Bütün bunları Allahşükür Paşazadə edib…

allahşükür paşazadə“Bütün şəraitlər yaradılıb ki, heç kimə əyilməyim…”

“Sabah Azərbaycanın dindarlarını yığıb elan edərəm ki, bu artıq Azərbaycan Müsəlmanlar İdarəsidir. Mənə kim nə deyə bilər?”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin “Qafqazinfo”ya eksklüziv müsahibəsi:

– Ermənistana səfər edəcəyinizlə bağlı məlumatlar yayılır. Bu nə səfəridir?
– Biz, yəni dini liderlər həmişə görüşlər keçirmişik. Birinci görüşümüz hələ Sovet dövründə olub. Ondan sonra da, dəfələrlə başqa-başqa yerlərdə görüşlərimiz olub və onların hamısında da Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını müzakirə etmişik, amma hər kəs öz mövqeyində qalıb. Yəni mən öz mövqeyimdə qalmışam ki, həll etməlidir. Bu il bizim – Gürcüstan, Azərbaycan və Ermənistan dini liderlərinin Avstriyada da görüşü olacaqdı. Bu görüş Cənubi Qafqazda baş verən hadisələrlə bağlı nəzərdə tutulub və orada qərarlar qəbul ediləcək. Bu məsələ hələlik öyrənilir, ancaq görüş gələn ilə qalıb. Ekspertlər görüş üzərində işləyir, təkliflər verilir. Bir dəfə təkliflərlə gəldilər və biz onu qəbul etmədik, öz təkliflərimizi verdik.
Bu görüşə gəlincə, yadınızdadırsa Karagen Bakıda dinlərarası dialoqla bağlı konfransdakı çıxışında məni Ermənistana dəvət etdi. Mən MDB dinlərarası Məşvərət Şurasının rəhbərlərindən biriyəm. Rusiya patriarxı Krill də burada seçildi. Bu yaxınlarda patriarxın nümayəndəsi də gəlmişdi ki, növbəti sammiti İrəvanda keçirək. Həmin sammitdə bütün dünyadan dini liderlərin iştirakı təklif olunurdu. Mən buna qəti şəkildə razılıq vermədim. İndi isə söhbət MDB Dinlərarası Şuranın toplantısının keçirilməsindən gedir. Bu tədbirdə MDB-nin üzvü olan dövlətlərin dini liderləri iştirak edəcək. Bu tədbirin noyabrda keçirilməsi təklif edilir. Danışıqlar gedir, mən hələlik razılığımı verməmişəm. Bu yaxınlarda mənim patriarxla görüşüm olacaq və orada MDB ölkələrindən bəzi dini liderlər iştirak edəcək. Həmin görüşdə Ermənistandakı tədbirlə bağlı məsələ də müzakirə olunacaq. Əgər qərar qəbul olunsa ki, həmin tədbir Ermənistanda keçirilməlidir, onda mən də Şuranın həmsədri kimi bu tədbirdə iştirak etməliyəm.

