Böhrandan çıxmağa hələ xeyli qalıb-ANALİZ

I yazı

Hələ 2013-cü ildə Rusiya iqtisadçıları bildirirdi ki, ölkə iqtisadiyyatı yol ayrıcındadır: onu uzun staqnasiya gözləyir, amma yeni artım dalğası şansı itirilməyib. 2014-cü ildən Rusiya iqtisadiyyatında durğunluq zolağı başladı, ondan çıxmaq indi çətindir. O vaxt ölkə iqtisadiyyatı yenidən qurula bilmədi. Struktur islahatlarının olmaması, zəif institusional inkişaf, zəif rəqabət onu güdaza verdi. Neftin ucuzluğu və sanksiyalar isə staqnasiyanı gücləndirdi.   

Postsovet məkanında bazar islahatları başlayanda bir çoxları hesab edirdi ki, iqtisadi liberallaşma özü iqtisadiyyat və siyasətin yenidən formatlanmasına gətirib çıxaracaq. Bu, illüziya oldu – keçid ölkələrində dövlətin iqtisadiyyata aktiv daxil olması labüddür. Qərb liberal iqtisadiyyatlarında da maliyyə böhranı zamanı dövlətin iqtisadiyyatda güclənən rolundan danışırdılar. «Dövlətçilər» və «bazarçılar» arasında mübahisə bu gün də davam edir.

Bizdə belə diskussiyalar olmayıb, amma problemlər oxşardır. Xarici kapital axını əvvəldən əsasən neft-qaz sektoruna oldu, bu, artıq iqtisadiyyatda struktur çəpliyi yaradıb və iqtisadiyyatın şaxələndirilməsi şansını məhdudlaşdırıb. Valyuta axını manatı möhkəmləndirdi, ölkəyə idxal artdı. Kreditlər baha və qısamüddətli idi, onlara çətin çıxış iqtisadiyyatın inkişafına mane olurdu. İnfrastruktur inkişafı isə yüksək sürətlə gedirdi. Bu, iqtisadi artıma kömək edirdi, amma ixrac artımına səbəb olmurdu. Büdcə xarici ticarət balansından və karbohidrogen ixracından çox asılı idi. Artım və inkişaf müxtəlif kateqoriyalardır. Normal iqtisadi inkişaf bütün iqtisadi mühitin, keyfiyyət göstəricilərinin yaxşılaşmasını, yeni institutların yaradılmasını nəzərdə tutur. Məhz o, iqtisadi yavaşımanın qarşısını alır və sonrakı artımı təmin edir. Yəni məsələ neftin qiymətində deyil.

Hökumətin indiki addımları 2010-11-ci illərdə daha yaxşı effekt verərdi. Bu gün hətta hökumətin praqmatik addımları kifayət etmir və daha dərin islahatlar lazımdır.

2017-ci ildə Azərbaycanın böhrandan çıxmasının əlamətləri varmı? Yanvarda ilk dəfə ÜDM artımı oldu. O, 0,8% artdı. Qeyri-neft sektoru isə 1,5% artıb. İnvestisiyaların tempi daha zəif azalır. 1 fevral 2017-ci il üçün iqtisadiyyata kapital qoyuluşu 954,2 mln manat olub. Bu, bir il öncəkindən 2,1% azdır. Amma ötən il investisiyalar (14903,4 mln manat) 26,1% azalıb. Neft-qaz sahəsində iri layihələr (bəlkə ona görə ki, bir hissəsi xaricdə icra edilir) tikinti-quraşdırma işlərində səviyyəni dəyişə bilməyib. Tikinti-quraşdırma işlərinin həcmi 1 fevral üçün 673,4 mln manat olub. Bu, bir il öncəkindən 6,4% azdır (il nisbətində 2016 –  27,6%).

İqtisadiyyatda cüzi dəyişiklikləri neftin qiymət artımına bağlamaq olmaz. Maliyyə sistemindəki bir qədər sabitləşmə hökumətin qəbul etdiyi təxirəsalınmaz addımlarla bağlıdır. AMB ilk dəfə valyuta ehtiyatını artırıb – iki ayda 1% artım olub. SOCAR-ın dövlət büdcəsinə vergi ayırmaları 2017-ci ilin yanvarında 128 mln 187 min manat olub. Bu, əvvəkli ildəkindən 8,9% çoxdur.

