“Bu Vətən kimin?!”-ŞEİR

Mübariz Məsimoğlu

 

HƏM ARIDAN, HƏM ŞANDANDIR

Yolları yolca yollanmaq,
Qaraca, ağca allanmaq,
Qaymaqca, balca ballanmaq,
Həm arıdan, həm şandandır!

Dəryanı dəryaca keçmək,
Torpağı torpaqca əkmək,
Zəmini zəmicə biçmək,
Həm andan, həm zamandandır!

İtəni itəncə sevmək,
Bitəni bitəncə sevmək,
Vətəni Vətəncə sevmək,
Həm süddən, həm də qandandır!

Tikanları gülcə dərmək,
Nahaqqı nahaqca görmək,
Haqqa haqca könül vermək,
Həm dindən, həm imandandır!

 

ÖLÜM ANİDİR, ŞAİRİM…

İstər şah ol, istərsə də qul
Doğum doqquz aylıq bir prosesdir,
Ölüm anidir, şairim!
Taxt-tac üstündə vicdanı bada verənlər
Hələ də bilmirlər ki,
Vəzifə gəldi-gedərdir,
İnsan fanidir, şairim!

Başlarını itirib siyasilər artıq
Artıq artistlər, yazarlar, mollalar
Yalana ayaq verib yeritmək üçün
Bir-birinə qarışırlar, şairim!
Televiziyada, qəzetlərdə Allahsızlar
Allahın adından danışırlar, şairim!

Həyat bəzən yerlə sürünən ilan,
Bəzən şahə qalxan atdır, şairim!
Şahı əbədi şah görmək istəyənlərin
Üzlərindəki rahatlıq aldatmasın səni,
İçləri çox narahatdır, şairim!

 

ZİYALI NƏYİMƏ GƏRƏKDİR MƏNİM…

Ot kimi yel əsən tərəfə yatan,
Üfürə-üfürə addımlar atan,
İmanı ad-sana, ödülə satan,
Ziyalı nəyimə gərəkdir mənim!

Haqqın əl-qoluna qandallar vuran,
Nahaqqın önündə ikiqat duran,
Ancaq özü üçün güzəran quran,
Ziyalı nəyimə gərəkdir mənim!

Sözdə mələklərə nağıl söyləyən,
Əməldə şeytana biət eləyən,
Güllərin başına küllər ələyən,
Ziyalı nəyimə gərəkdir mənim!

Ürəyi işıqla, nurla dolmayan,
Günəş saralanda üzü solmayan,
Xalqın kədərinə şərik olmayan,
Ziyalı nəyimə gərəkdir mənim!

Fağırın beynini yalanla yeyən,
Zalımın şəninə təriflər deyən,
Müqəddəs qələmin qəddini əyən,
Ziyalı nəyimə gərəkdir mənim!

 

BU VƏTƏN KİMİN, BU VƏTƏN KİMİN?

Fağırı şəhid, zalımı cəllad,
Koması bərbad, sarayı abad,
Baş-ayaq yalın, ayaq-baş təzad,
Bu Vətən kimin, bu Vətən kimin?

Nəm içində od, od içində nəm,
Qəm içində zil, zil içində qəm,
Üstü bərbəzək, altı cəhənnəm,
Bu Vətən kimin, bu Vətən kimin?

Zəlili Xəlil, Xəlili zəlil,
Bəyi Xudayar, mirzəsi Cəlil,
Cahili sağlam, arifi əlil,
Bu Vətən kimin, bu Vətən kimin?

Töhməti zəhmət, zəhməti töhmət,
Möhnəti ləzzət, ləzzəti möhnət,
Sərvəti zillət, zilləti sərvət,
Bu Vətən kimin, bu Vətən kimin?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button