Bu seçkilərdə millətin namusuna toxunuldu!!!

parlament seckileri 2010Ölkə – siyasi partiyalar, beynəlxalq təşkilatlar, əhali seçki şoku yaşayırlar!!!

Siyasi təşkilatlar, milli-demokratik düşərgə və ayrı-ayrı fərdlər toparlanmalıdır!!!
Hakimiyyət özünə yaxın bildiyi bölgələri və bütövlükdə Azərbaycanı itirdi!!!

Seçkilərin, əslində isə Milli Məclisə 4-cü çağırış təyinatın baş tutmasından sonra cəmiyyətdə ciddi və ağır şok yaşanır. Əvvəlkilərdən fərqli olaraq bu seçkilərdə nə küçələrə çıxan, nə etiraz edən, nə də təpəsinə dubinka yeyən olmadı. Olmadı, amma yenə əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdən sonra cəmiyyətdə için-için bir gərginlik atəşi fitillənməyə başladı.


Nə olursa olsun, seçkilərdən sonra səsini çıxaran, dəyirmi masalar keçirən, nələr olub-bitdiyini müzakirə edən bir şərait görmədik və qəribə orasındadır ki, bu məsələdə aktivlik nümayiş etdirməli olan televiziya kanalları və aparıcı mətbuat orqanları da sıradan geridə qaldılar. Televiziya kanallarını başa düşdük – onları hakimiyyət tam zərərsizləşdirib. O zaman haqlı bir sual meydana çıxır – bəs qəzetlər?! Onlar da deyəsən, baş redaktorlarının seçki şokundan hələ ayılmayıblar. Söhbət təbii ki, ölkənin informasiya sahəsinin əsas aktyorlarından olan «Azadlıq» və «Yeni Müsavat» qəzetlərindən gedir…

Hamı seçki şokunda ikən, «Xural» mövzunu masaya yatırmaq qərarına gəldi. Seçkiyə qatılan və nəticələrdən narazı qalan namizədlərin qatılımı ilə bir dəyirmi masa düzənlədik. Dəvət etdiklərimizdən söz verib qatılmayanlar olsa da, qatılanlar da oldu və masanın keçirilməsindən sonra aldığımız reaksiyalar onu göstərdi ki, bu tip dəyirmi masalara hələ çox ehtiyac olacaq. Təbii ki, təyinat rəsmiləşəndən sonra Milli Məclisə təyin olunan və seçkilərin şəffaf keçirildiyini iddia edən deputatları da toplantılarımıza dəvət edəcəyik. Hələlik isə, danışır «Xural»ın «Mətbuatda Canlı Yayın» rubrikası altında keçirdiyi dəyirmi masa. Bu masada seçki adı ilə təşkil olunan aksiyada nələr baş verdiyindən bəhs etdik… Qərarı isə Siz verəcəksiniz, Əziz «Xural» Oxucuları…

