Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir…

Ilhamiyy'İlhamiyyə Rza

Televiziyaların bizə sırıdıqları “qəhrəmanlara” yox deməyin zamanı gəlib çatıb

Dünən ATV də məlum aparıcının dediklərinə bir televizyonçu və bir vətəndaş olaraq münasibət bildirmək istərdim. Bir dəfə də bu barədə yazmışdım ki, vaxt vardı şəxsiyyətə pərəstiş edilirdi, indi də şəxsiyyətsizliyə pərəstiş dövrüdür. Tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan. Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yürüdür. Amma hər şeyin də bir həddi var…

Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu, faciədir, o, efirdə mərsiyə də deyərdi… Bu haqda Facebook-da bir status da yazmışdım: faciənin ilk gecəsi, rəfiqəm hadisə yerinə çiçək dəstələri aparmışdı və onunla kobud rəftar edib ordan uzaqlaşdırmışdılar polislər. Bir gün sonra isə, eyni məqsədlə gələnlərə imkan yaradıb güllər üçün xüsusi yer də ayrımışdılar. Çünki artıq bununla bağlı göstəriş almışdılar. Tam öz vicdanı, mövqeyi olmayan zombilər kimi…
Mətanət prezidentin müşavirəsində deyilənləri eşitsəydi, prezidentin də bu hadisəni faciə adlandırmasını görsəydi, əlbəttə ki, belə danışmazdı… Yaxud, ölkədə matəm elan olunsaydı, başqa cür danışardı…

Televiziyaların bizə sırıdıqları “qəhrəmanlara” yox deməyin zamanı gəlib çatıb. Mən Mətanətin dediklərinə haqq qazandıranları, empati qurmğa çağıranları qətiyyən anlamıram. Uzun illər canlı efirdə çalışan bir insan kimi, əmin edirəm ki, heç kimin üstünə tapançanı yönəldib, bunu de, bunu demə kimi bir durum yoxdur. Yadımdadır, bir dəfə Britaniya səfiri efirimizdə olanda, 20 ci əsrin əvvəlində Bakıya işğalçı olaraq gəlmiş Denstervil əskərlərinin abidəsinə həqarət mövzusunu müzakirə edirdik.

Efirin bitməsinə 40 dəqiqə qalmış, qulaqcıqla əmr gəldi ki, verilişi təcili olaraq major notlarla bitirim. Mən buna məhəl qoymadan veriişi necə planlaşdırmışdımsa, eləcə də bitirdim. Ertəsi gün isə, maraqlı veriliş üçün təşəkkür də aldım. Özümü örnək gətirmirəm, bu, sadəcə efir təcrübəmdən bir nümunə idi.

Canlı efirdə, vətəndaş mövqeyi olan insanlar olmalıdır -əlbəttə ki, vətəndaş yetişdirmək istəyiriksə. İstəmiriksə, Sədərək bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq…

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button