Büdcənin ixtisarından da danışmaq lazımdır. Yanvarda o, böyük deyildi, amma hər il azalır. Bu il son 5 ilin ən aşağı göstəricisi olub. Büdcənin gəlirləri ilk ayda 1244 mln manat olub. Bunun 544 mln-u Vergilər Nazirliyinin, 174 mln gömrüyün, qalan 40% Neft Fondundan transfertlərin payına düşür.

Ciddi dəyişiliklər gözləməyə dəyərmi? Strateji yol xəritəsini əsas götürüb qurumlar və iri inhisarların qollarını çırmayıb iqtisadi yenilənməyə başladığını düşünmək sadəlövhlük olardı. Bu, yeni institusional mühit (bir qədər edilir), anlayış və yeni reallıqları qəbul etmək tələb edir. Burda korrupsiya ilə sistemli mübarizə də əhəmiyyət kəsb edir.

Taktik planda hökumət investisiya və Azərbaycan məhsulları üçün xarici bazar tapmalıdır. Ölkələrarası iqtisadi forumlar daha məzmunlu olur. Bir qrup sahibkar prezidentlə birgə səfərə gedir, məhsul ixracı üçün əlverişli imkan arayır. Prezidentin Qətərə səfəri zamanı bu varlı ölkənin Azərbaycana investisiyaları, eləcə də Azərbaycan ixracatçılarının bu bazarı mənimsəməsi vacib idi. KİV-in məlumatına görə, iri investisiyalara nail olunmayıb, amma SOCAR-la birgə layihələr gözləmək olar. İki kiçik Azərbaycan şirkəti bu bazarda iş tapıb. «Azprotein» Qətərə ət tədarük edəcək, “Idea” şirkəti isə əmirliyin paytaxtında dizayn işləri üzrə saziş əldə edib. Bir qədər əvvəl isə Kolbasa Məmulatları Assosiasiysı məhsulunu Körfəz ölkələrinə çıxarmaq üçün hökumətdən dəstək alıb. Bütün bunlar ərzaq məhsullarının sertifikatlaşdrılması üzrə kiçik səylərlə üst-üstə düşür. Ərzaq məhsullarının keyfiyyətinə nəzarət üzrə yeni xidmət yaranıb. Səfirliklərdə isə ticarət attaşesi təyin edilir.

İri miqyaslı dəyişikliklərə də şans var. 2017-ci ildə vergi sistemində həlledici dəyişikliklər olur. Fiskal, tənzimləyici və stimullaşdırıcı mexanizmlərin eyni vaxtda işə salınması vacibdir. Vergilər naziri hətta deyib ki, xüsusi vergi rejimi kişik və orta biznesə də tətbiq edilə bilər.

Bir çox iqtisadçılar ötən illərdə gömrükdə olan dəyişikliklərin effektini qiymətləndirməyə çalışır. İndi sanki ölkələrlə «güzgü hesablamasına» ehtiyac yoxdur. Gömrük daha şəffaf olub. Amma mal axını ilə real nə baş verdiyini,  ixrac, idxalda artım varmı – bunu qiymətləndirmək lazımdır. Məsələn, ilin yekununa görə, paltar idxalında (trikotaj məmulatı paltar, baş geyimi, ayaqqabı) böyük –  2015-ci illə müqayisədə 4 dəfə – $99,2 mln dollardan $417, 2 mln dollaradək artım olub. Ötən il haqqında çox danışılan kənd təsərrüfatında isə cəmi 15,3% artım olub: $1577 mln və ya $200 mln artım. İqtisadçılar bu göstəricilərdən bir qədər narahatdır. Bu, nədir – gömrük əməliyyatlarının leqallaşmasının nəticəsi, yoxsa bu məhsulların idxalı artıb? Turan İA ölkənin tələbatı ilə idxal edilən məhsulu müqayisə etməyə cəhd göstərir və hər dəfə ciddi ziddiyyətlər alınır. 2006-cı ildəki maraqlı məlumatlar tapmışdıq (o vaxt belə qiymətlər verilmirdi). Demə, Azərbaycan MDB məkanına 50,  Ermənistan 150, Qazaxıstan 250 adda adda rəqabət qabiliyyətli mal çıxarır. Maraqlıdır, 10 ildə bu siyahıda nə dəyişiklik olub?

