“Bu komanda ilə islahatlar mümkün deyil”

arastun

Ərəstun Oruclu: “Müxalifət açıq şəkildə nümayiş etdirdi ki, o, ölkədə sabitliyin qorunmasında maraqlıdır”;

Azərbaycanda milli valyutanın devalvasiyası, həmçinin, bahalaşmanın mövcudluğu şəraitində bir sıra pozitiv addımların müşahidə olunması müzakirə mövzusudur. Xüsusilə də gömrük sadələşdirilməsi, istehsala yönəlik təşəbbüslərə dəstək verilməsi, kadr yenilənmələri kimi addımlar təqdirlə qarşılanır və ciddi islahatların anonsu kimi dəyərləndirilir. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətimizə bu məsələdən başladıq:

– Ərəstun bəy, son zamanlar atılan müsbət addımların, verilən müsbət qərarların fonunda yaxşılığa doğru nələrinsə olacağı qənaəti formalaşmaqdadır. Siz necə, bu optimizmi bölüşürsünüzmü?

– Şübhəsiz ki, müəyyən hərəkətlilik hiss olunur. Nəzərəçarpan budur ki, bir müddət ölkədəki iqtisadi çətinliklərə, sosial problemlərə, milli valyutanın devalvasiyasına baxmayaraq, hökm sürən durğunluğun bir növ yeni fazaya keçməsi müşahidə olunur. Görünən budur ki, məsələn, müəyyən kadr dəyişiklikliyinə başlanılıb. Yeri gəlmişkən, bu məsələdə də ictimai rəyin təsiri özünü göstərir. Son vəzifədən xaric olunan icra başçıları, onların hərəkətləri, davranışları haqqında ilkin məlumatlar, bilirsiniz ki, sosial şəbəkələrdə yayıldı, bundan sonra ictimailəşdi, bir qədər də mediaya çıxdı. Nəticədə onlar tutduqları vəzifədən azad olundular, özü də öz ərizəsi ilə, yəni formal qaydalarla yox, konkret olaraq məhz tutduqları vəzifəyə uyğun olmadıqlarına, etimadı itirdiklərinə görə. Hesab edirəm ki, bu, yaxşı haldır, müsbət tendensiyadır. İnanmaq istəyirəm ki, bu tendensiya davam edəcək. Çünki həqiqətən də bu gün layiq olmadığı postu tutan xeyli kadrlar var ki, onlar nəinki ölkəyə, cəmiyyətə, artıq hakimiyyətin özünə ağır yük olub və ciddi problemlər yaradırlar. Əgər hakimiyyətin siyasətində artıq bu tip kadrlardan yaxa qurtarmaq qərarı verilibsə, buna müsbət yanaşmaq lazımdır. Digər tərəfdən, hələlik rəsmi səviyyədə olmasa da, ölkə üçün həm daxildə, həm onun xaricində, beynəlxalq aləmdə ciddi problemlər yaradan siyasi  məhbus məsələsi, bu problemin həlli barədə pozitiv fikirlər söyləmək olar. Gözləntilər var. Ehtimallar var ki, bu məsələ həll oluna bilər. Xüsusən də qarşıdan Novruz bayramı gəlir,  mart ayında adətən, ənənəvi olaraq belə addımlar atılır.

– Necə bilirsiniz, bu problemin həlli hansı zərurətdən irəli gələ bilər? Yəni deyirsiniz artıq hakimiyyət bu problemin həll olunmalı olduğunu qəbul edir?

– Hakimiyyət özü də artıq bunu hiss edir. Çünki dediyim kimi, bu məsələ artıq hakimiyyət üçün ağır bir yükə çevrilib, bu yükü daşımaq mümkün deyil. Digər tərəfdən, ölkənin daxilində də bu məsələ növbəti dəfə geniş formatda, geniş rakursda ictimailəşib, gündəmə gəlib,  artıq müraciətlər olur ki, bu məsələni bağlamaq, insanları azad etmək lazımdır. Həmçinin, beynəlxalq aləmdən bu məsələyə marağın artması faktı ortadadır. AŞPA prezidenti Aqramunt Azərbaycanda səfərdə  oldu və onun həbsxanada İlqar Məmmədovla görüşməsi məncə, məhz siyasi məhbus məsələsinin həllinə eyham idi.