Seçkilərdə saxtakarlıq olub…

Əvəz Zeynallı – «Xural» qəzetinin baş redaktoru: 7 Noyabr seçkilərindən sonra ölkə daxilində maraqlı bir gərginlik yaşanır… Fırtına öncəsi bir gərginlik… Amma həm televiziya ekranlarında, həm də yazılı mətbuatda bu hadisəyə olmuş və bitmiş hadisə kimi baxırlar və onu təhlil etməyə can atmırlar. Sanki ölkəni bir sükunət basıb. Bilmirəm, buna fırtınaqabağı səssizlik demək olarmı? Yoxsa ümumiyyətlə, bu seçki ilə hər şeyə son qoyuldu? Məxsusən, Azər Həsrətə təşəkkür edirəm ki, həftənin əvvəlində onun facebook səhifəsində yayımladığı seçkilərdə edilən saxtakarlıqla bağlı videogörüntülər bəzi qərarlar qəbul etməyimizə səbəb oldu. Seçki Dairələrində, məntəqələrində yeni üsullarla çəkilmiş videogörüntüləri görəndən sonra artıq həqiqətən də saxtakarlıqların baş verdiyini hakimiyyət heç cür inkar edə bilməz. Ona görə də istədik ki, bu saxtakarlıqlarla üz-üzə qalan bir çox namizədləri redaksiyamıza dəvət edək və artıq keçirilmiş seçkilərlə bağlı fikirlərini öyrənək. Əslində, bizim düşüncələrimizə görə, həm seçkiöncəsi təbliğat zamanı, həm də onun nəticələri ilə bağlı televiziyalarımızda fasiləsiz olaraq canlı yayım proqramlaprı sərgilənməli, açıq müzakirələr, debatlar keçirilməli idi. Qəzetlərimiz dəyirmi masalar keçirərək, ora siyasətçiləri, namizədləri dəvət etməli və onların fikirlərini yayımlamalı idilər. Hətta siyasi partiyalar belə bu günkü kimi deyil, daha akitiv bir şəkildə mətbuat konfransları, seçkilərin nəticələri ilə bağlı etiraz aksiyaları keçirməli, geniş müzakirələr aparmalı idilər. Lakin biz bunun heç birini görmədik. Hətta seçkilərdə nələr baş verdiyini analiz edib, şərh edən yazarlarımız da elə bil bu mövzuya girməyə çətinlik çəkirlər. Sanki həqiqəti söyləmək, seçkilər zamanı nələrin baş verdiyini mətbuat səhifələrinə çıxarmaq bir az bunlara ağır gəlir. Amma mən hesab edirəm ki, 7 noyabr hdisələri Azərbaycanda doğrudan da «Böyük Oktyabr Sosialist İnqilabı» qədər böyük bir təsir gücünə malik bir iz buraxdı. Bəzi dairələrdən namizədliklərini irəli sürən şəxslər burada əyləşiblər və onlarla birgə çalışacağıq ki, bu məsələri nisbətən müzakirə edək. Bu dəfəki parlament seçkilərində növbəti 5 il üçün seçilən millət vəkilləri yandım-harayda imza atmaqda və bu seçkilərə qanuni don geyindirməkdədirlər. Ona görə də onlardan heç kimi dəvət etmədik. Hakimiyyət daxilində ciddi bir çaxnaşma, çaşqınlıq var. Azərbaycan müxalifətində də bir süstlük müşahidə olunur. Heç bir dəqiq proqram, strategiya – bu gündən sonra nələr olacaq, hansı addımlar atılacaq, əvvəlki illərə nisbətən küçə mübarizələri olacaq və ya olmayacaq? – çox təəssüf ki, yoxdur. İstərdim ki, bu günkü Dəyirmi Masamızda müzakirə edək ki, seçkilərdə nə baş verdi və seçkilərdən sonra bizi nələr gözləyir?
Xahiş edirəm, reqlamentə diqqət edək. İTV-dəki kimi 4 yox, ilkin olaraq 5 dəqiqə, sonra isə son söz üçün 3 dəqiqə vaxt verəcəyəm. Sözünüzü də İTV-nin aparıcıları kimi kobud və sərt kəsməyəcəyəm – rahat danışa bilərsiniz. Amma elə edək ki, nəticə ala bilək…

Azərbaycan – 20 faizi ermənilər, 80 faizi də Heydər Əliyev tayfası və ailəsi tərəfindən işğal edilib…