İqtisadiyyatın əsas problemlərin biri indiki yüksək inflyasiyadır. Hökumət bu il 7-8% inflyasiya hesablayıb. Amma ilin əvvəli göstərir ki, bu göstəricini əldə etmək çətin olacaq. Yanvarda dekabra nisbətən 2,3%, ötən ilin yanvarına nisbətən 11,9% inflyasiya olub. İlk göstərici birmənalı şəkildə onu deyir ki, idxal inflyasiyasının effekti azalır. Monetar inflyasiya yüksək olub və bu, AMB-nin depozit hərraclarında pul kütləsini niyə əsaslı surətdə sterilləşdirdiyini izah edir. İndi inflyasiyanın əsas amili hərəkətə keçir – iqtisadiyyatda inzibatçılığın və proteksionizmin yaratdığı sağlam olmayan və yetərsiz rəqabət. Amma bu, artıq institusional məsələdir, bununla da hökumət məşğul olmalıdır.

 

II yazı

 

YANACAQ-ENERGETİKA-SEKTORU

 

Wood Mackenzie-nin ötən ilki proqnozuna görə, 2001-2013-cü illərdə artım ildə  2,2%, qarşıdakı 20 ildə 1,4% olacaq. Səbəb Çində tələbin azalması, bərpa olunan enerji mənbələrinin artması və elektromobillərə keçiddir. Buraya «hərbi mükafatın» sıfırlanmasını da əlavə edək  .

Bir il sonra Wood MacKenzie analitikləri bidlirir ki, qiymət sabitliyi çox davam etməyəcək. Şirkətin tədqiqatlar üzrə direktoru Anqus Rocer hesab edir ki, 2017-ci ildə “Brent” neftinin orta qiyməti 1 barrel üçün $57 olacaq. «2018-ci ildə OPEK-in sazişinin başa çatması və ABŞ-da şist nefti istehsalı ilə bağlı qiymətin $53-a düşməsi gözlənilir», – deyə o bildirir.

Neftin qiyməti üzrə çoxsaylı proqnozçulara ötən ay Norveçin  Statoil konserni də əlavə olunub. Şirkətin rəhbəri Eldar Setre neftin uzunmüddətli perspektivdə $100-a bahalanmasını gözləmədiyini bildirib. Əvvəllər şirkətdə hesab edirdilər ki 2018-ci ildə neftin barreli $80, qarşıdakı 5-10 ildə $100 olacaq. Setrenin sözünə görə, yeni proqnozları daha realistdir: 2017-ci ildə $55, 2020-ci ildə, $75, 2030-cu ildə $80.

Neftin qiyməti ilə bağlı optimizm artır, amma ilk iki ayın sabitliyi aldatmamalıdır. O, daha çox OPEC və NOPEC ölkələrinin hasilatın azaldılması üzrə dekabr sazişi ilə bağlıdır. Hələlik şərtlərə əməl edilir. Yanvarda OPEC-in ümumi hasilatı əvvəlki aya nisbətən 890,2 min b/s azalaraq 32,139 mln b/s olub. Beləliklə, kartel öhdəliyə 92% əməl edib. Ruisya da öhdəliyə (300 min b/s) əməl edib, Azərbaycan isə kvotaya artıqlamasilə əməl edib. Onsuz da ölkədə hasilat azalır.

ABŞ-ın şist nefti istehsalçıları yeni vəziyyətə reaksiya verib. Fevralın ilk həftələrinin birində ABŞ-dan dünya bazarına 7 mln barrel neft tədarük edilib. Yəni OPEK-in azalma həcminin üçdə ikisi qədər. Bəzi analitiklər başqa şərtləri qeyd edir. Əvvəla, şist yataqları hüdudsuz deyil, ikincisi şist karbohidrogenlərin maya dəyəri bir neçə il düşəndən sonra (2 dəfədən çox) yavaşıdı, hətta artmağa başladı. Amma tam sabitləşmədən danışmaq hələ tezdir. Eyni zamanda, İran kimi iri istehsalçı daim hərəkətdədir və hasilat azaltmasına getmir. O, hasilatı sanksiyaya qədərki səviyyəyə çatdırır və Qərbin iri şirkətlərini neft-qaz hasilatı layihələrində iştiraka dəvət edir.

Azərbaycan, əlbəttə, ehtiyatına görə hasilat səviyyəsi yüksək olanlar kimi manevr edə bilmir. Bu ölkələr qiymət düşən kimi hasilatı artırır. «Qazprom”un ixrac qazının qiyməti 2016-cı ildə min kubmetr üçün $157,4 olub. Azalma 30,2%-dir.  Təbii ki, o,  2016-cı ildə qiymət ifadəsində $31,28 mlrd-dək azalıb,  amma 25,3% yalnız onun sayəsindədir ki, natura şəklində ixrac 7,1% artaraq 198,7 mlrd kubmetr olub. Uzaq xaricə tədarük 13,8% artaraq 164,7 mlrd kubmetr, MDB-yə 16,5% azalaraq  34 mlrd kubmetr olub.