– Ancaq cəmiyyətdə sizin səfəriniz bağlı birmənalı münasibət yoxdur…
– Bu məsələ mənim yadıma 1990-cı ili salır. Həmin vaxt hadisələr baş verəndə mən deputat idim. O zaman istəyirdilər ki, Moskvaya getməyim. Mən həmin adamları başa düşmürdüm. Əgər mən buyamsa, mənim fikrim varsa, nə üçün verilən tribunadan istifadə etməməliyəm? Həmin vaxt mən artıq Qorbaçova məlum müraciətimi yazmışdım. Ona görə də deyirdilər ki, Moskvaya getmək təhlükəlidir. Lakin getdim və orada çıxışımı da etdim. Mənə dedilər ki, Qorbaçov səninlə görüşmək istəyir. Həmin vaxt Polyaniçko var idi. Mən belə bir şərt qoydum ki, Qorbaçovla görüşəcəyim halda müraciətdəki sözlərimin hamısını onun üzünə də deyəcəyəm. Bu sözdən sonra məni onunla görüşdürmədilər. İndi bu dəfə də mən eyni ab-havanı hiss edirəm. Əgər erməni katalikosu gəlib burada öz fikirlərini çatdırır və Qarabağla bağlı düşüncələrini bölüşürsə, mən nədən qorxub çəkinməliyəm, gedib sözümü orada onların üzünə deməməliyəm? Mən düşünürəm ki, bu qorxaqlıq olar. Yəni bu şansdan başqası istifadə edəcək, hər halda orada qərarlar qəbul olunacaq, mən düşünürəm ki, biz əlaqə saxlamalıyıq və lazımı sözümüzü deməliyik. Daha gedib orada oynamaq, məclisdə iştirak etmək, yeyib-içmək yox, mövqeyimizi ortaya qoyub sözümüzü deməliyik. Əgər mən bu səfərə gedəcəyəmsə, özümlə jurnalist qrupu da aparacağam. Yenə də deyirəm ki, mənim gedib-getməyəcəyim dəqiq deyil. Hətta ola bilər ki, bu tədbirin başqa bir dövlətdə keçirilməsi barədə qərar çıxarılsın. Əgər Ermənistanda baş tutacaqsa və mən bu tədbirdə iştirak edəcəyəmsə, Ermənistan prezidenti ilə də görüşüm ola bilər. Necə ki, Karagen Bakıda olanda Azərbaycan prezidenti ilə görüşdü. Bir daha vurğulayıram ki, bütün bunlar bizim haqlı mövqeyimizi çatdırmaq üçündür. Siyasətçilərin gördüyü iş öz yerində, biz də öz töhfəmizi verməliyik.

– Son vaxtlar hiss olunur ki, Qafqaz Müsəlmanları İdarəsi adı təhlükədədir. Adətən təhlükələr bizim öz içimizdən yaranır. Lakin bu dəfə görünən odur ki, təhlükə uzaqdan gəlir…
– Yəqin ki, Gürcüstandakı məsələni nəzərdə tutursunuz. Mən bir dəfə də bu məsələyə münasibət bildirmişdim. Yenə də qeyd edirəm ki, bu, dini məsələ deyil. Bu günə qədər mənim əlimdən nə gəlibsə, imkanım daxilində ora üçün etmişəm. Hətta dini kitabların gürcü dilinə çevirib ora göndərilməsi, oradan Həccə ziyarətinin təşkil olunması, şəxsi nümayəndəliyin açılması və digər məsələləri özüm etmişəm. Bütün bunları Allahşükür Paşazadə edib. Əslində isə bu işlərin görülməsi qanunda yoxdur. Məsələn, qanunda QMİ-nin nümayəndəliyinin yaradılması yoxdur. Bu problem çoxdan var. Elə fikirləşirlər ki, mənim qol-qanadımı nə qədər kəssələr, dini orada təbliğ etmək o qədər asan olacaq… Bu gün bütün Qafqaz bölgələrində bizim nümayəndələrimiz var. Bunların hamısı isə qanunun yox, şəxsiyyətin üzərində qurulub. Əvvəllər bu Zaqafqaziya Müsəlmanları İdarəsi idi. Bu qarışıqlıq dövründə mən fikirləşdim ki, bizim Dərbənd dərdimiz var, burada azərbaycanlılar yaşayır, onları mənəvi cəhətdən mərkəzə bağlamaq üçün mən bu adı qəbul etdim. Əslində, mən Azərbaycanın Şeyxülislamıyam və mənim üçün heç bir təhlükə yoxdur. Əgər belə bir idarə yaranıbsa, mən ümumiyyətlə, o idarələrin daxili işlərinə qarışmıram. Bizdə idarələr azaddır. Sadəcə, ağsaqqal kimi onlara müəyyən köməkliklər göstərirəm. Mən də bu işləri Azərbaycan üçün edirəm. Bu qurumun adına «Qafqaz» sözünü artırmaq maddi baxımdan mənə zərərdən başqa heç nə vermir. Amma mənəvi baxımdan böyük məsələdir. Sabah Azərbaycanın dindarlarını yığıb elan edərəm ki, bu Azərbaycan Müsəlmanlar İdarəsidir. Mənə kim nə deyə bilər? Bunu edə bilərəm. Amma məni qorxudan vicdanım qarşısındakı məsələdir ki, sabah Ermənistandakı kimi mərhələ ilə azərbaycanlıların qovulmasıdır. Allaha şükür ki, bu gün Gürcüstanla bütün sahələrdə münasibətlər yaxşıdır. Amma bir faktı unutmamalıyıq ki, orada yarım milyondan artıq azərbaycanlı yaşayır. Onların həyatına biganə qalmaq, mənəvi cəhətdən onları müdafiəsiz qoymaq çox ağırdır. Nə qədər olmasa da, məni dünyada tanıyır və sözümü eşidirlər. Yenə də deyirəm ki, qanunda QMİ-nin nümayəndəliyinin açılması olsaydı, dövlət tərəfindən bu işlər görülsəydi, çox effektli olardı. Məsələn, Türkiyənin Azərbaycanda dini müşavirliyi var, dövlət də onu tanıyır. Bizim də dini nümayəndəliyimiz bir çox ölkələrdə rəsmi şəkildə olsaydı, bu, əhəmiyyətli olardı. Məsələn, Ukrayna, Almaniya, Rusiyadan bizə müraciətlər daxil olur ki, müəyyən dini məsələlərdə məsləhətlərə, tövsiyələrə ehtiyacları var. Nəyə görə biz bu məqamdan istifadə etməməliyik?