Nemət Pənahlı – Milli Dövlətçilik Partiyasının sədri, 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd: Seçki ərəfəsində açıq şəkildə bəyan etmişdim ki, Nemət Pənahlının bu parlamentə düşməsi heç nəyi həll etməyəcək. Azərbaycanda iki siyasi qrup var – hakimiyyət və müxalifət. Hakimiyyətin də apardığı siyasət bəllidir, müxalifətin də… Üçüncü bir gücün – milli vətənpərvər qüvvələrin meydana çıxması üçün siyasi seçim də çox önəmli rol oynayır. Biz nə etməliyik? Bu hakimiyyətin mahiyyəti haqqında saatlarla, sutkalarla, illərlə danışmaq olar. Qısa şəkildə desək, Azərbaycan – 20 faizi ermənilər, 80 faizi də Heydər Əliyev tayfası və ailəsi tərəfindən işğal edilib. Bu məmləkətdə, bu ölkədə milli vətənpərvər qüvvələrə yaşamaq haqqı yoxdur. Bütün formalarda, Heydər Əliyev rejimi hakimiyyətə gələn gündən saxtakarlığa yol açdı. Mən iki il müddətində Prezident Aparatında işləmişəm və baş verən saxtakarlıqları çox ciddi şəkildə, yaxından müşahidə etmişəm və 1995-ci ildə də bu xətti bütün çılpaqlığı ilə görəndən, dərk edəndən sonra vəzifəmdən istefa vermiş, mandatıma tüpürmüş, parlamentə düşəcək deputatların siyahısını da seçkilər keçirilməmişdən ay yarım öncə mətbuatda yayımlamışam. Görün, hələ o vaxtlarda da bu hakimiyyət nə qədər bu milləti saya almadı, nə qədər bu millətə hörmətsiz yanaşdı, nə qədər beynəlxalq səviyyədə heç kəsi hesaba almadı. Cəmi iki nəfərin yeri dəyişdirildi – bir mandatdan imtina etdiyim üçün mənim yerim dəyişdirildi. Qalan 124 millət vəkili mənim mətbuata təqdim etdiyim qeyri-leqal siyahı üzrə parlamentdə otuzduruldular. Mən bu seçkilərə də tərəfdarlarımın, rəhbərlik etdiyim partiya üzvlərinin təkidi ilə qatılmışdım. Ancaq seçkini yarımçıq dayandırdım və bəyan etdim ki, bizim dairədən yuxarının göstərişi ilə Etibar Hüseynlinin seçilməsi haqqında göstəriş verilib, bununla da məsələ bitib. Təsəvvür edin ki, bir nəfər ekspert və ya başqa bir adam olmadı ki, mənim dediklərimi yoxlasın və həqiqəti üzə çıxarsın. Bir də seçkilər başa çatandan və nəticələr elan olunandan sonra mənim dediklərim öz təsdiqini tapdı və «Lider» kanalının aparıcısı Etibar Hüseynov yuxarının göstərişi ilə həmin dairədən deputat seçdirildi. Bu gün də adamlar inanmaq istəmirlər ki, necə olur burada ən azı iki namizəd var ki, insanlar tərəfindən tanınır. Təvazökarlıqdan uzaq da olsa onlardan biri mən idim, digəri də birləşmiş müxalifətin – AXCP və Müsavatın namizədi olan İsa Qəmbər idi. Yəni ən azı bu iki nəfərin başının üzərindən Etibar Hüseynli kimi adamın parlamentə salınması nə qədər absurd və gülünc bir şeydir.

Hakimiyyət yox, millət uddu!

Ancaq bununla bu hakimiyyət heç nə udmasa da, millət uddu. Nəyi? Bizim milli-vətənpərvər qüvvələrə dərs olmalıdır. Kimsə inanırdı, ümid edirdi, hesablayırdı ki, bəlkə hər şey başqa cür olar, artıq bu da yoxdur. Bir vaxtlar belə bir təəssürat yaradırdılar ki, Heydər Əliyev şəxsən demokrat adamdır, lakin onun çevrəsi diktatordur, cinayətkardır, quldurdur, rüşvətxordur və bütün bunlardan da Heydər Əliyevin şəxsən heç bir məlumatı yoxdur. Əgər onun belə bir məlumatı olarsa və yaxın çevrəsindəki bu insanları təmizləyərsə, Azərbaycan ən demokratik ölkələrdən birinə çevrilər. Amma sonradan məlum oldu ki, belə deyil. Bu gün də növbəti mərhələdə eyni mahnı İlham Əlyievin şərəfinə oxunur. Adətən prezident, parlament seçkiləri ərəfəsində cəmiyyətə belə bir mesaj ötürürlər ki, İlham çox təmiz oğlandır və əgər ətrafındakıları təmizləsə, onlardan xilas olsa, hər şey başqa cür olar. İnsanlarda da ümid yaranır ki, bəlkə həqiqətə doğru hər hansı bir addım atılır. Ancaq hər seçkinin sonunda bir şey bütün çılpaqlığı ilə aydın olur ki, ürəyində millət sevgisi olan, Vətən sevgisi olan, qeyrəti olan, ləyaqəti olan, intellektual səviyyəsi olan insanlar bu hakimiyyətə lazım deyil və onlara heç bir zaman bu hakimiyyətdə irəli bir addım atmağa imkan verilməyəcək. Mən bunu bir neçə dəfə vurğulamışam. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu saxtakarlıqlar başlayıb və İlham Əliyev dəfələrlə televiziya vasitəsilə qeyd edib ki, o və rəhbərlik etdiyi YAP Heydər Əliyevin layiqli davamçılarıdırlar və onun bütün işlərini bu gün də davam etdirirlər.