Azərbaycanda neft hasilatı azalır və ilin yekunu üçün 1 mln ton azalacaq. Ona görə qiymətlərin indiki sabitləşməsi yerinə düşür. Yanvarda neft və qaz hasilatı üzrə məlumatlar Əlavədə verilir. Neft hasilatı 5% azalıb, əmtəəlik qaz istehsalı 8,5% artıb.

SOCAR fəaliyyətini daim yeni maliyyə şəraitinə görə korrektə edir. Bəzi layihələr ixtisar edilir, o birilərinə yeni kreditlər aranır.

Hasilatı necə artırmaq, heç olmasa, sabitləşdirmək olarmı? BP ilə AÇG üzrə sazişin 2050-ci ilə kimi uzadılması yaxşı qərardır. İlin ortasında sazişi imzalayacaqlar. Ortamüddətli perspektivdə bu saziş neft hasilatını sabitləşdirməyə imkan verəcək.

İkinci istiqamət «Şahdəniz-2» və “Cənub Qaz Dəhlizi” layihələri ilə problemlərin həllidir. Bu layihələr üzrə maliyyə və siyasi problemlər qalır. Amma Aİ və ABŞ-dan möhkəm siyasi dəstək var. Ayrı-ayrı həlqələrin kreditləşməsi işçi qaydada həll edilir, amma xeyli çətinliklə. Xoşbəxtlikdən infrastrukturlar ucuzlaşır. ТАР-ın (Trans-Adriatic pipeline) qiyməti 4,5 mlrd avro olacaq, deyə TAP konsorsiumunun baş direktoru Yen Bredşou “Anadolu” agentliyinə müsahibəsində bildirib. Əvvəl layihə 6 mlrd avro qiymətləndirilirdi.

Üçüncü istiqamət – Türkiyədəki iri layihələr də səmərəli oldu. 2016-cı ildə bu ölkədəki layihələrə 11 mlrd dollar xərclənib, deyə SOCAR Turkey Energy-nin baş direktoru Zaur Qəhrəmanov Energy Business jurnalına müsahibəsində bildirib. TANAP-ın qiyməti 8,5 mlrd dollar, STAR zavodunun qiyməti 5,7 mlrd dollar,  “Petlim” konteyner limanına ümumi yatırım 400 mln dollar, neft-kimya kompleksinin özü 2 mlrd dollardan çox, plyus 600 mln dollar investisiyadır. Bizim layihələr başa çatanda ümumi investisiya həcmi 18 mlrd dollar olacaq, deyə Qəhrəmanov bildirib və əlavə edib ki,  2016-cı il SOCAR Turkey üçün uğurlu olub.

Qaz-kimyanın inkişafı ilə bağlı SOCAR mümkün qaz qıtlığı məsələsini də unutmur. ВР 2016-cı ildə AÇG-dən SOCAR-a 2,75 mlrd kubmetr pulsuz səmt qazı verib. Bu, 2015-ci ildəkindən 14,1% azdır. SOCAR «Abşeron»un operatoru ilə çox ehtiyatla razılaşdı və ilk hasil edilən qazı (təxminən 2 mlrd kubmetr) SOCAR alacaq. Bu layihədə artıq irəliləyiş olacaq. Natural Gas World bildirir ki, Fransa “Total”ı bu iri qaz yatağı üzrə yekun investisiya qərarını 2017-ci ilin sonuna kimi qəbul edəcək, deyə şirkətin Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel 22 fevralda Londonda Beynəlxalq Neft həftəsində qeyd edib,. Onun sözlərinə görə, ilk qiymətləndirmə quyusu bu ilin sonunda qazılacaq. İlk qaz isə 2019-cu ildə əldə ediləcək.