– Bu məsələni qanuna əlavə etmək nə qədər çətin məsələdir ki?
– Adətən dini nümayəndəliyin açılması haqda harasa müraciət edəndə bizdən “Vicdan azadlığı haqqında” qanunu istəyirlər. Baxırlar ki, qanunda həmin müddəa yoxdur. Hələlik bu məsələ həllini tapmayıb. Ola bilər, dövlət başçısının səlahiyyətləri var ki, bunu hər hansı bir fərmanla həll etsin. Düşünürəm ki, gec-tez bu problem həll olunacaq. Bu gün bir çox öz həllini tapmayan məsələlər var. Bəzən deyirlər ki, nəzir qutularını yığışdırsınlar, amma unudurlar ki, dindarın da ailəsi, dolanışığı var. Əgər mən məscidlərdə işləyən insanlara maaş verə bilsəm, hansı ki başqa dövlətlərdə bu məsələ öz həllini tapıb, o zaman həmin qutuların yığışdırılmasından danışmaq olar. Təsəvvür edin ki, bu məscidlərdə işləyən din adamlarının pensiya məsələsi bu günə qədər həll edilməyib. Təkcə Rusiyada ötən ildən indiyə qədər müsəlmanlara 50 milyon dollar bir, 20 milyon da bir vəsait ayrılıb. Gərək bu insanlar ailəsini dolandırsınlar. Təsəvvür edirsinizmi, bu adamlara məvacib verilmir. Bəzən ehtiyac üzündən insanlar başqa qrupların təsiri altına da düşür.

– Yəni düşünmürsünüz ki, Gürcüstan QMİ-ni parçalaya bilər. Deyirlər ki, bu işin arxasında Saakaşvili dayanıb…
– Mən deyə bilmərəm ki, bu hansı səviyyədə olan işdir. Onların hüquqları var ki, öz qurumlarını yaratsınlar. Orada mənim şəxsi nümayəndəm var və fəaliyyətinə davam edir. Onlar hansı şəkildə bu idarəyə bağlanacaqlar, bu aydın deyil. Mən istəyirəm ki, ayrılsalar belə, hər hansı bir bağlılıq olsun. Çünki azərbaycanlıları bu şəkildə qoya bilmərik.

– Mən hiss edirəm ki, siz bu hadisədən narahat deyilsiniz.
– Xeyr, mən qətiyyən narahat deyiləm. Nəyə görə narahat olmalıyam ki? Mən Qafqaz Müsəlmanları İdarəsini yaratmışam. Bir çox ölkələrdə şəxsi nümayəndələrim var. Yəni bacardığımı etmişəm. İndi növbə gəlib dövlətə çatıb. Dövlət bu işdə bizə dəstək verməlidir. Yəqin düşünürlər və yeni qanunun qəbulu da burada müəyyən imkanlar yaradacaq.

