Biznesi başına bəla olan millət vəkili hədəfdə- TƏFƏRRÜAT

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov rayonda yaratdığı narazılıqlara görə “yuxarıların” qəzəbinə tuş gəlib.

Təmsil etdiyi rayon sakinləri arasında deputatın nüfuzunun düşməsinə səbəb onun biznesidir.

Bir müddət əvvəl millət vəkilinin rayonda yeri sakinlərin torpaq sahələrini zorla ələ keçirməsi ilə bağlı xəbərlər yayıldı.

Bununla bağlı müxtəlif vaxtlarda edilən şikayətlər deputatı yolundan döndərmədi.

Üstəlik İqbal Məmmədovun Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orand kəndini susuz qoyması xəbəri də yayıldı.

Şikayətçilər millət vəkilinin bu kəndin yaxınlığında yerləşən torpaq sahələrində əkdirdiyi kartof sahələrinin suvarılması xeyli təsərrüffat sahibini susuz qoymuşdu.

Şikayətçilərin narazılığını nəzərə almaq əvəzinə, deputat biznesini genişləndirməyə başladı.

Deputata məxsus olduğu iddia edilən “Lebro” Broyler şirkətinin yerləşdiyi Piran kənd sakinlərinin mətbuata müraciəti isə daha bir narazılığın əsasını qoydu.

Kənd sakinlərinin narazılığı isə brolyer fabrikində kəsilən toyuqların qanının onların gündəlik istifadə etdikləri çaya axıdılması idi.

Mətbuatda yayılmış bu kadrlar isə geniş rezonansa səbəb oldu.

Dəfələrlə şikayət edilməsinə baxmayaraq, indiyə qədər bununla bağlı heç bir ölçü götürülmədiyi qeyd olunur.

İqbal Məmmədovun qalmaqalları Leriklə yekunlaşmır.

Bakıda sahibkara qarşı etdiyi hərəkətlə diqqətləri cəlb edən deputatdan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərova belə şikayət edildi.
Belə ki, “Sahil-D Kompani” MMC-nin İcraçı direktoru Adilağa Hüseynovun vitse-spikerə yazdığı məktubda millət vəkili İqbal Məmmədovun üç ailənin mənzilini saxta məhkəmə qərarı ilə ələ keçirməsindən və özgənin qapısını sındırmasından şikayət olunurdu.

Məktubda deyilir:

“Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də “STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq müvafiq olaraq guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. İlk öncə onu qeyd edim ki, qeyd olunan müqavılələr tərtib olunarkən ciddi Qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin hüquqi ünvanı «Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə» ünvanı göstərilmişdir ki, həmin ünvanda “STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları “Sahil-D Kompani” MMC tikmişdir ki, onun da “STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə imzalar müxtəlifdir və milli valyutamız manat olsada mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstə-rilmişdir ki, bu da Qanunlarımıza ziddir. Həmin ünvanda “Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaayış binası tikilmiş və mənzillər də satılmışdır.

Təxninən 2016-cı ilin iyun-iyul aylarında Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burda ona məxsus mənzil yoxdur, onda o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki təsir göstərmişdir. O da öz növbəsində 102 xidmətinə zəng edərək deputatın bu qanunsuz hərəkətinə görə hadisə yerinə polis əməkdalarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinə baxdım, sənədlərinin “Sahil-D Kompani” MMC-yə heç bir aidiyyatının olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.

2017-ci ilin əvvəllərində deputat İqbal Məmmədov yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclaslarında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq Qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli Qətnamə ilə Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir.

Sonra Məmmədov İ.M. həmin Qətnamədən apellyasiya şikayəti vermiş və nədənsə müəmmalı səbəbdən həmin şikayətini geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Çox təccüblüdür, eyni iddia üzrə iki birinci instansiya məhkəmə orqanına ayrı-ayrılıqda necə müraciət etmək olardı? Ən vacibi, Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq məhkəmə aidiyyətinə məhəl qoyulmamışdır. Hansı ki, “Sahil-D Kompani” MMC-nin hüquqi ünvanı Xətai rayonunda yerləşir, Nərimanov rayonunda yox. Doğrudanmı Ali qanunverici orqanın binasında oturub qanunlarımızın qəbuluna səs verən deputat bunları bilmir???

Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli Qətnamə çıxarmışdır.

Onu da qeyd etmək istəyirəm ki, millət vəkili İqbal Məmmədov öz deputat mövqeyindən istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakim Əliyev Abbas Baba oğlunun köməkliyi ilə tapdalayaraq onların mənzillərinə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan Səlimova Səadət Rəşid qızı, digər tərəfdə öz vəzifə borcunu yerinə yetirməyən, Qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək Qətnamə çıxaran Əliyev Abbas Baba oğlu. Hər iki hakimin çıxardığı Qətnamələrin surətlərini və bu məsələ ilə bağlı bütün sənədlərin surətlərini Sizə göndərirəm və Sizdən xahiş edirəm, millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz, onun barəsində tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına göstəriş verəsiniz”.

Xatırladaq ki, “Kaspi Yıldız” şirkəti və “Relax” istirahət mərkəzinin də deputata məxsus olduğu deyilir.

Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə ərazisində sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərə satılır.

Bu deputat barədə iddiaların kiçik bir qismidir. Lerikə səfər etməklə bütün bu deyilənlərin əyani şahidi olmaq mümkündür. Araşdırmalarımız davam edir.
Məqalədə adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. (afn.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button