Elektroenergetikada çoxlu problem var. Xarici borclar sahəni sıxır. Həm də ona görə ki, uzun illər o, STP və Bayraq Meydanı kimi paralel obyektlər yaratmaqla məşğul olub. Doğrudur, energetiklər bidlirir ki, STP klaster kimi işləyir və gəlir gətirir. Amma məlum deyil, bu, sahənin problemlərini, məzələn, gəlirliliyini necə həll edir? “Azərişıq” “Azərenerji”dən çıxarılandan sonra xarici borclarla bağlı vəziyyət pisləşdi. O, “Azərenerji”yə borclu qalıb və bu vəsait 2020-ci ilə kimi qaytarılacaq. Çünki paylayıcı şəbəkə dövlət zəmanəti ilə yeni kreditlər alıb. Buraya əmək məhsuldarlığının az olmasını və şəbəkələrdə böyük itkini əlavə etmək olar. Təəccüblü deyil ki, tariflərin artırılması məsələsi vaxtaşırı gündəmə gəlir. Sonunc dəfə dedilər ki, martdan tariflər 25-30% artırıla bilər. Amma hələ sakitlikdir və yaxşı məlumatlı reytinq agentliyi olan Standart&Poor hesab edir ki, bunun üçün əsas yoxdur. Amma faktdır ki, qənaətlə bağlı daha ucuz mazuta keçilir. Sahəyə kömək üçün hökumət mazut idxalına gömrük rüsumunu ləğv edib.

Alternativ Energetika üzrə Dövlət Agentliyi səmərəsiz xərcləmələrə yaxşı nümunədir. Onu 2000-ci illərə yaradıblar. Dünya istehsalında bərpa olunun enerjinin payı 2013-2020-ci illərdə 13-dən 22%-ə artmalıdır. 2015-ci ildə bərpa olunun energetika  329 mlrd dollar cəlb edib və 121 Gbt yaradıb. Günəş və külək enerjisində sıçrayış 30% olub.

Amma Azərbaycana bunun təsiri az olub. Agentliyə yüz milyonlarla dollar qoyulub və nəticə: 2016-cı ildə alternativ mənbələrdən əldə edilən elektrik enerjisi 2015-ci ilə nisbətən 8,64 dəfə artıb və  cəmi  83,8 mln kVt/saat olub. Külək və Günəş enerjisinin ümumi məhsulda payı cəmi 0,38% (!) olub.

Dövlətstatkom nədənsə mini-SES-lərdə istehsal edilən elektrik enerjisinin uçotunu aparmır. Onlar cəmi altıdır və birlikdə 13,8 MVt istehsal ediblər. Turan-ın energetika şöbəsinin hesablamasına görə, hətta bunlar nəzərə alınanda ölkədə alternativ energetikanın payı 0,6%-ə çatmır.  İsmayıllı mini-SES-də (3,6 MVt) ötən il hətta 8 mln KVt/saat elektrik enerjisi istehsal edilməyib.

Azərbaycanın elektroenergetikası etibarlı olub. Amma yüksək mənffətlilik də lazımdır.

 

III yazı

 

İNFRASTRUKTUR

 

Ötən onillikdə Azərbaycan infrastrukturun inkişafı üçün çox şey edib. Müxtəlif vaxtlarda infrastrukturun inkişafına fərqli aksentlər olub. Bir vaxt elektroenergetika hökumətin diqqət mərkəzində idi. Sonra avtoyol tikintisi, su təchizatında iri layihələr başladı. Belə görünə bilər ki, əsas infrastruktur problemləri həll edilib.

İnfrastrukturun vəziyyətinə yaxşı qiymət fonunda Asiya İnkişaf Bankının hazırladığı Meeting Asia’s Infrastructure Needs-in 2016-2030-cı illər üzrə hesabatına diqqət yetirmək lazım gəlir. Orda deyilir ki, Azərbaycanda dəmir yolunun sıxlığı 1 min kv km-də 0,2 kilometrə düşüb. Bank bunu əvvəllər tikilən yolların sıradan çıxması ilə bağlayır. Bu yolların keyfiyyətini o, 6 mümkün baldan 4 balla qiymətləndirib. Adama düşən elektrik enerjisi istehsalı 1,9 kilavata artıb, enerji itkisi isə 15%, 2000-ci illərin əvvəlindəki qədərdir. Bank həmçinin su təminatı şəbəkəsində sıxlığının ildən-ilə şəhərlərdə hər 1 min kv km-ə 0,5 km, regionlarda 1,9 kv km, kanalizasiya şəbəkəsinin isə müvafiq olaraq 1,2 və 3,3 kv km artıdığını etiraf edib.