Heydər Əliyev kimdir?!

Azərbaycan cəmiyyətinin qarşısında duran bir sual var – Heydər Əliyev kimdir? Hakimiyyətdə olduğu müddətdə hansı siyasəti yürüdüb? İlham Əliyevin də açıqdan-açığa bəyan etdiyi, «onun rəhbərlik etdiyi YAP Heydər Əliyevin layiqli davamçısıdır» ifadəsinin arxasında nə yatır və ümumiyyətlə, «bu siyasəti davam etdiririk» deyəndə o, hansı siyasəti nəzərdə tutur?

Niyə bu seçkilərə qatıldıq, aldandıq və onların qurduqları tora düşdük?!

Azər Həsrət – «Yeddi Dövlət-Bir Millət» Konseyinin başqanı, 34 saylı Xətai ikinci seçki dairəsindən namizəd: İlk növbədə Əvəz bəyə təşəkkür edirəm ki, bizə ürəyimizi boşaltmaq üçün tribuna verib. Həqiqətən də teleradioşirkətlərinin, xüsusilə də bu gün ən ciddi və ən real müxalifət olduğunu iddia edənlərin vermədiyi tribunanı siz vermisiniz. Yəni bu da onun göstəricisidir ki, bu gün ölkədə olan gerçək, sərbəst, müstəqil, azad, öz seçimi ilə öz işini qura bilən medianın başında elə «Xural» qəzeti dururmuş. Yəni bu bir daha özünü təsdiq etdi. İkincisi, seçkilərlə bağlı keçirilən bu müzakirələr hələ uzun müddət davam edəcək, amma mən elə bilirəm ki, bir müddət sonra emosiyalar soyuyacaq. Amma əlbəttə ki, emosiyaların soyumasına baxmayaraq, bizim kimi insanlar bu seçkilərdən sonra özləri üçün dərs çıxarmış oldular. Yəni bu gün başımıza nə gəldi? Niyə gəldi? Burada kimin günahı nə qədərdir? Əlbəttə ki, hakimiyyətin günahları, yanaşması əvvəlcədən bəlli idi. Onların ümumi taktikası əvvəlcədən bəlli idi. Amma biz niyə bu seçkilərə qatıldıq, aldandıq və onların qurduqları tora düşdük? Biz niyə bu oyunda rol aldıq? Niyə uzaqgörən olmadıq? Bəlkə də bütün bunları mənim kimi adamlara bağışlamaq olar. Çünki mən bu gün müxalifətçi deyiləm və bir müddətdir ki, müxalifətdən ayrılmış birisiyəm. Yəni kifayət qədər fərqli fəaliyyətlə məşğul olan, hakimiyyət-müxalifət davasında yer almayan birisiyəm. Bəlkə də mənə bu səhvi bağışlamaq olar. Lakin bu gün ölkədə əsas müxalifət partiyalarının rəhbəri olduqlarını iddia edənlər niyə bu tələyə düşdülər və bu oyuna girdilər? Nədən bu adamlar aldandılar? Niyə onlar aldana-aldana, itirə-itirə getməkdə davam edirlər? Niyə məhz həmin qüvvələr yolun önünü tıxamaqda davam edirlər? 2003-cü il prezident seçkilərində mən İsa Qəmbərin namizədliyini dəstəkləyirdim və hətta o vaxt «Cümhuriyyət» qəzetində «Kötüklər» başlıqlı bir yazıda yazmışdım ki, bu gün hakimiyyətə alternativ olan qüvvələrin hakimiyyətə gəlməsi üçün son şans olmalıdır. Yəni ya gəlirsiniz, ya da kənara çəkilirsiniz… Çünki yeni qüvvələr zaman-zaman ortaya çıxmaq istəyiblər, amma istər-istəməz bu ənənəvi qüvvələrin mövcudluğu o qüvvələrin ortaya çıxmasına əngəl törədib. Nə formada? Demirəm ki, onar mütləq şəkildə söyləyiblər ki, siz kənara çəkilin, biz davam edək.