– Adətən, hakimiyyət siyasi məhbus məsələsinin qabardılmasına qıcıqlı reaksiya verir, hətta həmin şəxslər əfv siyahısından kənarda saxlanılır. Bu dəfə oxşar situasiya yarana bilərmi?

– Mən bunu düşünmürəm. Hakimiyyət beynəlxalq səviyyədə təpkilər olanda inkarçılıq və əksinə getmə yolunu tutur. Ancaq indi biz təpki görmürük. Birincisi, Aqramunt AŞ PA prezidentinin Azərbaycana, Azərbaycan hakimiyyətinə loyal yanaşmış bir şəxsdir, bu gün AŞPA prezidentidir. Hesab edirəm ki, onun bu məsələ ətrafında daha açıq və hərtərəfli danışmaq imkanı olub. Sadəcə, özü bu barədə heç bir açıqlama vermədi. Amma bu, artıq ilk növbədə daxili tələbatdan, daxili ehtiyacdan yaranan bir reallıqdır ki, siyasi məhbuslar azad olunmalıdır, bu problem öz həllini tapmalıdır. Düşünürəm ki, bu cür düşüncə, yanaşma artıq hakimiyyətdə də var. Bilirsiniz ki, bu məsələ hal-hazırda ABŞ  Konqresinə təqdim olunmuş qanun layihələrində də Azərbaycana müəyyən təhdidlər yaradır. – baxmayaraq ki, sanksiyalarla bağlı həmin qanun layihələrinə bir çoxları ciddi yanaşmır. Mən hesab edirəm ki, bu, ciddi məsələdir. Sanksiyalarla bağlı məsələnin məhz qanun layihəsi şəklində təqdim olunması xeyli ciddi risklər doğuran amildir. 907-ci düzəlişi 25 ildən artıqdır həm ABŞ, həm Azərbaycan tərəfdən xeyli insanlar çalışsa da,  ləğv etmək mümkün olmadı. İndi yeni bir sanksiyaları nəzərdə tutan qanunun qəbulu çox ciddi problemlər yarada bilər, təkcə münasibətlərə yox, həm də Azərbaycanın özünə.

– Sanksiya layihələri sanki Domokl qılıncı kimi Azərbaycanın başı üzərindən asılı saxlanılıb. Sizə elə gəlmirmi ki, bu, hardasa təhdid rolunu oynayır?

– Bu, təhdid deyil. Məsələyə bir qədər obyektiv, realist yanaşmaq lazımdır. Konqresə qanun layihəsi təqdim olunursa, ona müəyyən bir müddətdə baxılması zərurəti yaranır. Buna təhdid demək düzgün deyil. Ona görə ki, artıq bu, artıq müzakirəyə çıxarılmaq üçün təqdim olunmuş qanun layihəsidir. Bunun müzakirəsi iki ay tez, iki ay gec hökmən olacaq. Müzakirə olunan layihə ilə bağlı da müvafiq qərar qəbul ediləcək.

– Amma İlham Əliyev-Barak Obama görüşünün olması və ordakı  müzakirələr vəziyyəti kəskin şəkildə dəyişə bilər, razılaşırsınız?

– Bu görüşün baş tutması üçün ilk növbədə siyasi məhbus məsələsi öz həllini tapmalıdır. Mən düşünürəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində Obama Administrasiyası – özü də bu, asan seçkilər olmayacaq, Demokratlar Partiyasının daxilində də namizədlər arasında kifayət qədər kəskin mübarizə gedir – xeyli sayda siyasi məhbusları olan ölkənin rəhbəri ilə görüşərək özünü medianın, beynəlxalq təşkilatların hədəfinə gətirmək istəməyəcək.

– Amma indiki həssas dönəmdə Azərbaycanı kənara itələmək onu Rusiyanın ağuşuna atmaq demək olardı… 

– Bu, köhnə nağıldır.

