“Borçalı” Cəmiyyəti Gürcüstan səfirliyi qarşısına qara çələng qoydu

aa“Borçalı” Cəmiyyəti Gürcüstan səfirliyi qarşısına “Ədalətin qara günü” devizli qara çələng qoydu

“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətindən xural.com-a daxil olan məlumata görə, “Borçalı” Cəmiyyətinin İdarə Heyəti sədr Zəlimxan Məmmədli və sədr müavini Salman Murğuzovun Gürcüstana girişinə qoyulmuş əsassız yasaq qərarına etiraz olaraq oktyabrın 19-da Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında “19 oktyabr ədalətin qara günü” adında etiraz aksiyası keçirdi.

Aksiya səfirliyin önünə qara əklil qoymaqla başladı. Bundan sonra polislər müdaxilə etdilər, əklilin qoyulmasına, aksiyanın keçirilməsinə mane olmağa çalışdılar. Elbəyi Cəlaloğlu aksiya iştirakçılarına 2014-cü il 19 oktyabr tarixində Gürcüstan tərəfin “Borçalı” Cəmiyyətinin bəzi üzvlərinə tətbiq etdiyi yasaq qərarı ilə bağlı məlumat verdi və “Borçalı” Cəmiyyətinin fəaliyyətinin buna əsas vermədiyinə aydınlıq gətirən açıqlama verdi. Mövzuyla bağlı professor Telman Əliyev, fəlsəfə doktoru Qiymət Məhərrəmli əhatəli çıxış etdilər. Aksiyadan xəbər tutan səfirlik danışıq üçün Cəmiyyətin bir nəfər nümayəndəsi ilə görüş təklif etdi. Gürcüstanın Azərbaycandakı səfirinin müavini Sofia Otiaşvili Elbəyi Cəlaloğlunu qəbul etdi və aksiyanın məqsədini açıqlamasını ondan xahiş etdi. Elbəyi Cəlaloğlu “Borçalı” Cəmiyyətinin fəaliyyəti barədə ətraflı danışaraq Gürcüstanın bu yasaq qərarına əsas verən heç bir faktın olmadığını söylədi və Cəmiyyət üzvlərinə və onun sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulmuş bu yasaq qərarının “Borçalı” Cəmiyyətinə, Gürcüstanda yaşayan soydaşlarımıza hörmətsizlik olduğunu dedi, eləcə də bunun demokratik prinsiplərə zidd addım kimi dəyərləndirdiklərini səfirlik nümayəndələrinin nəzərinə çatdırdı. Səfir müavini Sofia Otiaşvili deyilən fikirlərə hörmətlə yanaşdığını və Gürcüstan hökumətini bu məsələylə bağlı dərhal məlumatlandıracağını ifadə etdi. O, yasaq qərarına əsas verən hər hansı faktın olmayacağı təqdirdə qərarın ləğv ediləcəyinə inandığını söylədi. Görüşün sonunda Cəmiyyət nümayəndəsi aksiyanın qətnaməsini səfirin müavininə təqdim etdi. Aksiya dinc qaydada sona çatdı.

19 oktyabr tarixində Bakı şəhərindəki  Gürcüstan səfirliyi qarşısdında “Borçalı” İctimai Cəmiyyəti adından  piket iştirakçılarının qətnaməsi

 “Borçalı” İctimai Cəmiyyəti hər zaman Azərbaycan və Gürcü xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsinə çalışmışdır. Cəmiyyət öz fəaliyyətində hər iki ölkə qanunlarına və Beynəlxalq hüquqa sayğılı davranmış, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində soydaşlarımızın vətəndaş hüquqlarının qorunmasına çalışmışdır. “Borçalı” Cəmiyyəti  Gürcüstanda baş verən siyasi prosesə müdaxilə etməmiş, tərəfsizliyini qoruyub saxlamışdır. Soydaşlarımızı Gürcüstan dövlətçiliyinə, gürcü dilinə və mədəniyyətinə sayğıya dəvət etmişdir.