«Kötüklər» selin qabağını tıxayıblar!!!

Yox, mən bunu nəzərdə tutmuram. Sadəcə, bu millətin nəzərləri daim onların üzərində olub, ona görə də media və başqa təsir və təbliğat vasitələri bunların əlində olduqlarına görə növbəti alternativ gücün meydana çıxmasında problemlər yaradıb. Yəni bu «kötük» selin qabağını tıxayıb. Yəni o sel hər şeyi silib-süpürməyə hazır olsa da, bu «kötük»lər ona imkan verməyiblər. Əslinə qalanda mən özüm şəxsən səsvermədən sonrakı dönəmdə bəlkə də bu vaxta qədər olmayan intensivliklə işləyirəm. Yəni seçkiyə qədər seçilmək üçün o qədər də canfəşanlıq, aktivlik nümayiş etdirmədim, amma seçkilərdən sonra daha intensiv işləməyə başladım. Niyə? Mənə seçkilərdən sonra çoxlu zənglər olur. Maraqlıdır ki, bu gün Azərbaycanda heç kimin ağlına gəlməyən və yaxud heç kimin uzun müddət yadına düşməyən adamlar istər-istəməz hərəkətə gəliblər. Özlərindən ixtiyarsız. Niyə?

Bu seçkilərdə millətin namusuna toxunulub!!!

Çünki bu adamlar deyirlər ki, bu seçkilərdə millətin namusuna toxunulub. Bütövlükdə millətin namusuna toxunulub. Söhbət burada parlamentə kimlərin təyin olunmasından getmir. Əlbəttə ki, mən 125 nəfərin adları ilə bağlı bir siyahı açıqladım. 35 nəfər millət vəkilinin adını göstərdim ki, bu adamilara bu və ya digər şəkildə birtəhər dözmək olar. YAP-çısı da, müxalifət və bitərəf sayılanı da var bu 35 nəfərin arasında. Amma bütövlükdə elə adamlar var ki, o adamların parlamentə düşməsi həqiqətən də millətə həqarətdir. Yəni konkret mənim dairəmdə bu hakimiyyətin təyin elədiyi deputatla bağlı Avropa İnsan Haqları Məhkəməsində iş var – 2005-ci ilin saxta seçkiləri ilə bağlı. Bu gün biz də bunu etməyə hazırlaşırıq. Avropa İnsan Haqları Məhkəməsinə bu saxtakarlıqla bağlı müraciət hazırlayırıq. Mənim üçün çox maraqlıdır, həqiqətənmi bu adam – (Söhbət saxta seçkilər nəticəsində parlamentə təyinat alan Gülər Əhmədovadan gedir – Red.) hakimiyyət üçün o dərəcədə önəmlidir ki, bu dövlət onun xatirinə iki dəfə Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməli olacaq? Mən bilirəm ki, bu sual tək məni düşündürmür. Söhbət təkcə həmin dairədən adı keçən Gülər Əhmədovanın şəxsiyyətindən getmir. Yəni o da bir insandır və biz onun şəxsiyyətini müzakirə etməkdən uzağıq. Sadəcə, biz bu suala cavab istəyirik.

Əhali seçkiləri boykot etdi!