– Köhnə olsa da, yenə aktualdır… Roqozinin Bakıya qəfil səfəri bu “nağıl”ın həm də təzə olduğunu isbatladı…

– Aktualdır, amma bu gün aktual olan başqa məsələlər də var. Bu gün ABŞ konkret olaraq Rusiyanın özünü hədəfə alıb. Ona görə kiminsə Rusiyaya birləşməsi, yaxınlaşması ABŞ üçün elə böyük risk yaratmır, xüsusilə də Azərbaycan. Azərbaycan özü bu məsələdə maraqlı deyil. Yəni acığa düşüb Rusiyaya birləşmək…Hansı Rusiyaya, batmaqda olan, problemli Rusiyayamı? Azərbaycanın iqtisadi maraqları onu Rusiyadan məsafədə dayanmağa sövq edir. Çünki bu günlərdə Bakıda Cənub-Qərb Dəhlizi ilə bağlı növbəti toplantı keçirildi və burada Qərbin enerji təmsilçiləri kifayət qədər yüksək səviyyədə təmsil olunmuşdu. Deməli, Bakı da bu əməkdaşlıqda maraqlıdır.

Tutaq ki, Azərbaycan-Qərb anlaşması alınmayacaqsa, Bakı insan haqları məsələsinə görə gedib Rusiyanın himayəsinə keçəcəksə, burada kimin itkisi daha çox olacaq? Əlbəttə ki, Azərbaycanın itkisi daha çox olacaq. Çünki bu halda sanksiyalar işə düşəcək və həmin sanksiyalarda enerji əməkdaşlığı da konkret bir bənd olaraq göstərilib. Mən düşünmürəm ki, Azərbaycan tərəfindən daim istifadə olunan o təhdid bu gün işləyəcək. Fikrimcə, onun işləmək ehtimalı çox azdır. Çünki Vaşinqton artıq onun zəif tərəfini tutub. Zəif tərəfi budur ki, belə bir addım atılması Azərbaycanın, rəsmi Bakının öz marağına ziddir, ilk növbədə özünə ziyandır. Səbəb nədir? Mən siyasi məhbusları azad etmirəm. Bu qiymətə dəyərmi? Təbii ki, dəyməz.

– Bəs, bu variant mümkündürmü ki, rəsmi Bakı Qərbin münasibətini saf-çürük edib məcburən şimala üz çevirə bilər? 

– Xeyr, bu, mümkün deyil. Siyasi məhbusları azad etməmək istəyinə görə belə bir addım atılarsa, bu, artıq siyasi addım deyil, siyasətdən uzaq bir şeydir.

– Əgər sanksiya məsələsi reallaşarsa, onda necə?

– Sanksiya məsələsinin də səbəbi siyasi məhbuslardır.

 – Martdan sonrakı ayları siyasi məhbuslarsız Azərbaycan kimi xarakterizə edənlər var. Siz necə düşünürsünüz? 

– Mən də belə fikirləşirəm. Hesab edirəm ki, artıq soyuq başlı siyasi yanaşma bunu tələb edir və fikrimcə, bu, olacaq.

– İndiki situasiyada başqa hansı addımların atılmasını gözləyirsiniz? Görünən budur ki, artıq hakimiyyət ictimai rəyi nəzərə alır, mətbuat yazılarına həssas münasibət var. Sizin ideya və təklifləriniz varsa, buyurun. 