Dərhal mənfəət gətirmək qabiliyyətinə malik infrastruktur sektorları var. Belələrinə, məsələn, mənzil bazarı aiddir. Bu bazarın inkişafını makroiqtisadi və sosial nöqteyi-nəzərdən yenidən qiymətləndirmək çətindir. Bununla bərabər, ev idarələrinin standart istehlak payı ÜDM-in 65-70% -i təşkil edir. Mənzil və onun xidmət xərci dünya üzrə bu rəqəmin 25% təşkil edir. Azərbaycanda artan maliyyə problemləri fonunda artıq bir neçə ildir, bu bazarda durğunluqdur. Əlbəttə, bu bazar ölkəyə çox lazım olan valyutanı gətirmir, ancaq ÜDM-in artımı üçün əsas motorlardan biri olaraq qalır. Hələ 2016-cı ilin aprelində hökumət sosial mənzillərin tikintisini stimullaşdırmaq üçün Mənzil Tikintisi üzrə Dövlət Agentliyi yaradıb. Binaların artıq birinci kompleksi hazırdır və may ayından bu mənzillərin imtiyazlı satışına başlanılacaq. Ancaq ən maraqlısı başqadı: agentlik tərəfdaşlıq üçün özəl tikinti şirkətlərini dəvət edib. Durğunluq şəraitində tikinti şirkətləri üçün bu, gəlir əldə etmək üçün imkandır. Bu, ona görə mümkündür ki, dövlət tikinti üçün hazır torpaq sahələri ayırır və infrastrukturu özü qurur, bu isə tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldır. Əgər bu, baş versə, onda bu infrastruktur layihələrində ilk dövlət-özəl sektor tərəfdaşlığı halı olacaq.

Fevralda eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin kreditləşməsi ilə bağlı fərmanın on ili tamam olur. BTQ bu illərdə çox əngəllərlə üzləşib – siyasi, maliyyə, texnoloji. Hökumət əvvəlcə yolu Qərb kreditlərinin hesabına tikmək istəyirdi. Amma onda Gümrüdən Qarsa mövcud yolun bərpası da aktual idi. Yəni kreditləşmədən imtina sırf siyasi xarakter daşıyırdı. Yolu layihə iştirakçılarının özünün hesabına tikməli oldular. Vaxt oldu ki, Gürcüstanın yeni rəhbəri İvanişvili korrupsiyaya işarə edərək bəyan etdi ki, yolun tikintisinin qiyməti şişirdilib. Türkiyə sahəsində dəfələrlə maliyyə problemi oldu. Sonra məlum oldu ki, Azərbaycan sahəsində yollar yenidən qurulmalıdır və bu məqsədlə DB-dan milyardlıq kredit alındı. BTQ maliyələşməyə başlayandan ARDNF ona 630,2 mln dollar (1 yanvar 2017-ci ilə olan məlumat) ayırıb. Bu vəsait ABB vasitəsilə “Marabda-Kartsaxi dəmir yolu” MMC-yə köçürülüb.  2016-cı ildə ARDNF layihəyə 41,9 mln dollar ayırıb. Dəhlizin pik buraxılış qabiliyyəti ildə 17 mln ton yükdür. İlkin mərhələdə bu göstərici 1 mln sərnişin və 6,5 mln ton yük olacaq. Onun bu ilin II yarısında istismara veriləcəyi gözlənilir.

On il, əlbəttə, BTQ kimi layihələr üçün çox böyük müddətdir. Amma, bəlkə, bu, yaxşıdır. Çünki Xəzərdən gələcək tranzit üzrə bir çox problemlər həllini tapmalıdır. Amma layihəyə ümid çoxdur – illik konteyner daşınması həcmi indiki  15 mindən 1 mln-a artacaq (və ya 5 mln konteyner, əgər belə yüksək vəzifə qoyulsa).

TRACECA-nın Azərbaycan üzrə katibi Akif Mustafayev bu yaxınlarda bildirib ki, TransXəzər beynəlxalq nəqliyyat marşrutu üzrə (TBNM) Astanada marşrut üzrə tarifi uzlaşdırıb. «TBNM üzrə vahid tarifin həlli aktual olur, bu isə vahid operator təyin edilməsi ilə nəticələnəcək», – deyə Mustafayev bildirib. Onun sözlərinə görə, tranzit uğuru dörd amildən asılıdır. – tariflər, servis (gömrükdən məişət xidmətinə kimi), yolda vaxt və təhlükəsizlik. Və prezidentə istinad edib, bildirib ki, ən qısa quru yoludur, amma hələ tam gücü ilə işləmir. Bakı Beynəlxalq Dəniz Limanında bütün liman strukturu yaradılıb. İndi quruda məişət xidmətinin qıtlığı problemi yaranıb. Bu günlərdə “Sınıq körpü” gömrük məntəqəsində işlər qaydaya salınıb.

 

Turan Analitika Xidməti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button