Elşad Musayev – Böyük Azərbaycan partiyasının sədri, 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd: Əhalinin təqribən 7-8, ən çox halda 15 faizinin bu seçkilərdə iştirak etdiyi açıqlanıb. Yəni ümumi təhlil onu göstərir ki, ötən dəfəki seçkilərin keçirilməsinə etiraz əlaməti olaraq əhali bu dəfəki seçkiləri boykot eləyib. Əslinə qalanda seçkilər boykot edilib. Burada maraqlı bir məqama toxunuldu ki, nəyə görə bir hərəkət, akitivlik yoxdur. Əslinə baxanda, hələ də ölkədə bir seçki şoku yaşanılır. Həm siyasi partiyalar, həm beynəlxalq təşkilatlar, həm də əhali bu seçkinin şokunu yaşayırlar. Eləcə də media və dünya… Heç kim gözləmirdi ki, bu dərəcədə saxtakarlıq ola bilər. Hər kəsdə az da olsa bir ümid qığılcımı var idi ki, hakimiyyət parlamentə demokratik və milli qüvvələrin düşməsinə mane olmayacaq, amma bunların heç biri baş vermədi. Biz də bu seçkilərdə iştirak etdik və onu müşahidə etdik. Seçkilər fikrimcə, xüsusi şərəfsizliyi ilə yadda qalan seçkilər oldu. Bu seçkilərə başqa bir ad da vermək olmur. Bu qədər ağ eləmək də olmazdı, saxtakarlığın da bir həddi olmalı idi. Bu da elə bil, son hədd idi. Əvəz bəyin «Xural» qəzetinin son sayında yazdığı seçkilərlə bağlı yazısını oxudum və tam olaraq o fikirlə razılaşıram ki, zirvədən sonra eniş başlayır.

Zirvədə olan İlham Əliyev hakimiyyətinin enişi başladı!

Mən hesab edirəm ki, bu seçkilər zirvədə olan İlham Əliyev hakimiyyətinin enişinə səbəb oldu. Çunki insanları insan yerin qoymamaq, cəmiyyəti tapdayıb üzərindən keçmək olmaz. Bunun da bir həddi olmalıdır. Bizim düşüncəmizə görə, bu, doğrudan da son hədd idi və artıq çöküşə doğru eniş gözlənilir. Ortaya bir sual çıxır. Bundan sonra nə etməli? Düşünürəm ki, toparlanmaqdan başqa əlac yoxdur. Siyasi təşkilatlar toparlanmalıdırlar, milli-demokratik düşərgə toparlanmalıdır, ayrı-ayrı fərdlər toparlanmalıdırlar. Burada belə bir fikir səsləndi ki, indiki müxalifət «kötük»dür və qarşıdan gələn selin qarşısını alır. Bu barədə çox yazılar yazılıb, çox fikirlər söylənilir. İndiki zamanda mən bu fikri çox yanlış hesab edirəm. Sadə bir səbəbdən ki, biz artıq etiraf etməliyik. Bu seçkilər bir daha sübut etdi ki, Azərbaycan müxalifətinin təşkilatçılıq strukturları çöküb. Bunun səbəbi uzun illər müxalifətə qarşı aparılan təzyiq, təqib kampaniyalarıdır. Özünü hətta ən iri partiya hesab edən siyasi təşkilatlarımıza bu kampaniya çox ciddi təsir göstərib. Üzdə olan 3-5 adam var ki, biz onlara da təsir göstərə bilmərik ki, meydandan çəkilsinlər. Hər şey təbii yolla olmalıdır. Nə vaxt ölkədə təbii olaraq normal demokratik seçkilər keçirilərsə, o zaman biz bu partiya liderlərinin nəyə qadir olduqlarını aşkarlaya bilərik. Amma belə seçkilər keçirilmədiyi üçün biz də seçicilərin münasibətini aydınlaşdıra bilmirik. Ona görə də hesab edirəm ki, siyasi səhnədə olan insanları ortadan çıxarmaq yox, onları qorumaq lazımdır. Əgər müəyyən səhvləri, günahları varsa, onları da bəzi məqamlarda bağışlamağa dəyər. İndi bizim öz aramızda düşmən axtaran vaxtımız deyil. Rəqib İlham Əliyev və onun hakimiyyəti olmalıdır. Hesab edirəm ki, bütün enerjimizi o istiqamətə yönəltməliyik. Öz daxilimizdə nə qədər günahkar axtaracağıqsa, o zamana qədər bu gərginlik davam edəcək. İllər boyu bu siyasəti aparmaqla biz nə qazandıq? Bir siyasətçinin aradan çıxarılması asan bir məsələdir, lakin bir siyasi təşkilatın formalaşması üçün illər lazımdır, biz o illərin fərqinə varmırıq. Bizim də olanımız budur. Əgər bu cür yanaşmanın doğru olduğunu düşünürsünüzsə, o zaman gərək millətimizin də əhəmiyyətli hissəsindən imtina edək. Çünki bu gün səsini 3-5 manata satan seçici varsa, ondan da imtina etmək lazımdır. Xanhüseyn Əliyev yazır ki, seçici səsini 20 qəpiyə satıb, onda hər kəsdən imtina etmək lazımdır?