– Mətbuat hakimiyyət tərəfindən həmişə izlənilib. Sadəcə olaraq, ictimai rəy nəzərə alınmayıb. Amma indi ictimai rəyi nəzərə almağa başlayıblar və bu, müsbət tendensiyadır. İctimai rəylə hesablaşmaq da indiki şəraitdə, indiki həssas məqamda çox zəruridir. Hansı addımlar atılmalıdır? Təbii ki, birincisi, iqtisadi islahatların həyata keçirilməsi çox vacibdir. Bazarın liberallaşdırılması istiqamətində addımlar atılır, amma hələlik bunlar yarımçıq addımlardır. Burda kompleks yanaşma olmalıdır, çox əsaslı, fundamental islahatlar həyata keçirilməlidir. Zaman yoxdur. Deyək ki, aqrar sektorla bağlı biz hələ fevral ayının əvvəllərində təklif vermişdik. Demişdik ki, kənd təsərrüfatı məhsulları istehsal edən kiçik və orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən istehsala yönəlik subsidiyalar ayrılsın. Artıq yaz-tarla işləri başa çatmaq üzrədir, adətən, bu işlər martın sonunadək yekunlaşır. Lakin bu addımlar atılmadı. Deməli, ölkə yay aylarında da xeyli dərəcədə idxal məhsullarından asılı olacaq. Deməli, bazarda bahalıq olacaq. Nəzərə alaq ki, manat addım-addım dəyərini itirməkdə davam edir. Yəni bu işlər sürətlə həyata keçirilsəydi, Azərbaycan üçün çox faydalı olardı. Amma təəssüf ki, bu addımlar atılmır.

– Vaxtaşırı belə fikirlər eşidilir ki, “inqilabsız keçinmək mümkün olmayacaq”. Necə bilirsiniz, mövcud şərtlər çərçivəsində belə yanaşmalar yerindədirmi? Bu gün fors-major hadisələr Azərbaycana nə dərəcədə fayda verə bilər?

– Mən inqilab məsələsi  ilə bağlı dəfələrlə fikrimi bildirmişəm. İnqilab zorakılıqdır. Vəziyyəti inqilab həddinə çatdırmaq heç kəsə lazım deyil. İnqilab elə bir şeydir ki, bu, ölkənin daxilinə kənar müdaxilələr üçün imkan yaradır. Bu isə faciə, fəlakət deməkdir. Ən yaxşı, ən yumşaq halda ölkənin suverenliyinin xeyli dərəcədə itirilməsi deməkdir. Bu baxımdan mən heç vaxt bu yolu alqışlamamışam. Hesab edirəm ki, praqmatik islahatlar istiqamətində hesablanmış addımlar atmaq həmişə mümkündür.

– Hətta bu komanda ilə də?

– Komanda korrektə olunmalıdır, bu  komanda ilə mümkün deyil, əlbəttə. Komandanın korrektə olunması prosesi gedir, amma çox ləng gedir, vaxt itirilir. Amma əsas siyasi iradədir. Siyasi iradə varsa, bunu həyata keçirmək mümkündür. Siyasi iradə olan yerdə komanda dəyişmək məsələsi artıq texniki məsələdir.

– Siyasi iradə varmı? 

– İstək görünür.

– Siyasi müxalifətin bu prosesdəki mövqeyi necə, qaneedicidirmi?

– Azərbaycanda müxalifət çox rəngarəngdir. Bütün bu sosial-iqtisadi böhran dönəmində müxalifət açıq şəkildə nümayiş etdirdi ki, o, ölkədə sabitliyin qorunmasında maraqlıdır, ölkənin milli maraqlarının riskə atılmasında maraqlı deyil və bu istiqamətdə pozuculuğa əl atmır və s. Bu mövqe çox sağlam bir mövqedir və iqtidar da bunu nəzərə almalıdır.

– Ötən həftə ərzində Qərbdən də Bakıya çoxsaylı səfərlər oldu, Rusiya rəsmisi də gecəyarı Azərbaycana gəldi. Sizcə, Azərbaycan uğrunda savaşda kim daha çox qazandı? 

– Bu gün bunu söyləmək çətindir. Hələ ortada konkret nəticə yoxdur. Nəticələrdən biri hələlik budur ki, Azərbaycanın Avropanın enerji təchizatında iştirakı növbəti dəfə təsdiqləndi və növbəti dəfə buna “yaşıl işıq” yandırıldı. Bu baxımdan hesab etmək olar ki, hələlik uduş Azərbaycandadır. Qalır bunu inkişaf etdirmək. Bunu inkişaf etdirmək üçün indiki ikitərəfli sıxıntı şəraitində çox çevik manevrlər olmalıdır ki, itkisiz şəkildə bu mərhələdən çıxa bilək.

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button