“Bütün əsas müxalifət qurumları, birləşin!”-MÜRACİƏT

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu ölkə ictimaiyyətinə, siyasi partiya rəhbərlərinə müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən xural.com-a daxil olan müraciətdə deyilir:

 

Əziz həmkarlar, hörmətli siyasi partiya rəhbərləri!

Bu gün ölkəmizin ictimai-siyasi həyatında nəzərdə tutulmayan siyasi proseslər yaşanmaqdadır. Ölkədə defakto hakimiyyətin növbəti 7 il müddətinə mənimsənilməsi və sülalə hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində addımlar atılmaqdadır. Təbii ki, bütün bu neqativ siyasi proseslərin yaşandığı bir dönəmdə sevindirici, pozitiv hadisələr də yaşamaqdayıq. Sevindirici tərəf budur ki, ölkənin əsas aparıcı, prinsipial siyasi qurumları, siyasi hərəkatları, siyasi partiyaları olduqca doğru və tarixi qərarlar qəbul edərək məlum seçki şousunda iştirak etmədilər. İstər #GAP, istər #AXCP, istər #Müsavat, istər #Ümid, istər #KXCP, istər #BAP, istər #MilliŞura#ALP, istərsə də #Real#ADR#NİDA#D18 kimi digər əsas siyasi qüvvələrdən heç biri bu məlum şouda yer almadı və sağlam qərarlar qəbul etdi. Bu yaşadığımız dönəm özü bir mərhələ idi. Kimin-kim olduğunu müəyyən edən bir mərhələ idi. İndi isə prosesin əsas ikinci mərhələsi, mübarizə mərhələsi başlamalıdır!

Əziz həmkarlar, hörmətli siyasi partiya rəhbərləri!

Buradan üzümü Sizlərə tutub səslənirəm, gəlin şəxsi münasibətlərimizi bir qırağa qoyaq, Azərbaycanımızın və Xalqımızın xoşbəxt gələcəyi naminə birlikdə hərəkət edək. Gəlin verdiyimiz tarixi qərarların əhəmiyyətini və təsir etmək gücünü bir qədər də kəsərli edək. Əziz dostlar, gəlin verdiyimiz məlum boykot qərarlarımızı birlikdə rəsmiləşdirək, ölkəni mövcud rejimdən təmizləmək və xalqımızı xilas etmək naminə birləşək, birlikdə hərəkət edək. Kütləvi xalq hərəkatını başlatmaq və ölkəmizi mövcud durumdan çıxartmaq üçün birlikdə hərəkət edək. Aparılan mübarizənin effektliyini artırmaq üçün, böyük xalq etirazını təşkil etməyi bacarmaq üçün Azərbaycanımızın birliyə ehtiyacı vardır!

Əziz həmkarlar, hörmətli siyasi partiya rəhbərləri!

Ən azından, hər kəs şəxsi eqolarını qırağa qoymağı bacarsa, aşağıdakı istiqamətlərdə olduqca uğurlu addımlar atmaq imkanlarımız vardır:

1) Hakimiyyətin növbəti dəfə qəsb edilməsinə qarşı istər seçki şousu əvvəli, istərsə də seçki şousu bitdikdən sonra Ümumxalq Etiraz Hərəkatını yaratmaq;
2) Dünya ictimaiyyətinin prinsipial addımlar atması üçün fəaliyyət göstərmək;
3) Ölkədə demokratik mühitin qismən olsa da yaradılmasına nail olmaq;
4) Ən əsası, xalqımızın etirazını lazımı səviyyədə (kütləvi formada) təşkil etmək və dünyanın diqqətini Azərbaycana yönəltmək.

Əmin olun ki, bütün bunları həyata keçirməyə hələ də imkanlar qalmaqdadır. Yetər ki, mənəm-mənəm deməkdən imtina edəcək qədər cəsarətli qərarlar verək və ən əsas da Koordinasiya olunacaq fəaliyyət qura bilək! Anlamaq lazımdır ki, bu birlik sosial tələb kimi artıq çoxdan yetişib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button