Hakimiyyət regional dayaqlarını büsbütün itirdi!

Yəni mənim düşüncəmə görə bir-birimizə qarşı daha düşüncəli yanaşmalıyıq. Seçkilər dövründə çox maraqlı hadisələrlə üzbəüz qaldıq. Hakimiyyətin əleyhinə yönələn hadisələr oldu. Hesab edirəm ki, bu hakimiyyət bu seçkilər dövründə ilk növbədə bu xalqın inamını itirdi. Ondan sonra indiyə qədər özünə regional, digər elektoratlar tapmışdı ki, onlardan sui istifadə edirdi. Amma hesab edirəm ki, artıq bu ildən hakimiyyət özünə yaxın bildiyi elektoratı da çox sürətlə itirdi və regional baxımdan bu hakimiyyəti müdaifə edəcək bir təbəqə qalmadı. Ayrı-ayrı bölgələri götürsək belə, bu hakimiyyət özünə yaxın bildiyi bölgələri və bütövlükdə Azərbaycanı itirdi. Məsələn, insanları, regionları, bölgələri – mən hesab edirəm, bütün bunlar xalçaya gözəllik verən naxışlar olublar – belə gedərsə artıq onları da itirdi. Zahid Orucu nə vaxtadək zorla Bərdədən deputat seçdirmək olar?! Nə vaxtadək Fəzail Ağamalını Salyan-Neftçaladan, Rəfael Cəbrayılovu Binəqədidən zor gücünə seçdirmək olar?! Belə şeylər uzun müddət zorla olmur.

Uşaqlar saxtakar müəllimlərə «bişərəf» deyirlər!

Bir məqama da toxunmaq istərdim ki, kiçik yaşlı uşaqlar bizdən artıq seçki şokunu yaşayırlar. Rauf Arifoğlunun namizədliyini irəli sürdüyü dairədən olan məktəblilər öz müəllimlərinə deyiblər ki «Siz bişərəf adamlarsınız, 24-cü seçki dairəsində işləyə-işləyə 25-ci dairədə nə işiniz var?» Bunu televiziyada da nümayiş etdiriblər. Uşaq müəllimlərini tanıyır və açıq-aşkar heç bir hörmət gözləmədən müəlliminə «bişərəf» deyir. Çünki müəllimi də oturduğu kürsünü itirməməkdən ötrü o uşaqların, gənclərin gələcəyini itirir. Bizim uşaqlarımız belə haqq axtarır. Sadəcə biz bir-birimizə qarşı dözümlü yanaşmalıyıq və müxalifət partiyaları, siyasi təşkilatlar birləşərək bir araya gəlməli, həm də onlara qarşı olan hücumları birlikdə dəf etməlidirlər.

İqtidar camaatın seçki ruhunu tam öldürə bilməyib!

