliyev: “Müşahidə etdiyimiz mənzərə Millətin potensialını ortaya qoyan, keyfiyyətini nümayiş etdirən gözəl performansdır”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Qarabağ cəbhəsindəki vəziyyəti və Azərbaycan cəmiyyətinin adekvatlığını şərh edib. Xural.com həmin yazını təqdim edir:

“2 gündür Azərbaycan dövlətçiliyi imtahan verir. Bu yoxlama, təkcə Ordumuzun hazırlığının deyil, həm də cəmiyyətimizin bütövlükdə yetkinlik sınağıdır. Dövlətin təhlükəsizliyi və güvənliyi fiziki baxımdan Əsgər üzərində olsa da, müasir dünyada müharibə bütöv toplumun apardığı savaşdır. İctimaiyyətin bütün seqmentləri öz vəzifəsini düzgün dərk etməlidir.

Dünən düşmən tərəfinin təcavüz cəhdinə Ordudan gələn təpki, ibrətamizdir. Deməli, Əsgərin ruhu yüksəkdir. Buna sevinməmək olmur.

Uzun müddətdir şəxsi uğursuzluğunu Millətin ayağına yazmaq istəyənlərlə polemikada olan zaman, insanlarımızın haqlı olduğunu sübut etməyə çalışırdım. Ən yaxşı cavabı bu 2 gündə vətəndaşlarımız layiqli şəkildə verdilər. Mətbuatda, sosial şəbəkələrdə, küçədə, dükan-bazarda, döyüş bölgəsində, bir sözlə küllən hamı vətənpərvərlik nümayiş etdirir.

İnsanlarımızın Müdafiə Nazirliyindən döyüşə getməyə izn istəməsi, düşmənlə diz-dizə yaşayanlarımızın mətinlik nümayişi, əsgərlərimizin qocaqlığı, şəhid ailələrinin vüqarı, mətbuatımızın operativliyi və cəsarəti, səfirimiz Polad bəyin qətiyyəti, partiyalarımızın Dövlətə bağlılığı, Prezidentin mövqeyi xüsusi vurğulanmalıdır. Bəlkə də dinc dövrdə bunları sezməzdik. Kritik vəziyyət “Necəyik?” – sualına aydınlıq gətirdi.

Müşahidə etdiyimiz mənzərə Millətin potensialını ortaya qoyan, keyfiyyətini nümayiş etdirən gözəl performansdır. Bizim uğurumuzu şiddətləndirən, düşmənə acı yaşadan həm də Türk-müsəlman dünyasından gələn dəstəkdir. İstanbulda, Təbrizdə qardaşlarımızın ayaqlanması, Ankara, Aşxabad və İslamabaddan gələn rəsmi dəstək, Suriyalı türkmənlərin mesajları gücümüzün tərkibidir.

Bizim nəslin vəzifəsi Vətəni düşməndən azad etməkdir. Bu yolda iqtidar-maxalifət yoxdur, daxili ədavət gömülməlidir, hamı bir nöqtəyə-düşmənə vurmağı bacarmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button