Böyük Qadın – Leyla Yunus

Nurəddin Xoca

Tək qalsan da döyüş!..

Bir əsgər də meydanda ordu deməkdir!

“İ odin na pole voin!”

Rus atalar məsəli

Azərbaycan deyilən məmləkət haqqında çox yazmışıq. Əslində, bizdə gözəl qanunlar var. Amma! Bax, bu “amma”lar hər şeyin axırına çıxır.

Azərbaycan Konstitusiyası da qara hərflərlə ağ kağızda yazılıb.

“Şəxsi mülkiyyət toxunulmazdır.” Vətəndaşın şəxsi mülkiyyətini ancaq dövləti əhəmiyyətli tikintilər gedəndə, dövlət vətəndaşını razı salmaq şərti ilə onun mulkiyyətinə əl qoya bilər. Bəs bizdə necədir? Gəlirlər, mülkünün dəyər-dəyməzini verirlər (ən yaxşı halda) və yaxud bir bəhanə tapıb vermirlər, sonra vətəndaşı atırlar küçəyə. Bax, bizdə belədir. Heç bir qanun buna yol vermir. “Qış bulvarı” bəyəm dövlət əhəmiyyətlidir? Orada dövlət nə edəcək? Ballastik raketlərmi yerləşdirəcək? Bəlkə strateji əhəmiyyətli yol çəkəcək? Yox, əsla yox! Sadəcə, adından da ğöründüyü kimi “qış bulvarı” salacaq. Sonra bu bağda bizim oliqarx məmurlar “obyektlər” açacaq. İndi deyəcəklər ki, yox, elə şey ola bilməz, “şəxsən Cənab Prezidentin əmridir, heç nə tikilməyəcək.” Bəsdirin, ağalar, bütün “tikdiyiniz” parklar – içi bulvar qarışıq – göz qabağındadır. Orada olan “obyekt”ləri hamı görür. Yadınıza salmaq istəyirəm, iki-üç il bundan qabaq bulvarda olan “obyekt”ləri də sökəndə, and-aman edirdiniz ki, burada heç nə tikilməyəcək. Nə oldu?

Nə isə, keçək evlərə. Nə qədər vaxtdır Fizuli meydanından tutmuş üzü Saraya evləri haq-nahaq zorla camaatın başına uçururlar. Verdikləri kompensasiyaya bəzi adamlar nəinki ev, heç tövlə də ala biməz (Bu yaxınlarda qətllə bağlı qalmaqalda Bakı İcra Hakimiyyətinin Rufan adlı bir işçisinin adı hallandı. Camaata veriləsi kompensasiya ilə bağlı qalmaqalda adı hallanan Rufan bəy deyilmi, əcəba?!). Təklikdə, balaca qruplarla mübarizə aparan sakinlər heç nəyə nail ola bilmirdilər. Baxmayaraq ki, qanunlar onların tərəfində idi. Heç kim qanuna-zada məhəl qoymur, camaatı polis gücünə küçələrə tökürdülər. Etiraz edənlərə də deyirdilər ki, “Nə qanun əəə, heç kimdən qorxmuruq, boşaldın evləri.”

Bəs nə oldu? Niyə birdən-birə qurbağa gölünə daş atıldı? Kiçik bir mübariz Qadın (böyük hərflə yazılmağa layiqdir) eynən 1988-ci ildəki kimi, əli dəyənəkli zırpı polislərin qabağına çıxdı və qələbə çaldı. Onun evi onun qalasıdır və o, bu qalanın uğrunda döyüşərək sübut etdi ki, meydanda tək döyüşən əsgər də qalib gələ bilər. Haqlı olduğuna inanaraq bu dövlətin vətəndaşı olduğuna və bu dövlətin Anayasasının ona verdiyi haqqa hörmət etdiyi üçün vuruşdu. Qanunsuzluğu əlində bayraq edən, öz dövlətinin qanunlarına nifrət edən bir güc, zor maşını ilə vuruşub qalib gəldi bu balaca, əslində isə böyük Qadın.

İ.S. Mən Leyla Yunusu 1988-ci ildən tanıyıram. O, o vaxtdan dediyi sözdən dönməyən yeganə kişilərdən biridir. Bizim fikirlərimiz çox vaxt üst-üstə düşməyib. Lakin bu xanımın haqq-ədalət uğrunda apardığı qeyri-bərabər mübarizədə mən onu dəstəkləyirəm və hamıya onu örnək göstərirəm.

Əgər bütün haqları tapdananlar bu cür öz halal haqları uğrunda mübarizə aparsalar, zülmkarlar geri çəkilərlər. Axı əzilənlər, haqsızlığa uğrayanlar bütün xalqdır. Əgər bu gün sənin qapını çalmayıblarsa, heç də sevinmə, sabah növbə sənə də çatacaq. Ona görə də bir olaq, bərabər olaq, hürr olaq. Onda ədalət qalib gələcək, qanunlar işləyəcək, heç kimin evini başına yıxmayacaqlar, heç kimi yazısına, fikrinə görə tutmayacaqlar. Onda əsl ədalət məhkəmələrinin qarşısında hamı bərabər olacaq!!!

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button