Qiyas Sadıqbəyli – Xalq Partiyasının sədri, 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd: Sizə minnətdarlığımı bildirirəm ki, seçkidən sonra belə bir Dəyirmi Masa təşkil eləmisiniz. Ümumiyyətlə, nə baş verdi? Seçki kampaniyası dövrü hər zaman olduğu kimi bu il də artıqlaması ilə ciddi təzyiqlərlə yadda qaldı. Amma hər halda biz xalqı da, fədakarlıq eləyən insanları da gördük. Hər halda camaatın seçki ruhunu bu iqtidar tam öldürə bilməyib. Camaat mübarizə əzmindədir. 7 noyabra gəlincə, bu seçkilər də total saxtakarlıqla müşahidə olundu. «Kukla müxalifət» radikal müxalifət adından yenə də parlamentə salındı. Hakimiyyətin istəyindən asılı olmayaraq, hər halda orada oturanlara bu gün yerdə qalan camaat «müxalifət» demir. Hökumətin çox «böyük xidməti» o oldu xalq qarşısında ki, – bu rejimdən biz ondan artığını da gözləmirdik – o 5-6 nəfərin müxalifət cərgəsindən deputat seçilməsinə imkan verdi. Çünki artıq bizim də öz aramızda söhbətlər başlamışdı ki, «filankəs satıldı və s.» Parçalanma düşəcəkdi, bəzi adamlar iddia qaldıracaqdılar ki, onlar da parlamentə getməsinlər, bəzisi getmələrini təklif edəcəkdi və s. Bu seçkilərin özəlliyi də ondan ibarət oldu ki, bu gün müxalifət düşərgəsində olan insanların hamısı eyni statusda olan adamlardır. Hamısı parlamentdən kənarda qaldılar, total saxtakarlıqları müşahidə etdilər. Azərbaycan seçicisi də bu qanunsuzluqları görüb və bu qanunsuzluqlar onların gözləri qarşısında olub. Bəzi Azərbaycan vətəndaşları da bu qanunsuzluqların iştirakçısı olub. Xırda detallara keçməzdən əvvəl bir neçə fakt sadalamaq istərdim.

Sabirabadın «Karusel Əliabbas»ı…

Məsələn, 1 saylı məntəqədə «Sokzavod»un direktoru Əliabbas Şıxəliyev rayonda özünəməxsus hörmətinin olmasına baxmayaraq, seçkilərdən sonra zəhmətkeş insanlar ona «Karusel Əliabbas» adını qoydular. Bu, bir göstəricidir. Xalq təhqir olunduğu zamanlarda ən ağır üsullara əl atır, istəmədiyi adamın reputasiyasına toxunacaq ləqəblər fikirləşir və onu ictimai rəyə oturdur. Mən bu seçkilərdən sonra bir nəticəyə gəldim ki, bu rejimə qarşı partiyalar şəklində mübarizə aparmaq mümkün deyil. Biz xalq hərəkatı şəklində mübarizəyə hazırlaşmalıyıq. Ya 80-ci illərdə olduğu kimi bu hərəkata rəhbərlik edə biləcək Xalq Cəbhəsi yaratmalıyq, ya da tək əldən səs çıxmayacaq. Fikrimcə hərəkat baş tutarsa, bütün partiyalar onun ətrafında birləşməlidir. Özünü bu iqtidara qarşı müxalif hesab edən siyasi təşkilatların, partiyaların hamısı bu hərəkatda birləşməlidir.

Xalq Hərəkatı yaransın, Xalq Partiyasını buraxıram…

O dövrdəki kimi İdarə Heyəti yaranmalıdır. Yerlərdə Müsavat və AXCP üzvləri AXC dövründə etdiyi hərəkət azadlığına malik deyillər. Ola bilsin ya özləri zəifdir, ya iqtidar onları ayağa qalmağa qoymur və yaxud başqa səbəblər var. Mən də bir vaxtlar AXC Ali Məclisinin üzv olmuşam və bilirəm ki, yerlərdə 11 nəfər İdarə Heyətinin üzvü olanda, onları insanlar tanıyır və bir-birilərinə səbəb hərəkata qoşulurlar. Bu zaman hərəkat kütləviləşir. Adamlar çox olduqca onlara edilən təzyiq gücü də azalır. Elə hesab edirəm ki, biz «Xalq Məclisi» kimi bir qurum yaratmalıyıq və hərəkatı bərpa eləyib onu hərəkətə gətirməliyik. Mənim özüm bu gün rəhbərlik etdiyim Xalq Partiyasının buraxılmasına razıyam ki, daha geniş bir yerdə birləşib, mübarizəmizi də daha böyük şəkildə apara bilək.

Sevinirəm ki, Etibar Hüseynov kimi insanlarla bir yerdə oturmaqdan məhrum olunmuşam

Davamı gələn saylarımızda

Hazırladı: XuralTAC

Qaynaq: Xural qəzeti, 21 noyabr 2010

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button