“Borçalı” İctimai Cəmiyyəti etnik separatçılığa qarşı olmuş, Hər zaman Gürcüstanın milli maraqlarını müdafiə edərək, qeyri rəsmi diaspor təşkilatı funksiyasını yerinə yetirmiş, cəsarətli addım ataraq Gürcüstan siyasi hakimiyyətinə Azərbaycanda Gürcüstanın diaspora təşkilatı kimi tanımaları üçün rəsmi müraciət ünvanlamışdır.

  Təəssüf ki, təşkilatın fəaliyyəti Gürcüstanın indiki siyasi hakimiyyəti tərəfindən  düzgün qiymətləndirilməmiş, heç bir əsas olmadan, sırf siyasi mülahizələrlə Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin 19 oktyabr 2014-cü il tarixindən Gürcüstana, öz ata ocağına girişinə qadağa qoyulmuşdur. Bundan əvvvəl isə, 26 iyun 2014-cü il tarixində  Cəmiyyət sədrinin müavini Salman Murğuzovun da  Gürcüstana buraxılmasına yasaq qoyulmuşdur.

“Borçalı” Cəmiyyətinin İdarə Heyəti Baş verən hadisəni Gürcüstanın təhlükəsizlik orqanları ilə siyasi hakimiyyətin radikal qanadının soydaşlarımıza qarşı sağlam olmayan münasibəti, təxribatı kimi qiymətləndirmişdir.

            “Borçalı” Cəmiyyəti bölgədə yaranmış mürəkkəb siyasi situasiyanı, hər iki dövlətə qarşı təhdid intensivliyini, üzv və on minlərlə tərəfdaşı qarşısında məsuliyyətini dərk edərək dözümlü davranmağa çalışmış, hadisəni siyasiləşdirməmiş, hüququn aliliyi və Gürcüstandakı demokratik islahatlara güvənərək ədalətin bərpa ediləcəyinə inanmışdır. Təəssüf ki, ötən dövr ərzində Gürcüstanın bütün səviyyəli hakimiyyət orqanlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Artıq cəmiyyətin sədrinə qarşı tətbiq edilən qərardan 1 il ötür. Azərbaycan ziyalıları, siyasi partiyaları, qeyri hökumət təşkkilatları, Gürcüstanda yaşayan soydaşlarımızın təkidli müraciətlərinin də cavabsız qalması “Borçalı” Cəmiyyətini və Borçalı türklərini ciddiliyi ilə narahat etməkdədir.

            “Borçalı” Cəmiyyəti sədr Zəlimxan Məmmdəlinin və müavini Salman Murğuzovun Gürcüstanın dövlət və milli marağını təhdid edən bir əməl sahibi olmadığını nəzərə alaraq bir daha bəyan edir:

  • Zəlimxan Məmmədlinin və Salman Murğuzovun Gürcüstana girişinə yasaq qoyulması iki xalq və dövlət arasında etimad mühitini sarsıtmağa hesablanmış təxribat kimi qiymətləndirilsin və məsuliyyət Gürcüstan tərəfinin üzərində hesab olunsun;
  • Bu hadisə Gürcüstanın indiki iqtidarının “Borçalı” Cəmiyyətinə və bütövlükdə Gürcüstan türklərinə qarşı sağlam olmayan münasibəti kimi qiymətləndirilsin;
  • Gürcüstan siyasi hakimiyyəti və hüquq sistemindən Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana maneəsiz gediş-gəlişini təmin etməsi tələb olunsun;
  • 19 oktyabr tarixi simvolik olaraq “Ədalətin Qara günü”hesab olunsun;
  • Bir ay müddətində Gürcüstan tərəfdən baş verən olaya rəsmi açıqlama verməsi tələb olunsun;
  • Ədalət bərpa olunmayacağı təqdirdə baş verəcək hadisələrə görə Gürcüstan tərəfin məsuliyyət daşıdığı qeyd edilsin;
  • “Borçalı” Cəmiyyəti hüququn imkan verdiyi səviyyədə haqq mübarizəsini davam etdirəcəyini, Avropa İnsan Hüquqları Məhkəməsi də daxil, bütün Beynəlxalq təşkilatları Gürcüstanda insan haqlarının kobud surətdə pozulmasına yönəldəcəyini bəyan edir.

“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti adından piket iştirakçıları

19 oktyabr 2015-ci il, saat 12-30

a

aaaaaaa

aaa

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button