Bloklanan saytlara “Opera Mini” ilə giriş mümkündür

Azərbaycanda girişinə məhdudiyyət qoyulan saytlara istənilən provayderdən “Opera mini” brauzeri vasitəsilə əngəlsiz giriş mümkündür.

Bu barədə xəbəri 24saat.org saytı yayıb. Sayt xatırladır ki, 2017-ci ilin martın sonundan AzadlıqRadiosu, Meydan TV, Turan TV və daha bir neçə müstəqil sayta giriş əngəllənib. Həmin ilin mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bundan başqa, daha bir neçə saytın – 24saat.orgoccrp.org, criminal.az, “Avropanın səsi” və “euroasianews.org”, “euroasianews.blog”, “euroasiainfo.com”, infoaz.org, Bundan başqa, abzas.net, aztoday.az, sonolay.org,saytlarına da Azərbaycan ərazisindən girişə məhdudiyyət qoyulub.
24 saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı hesab edir ki, bu, bloklanan media orqanlarında gedən materialların 24saat.org-da yayımlanması ilə bağlıdır.
“criminal.az” saytının rəhbəri Anar Məmmədov bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirib.
Avropada yaşayan azərbaycanlı Fuad Ağayevin bildirir ki, bu il aprelin 5-də – Milli Şuranın mitinqinə 4 gün qalmış ilk bloklama baş verib.” “euroasianews.org” vasitəsilə əsasən Milli Şuranın mitinqləri ilə bağlı məlumatlar yayırdım. Azərbaycan tərəfi həmin gün saytı blokladı. İyulun 7-də isə Beynəlxalq Universitetin keçmiş rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayevə məxsus “Avropanın səsi” və mənim “euroasianews.blog” saytlarımız bloklandı. Mən də “euroasiainfo.com” saytını açdım. O da bir gün işlədi, bu gün onu da blokladılar”.
Avqustun 18-dən etibarən Azərbaycan ərazisində giriş məhdudlaşdırılan “İnfoaz.org” saytının baş redaktoru Namiq Cəfərli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia qaldırsa da, iddia təmin edilməyib.
İnformasiya və Texnologiya Nazirliyi isə bu saytları bloklamadığını açıqlayıb. Qurumdan bildirilib ki, qeyd olunan saytların bloklanması ilə bağlı hər hansı məktub və zəng daxil olmayıb.
Yada salaq ki, 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib. Dəyişikliklərdə yayılmasına qanunla qadağa qoyulnuş məlumatların ümumi qaydada siyahısı verilib və qeyd edilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür.
Müvafiq icra hakimiyyəti (Nəqliyyat, Rabitə və Yüksək Tüxnologiyalar nazirliyi) orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.
Müvafiq icra hakimiyyəti orqanı bu qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button