– Müsəlman təmayüllü dini icmaların QMİ qarşısında hesabat verməsinin tələb olunması da narazılıqla qarşılanır.
– QMİ dövlət idarəsi deyil. Bu idarə özü hesabat verir. Yəni mən Qazılar Şurası qarşısında hesabat verirəm. Bəzən hesabat deyəndə o dəqiqə maddi məsələni fikirləşirlər, amma elə deyil. Axı ortada dini icmaların moizə məsələləri, şəriət qanunlarına əməl etmələri, Axundların gördükləri işlərin hesabatı və digər məsələlər var. Yəni bu böyük məsələdir. Hətta onların fəaliyyətinin gücləndirilməsinə, inkişafına, dəstəyin verilməsinə hesablanmış bir məsələdir. Mən özüm qurultay qarşısında hesabat verirəm. Yəni bu dini icmalar yarananda məndən rəy tələb olunduğu kimi, mən də onlardan hesabat istəməliyəm. Burada heç bir müdaxilədən söhbət getmir. Onların öz hüquqları var və fəaliyyətlərində sərbəst olacaqlar.

– Milli Məclisdə dindarların geyimi ilə bağlı məsələyə də münasibət bildirilmişdi və əmmaməyə etiraz edilmişdi…
– Bəzən Milli Məclisdə bu məsələ ilə bağlı deputat kimi yox, dindar kimi çıxış edirlər. Bu onların mənəvi haqqıdır. Onların qaldırdıqları məsələyə pis baxmıram. Məsələ belədir ki, hər dində insanların öz geyim formaları var. Xristianlıqda patriarxın öz paltarı var. Onlar bəzi dini mərasimlərdə də xüsusi paltarlar geyinirlər. İslamda paltar elə geyinilməlidir ki, insan bədəninin əzaları qabarıq hiss olunmasın. Yəni abırlı geyim olmalıdır. Əmmamə bizə ərəblərdən gəlib və biz bu atributa hörmət edirik. Bunu hansısa dövlətlə əlaqələndirmək olmaz. Peyğəmbərimz (s) əmmamə geyindiyi üçün biz əməldə onun bu hərəkətinə hörmətlə yanaşırıq. Yəni bu kiminsə geyimi deyil. Təbii ki, əmmamə qoymaq insana elm gətirmir. Məsələn, Türkiyədə belə bir qayda var ki, insanlar namaz vaxtı xüsusi geyimdə olurlar. Ola bilər ki, namazdan sonra da küçədə həmin geyimlə gəzsinlər. Yəni bunlar ola bilər. Əgər biz deyiriksə ki, bizim mollalar milli geyimdə olmalıdır, o zaman müəyyən etməliyik ki, söhbət hansı geyim tərzindən gedir. Məsələn, çox vaxt milli geyim deyəndə muğam ustalarımızın səhnəyə çıxdığı paltarlar nəzərdə tutulur. Onlar çox gözəl şəkildə geyinib insan qarşısına çıxırlar. İndi biz də mollaları elə geyindirib camaatın qarşısına çıxarmalıyıq? Məsələ bu şəkildə qoyulmamalıdır. Əslində, insanlara bu sərbəstliyin verilməsi dindəki demokratiyadan xəbər verir. Peyğəmbərin özü də deyib ki, insanlarla bir yerdə olun, onlardan ayrılmayın.

– Tez-tez mətbuatda məlum şəxslər haqqında materiallar hazırlayarkən başlığa “Şeyxin Qudası” kimi başlıq çıxarılır. Bir neçə gün əvvəl məşhur iş adamı Əli Evsenin həbs olunması ilə bağlı məlumat yayılanda da eyni təqdimat oldu…
– Mən də mətbuatda belə məlumatları tez-tez görürəm. Hərənin öz işi var. Belə məsələlərdə heç vaxt qudalarımın işinə müdaxilə etməmişəm. Mən öz ailəmə cavabdehəm. Ailə deyəndə ora təbii ki, mənim gəlinim və digər övladlarım da daxildir. Amma kimsə, tutaq ki, lap elə mənim qudalarımdan haradasa bir iş görürsə, onun məsuliyyətini də özləri daşıyır. Onlar hər hansı bir günah işinə görə də qanun qarşısında özləri cavab verməlidir. Mənim qudam olmur, kim olur olsun. Qanun qarşısında hər kəs cavabdehdir. Yəni bunların fəaliyyətini mənim adımla bağlamaq etik cəhətdən düzgün deyil axı. Mən qudalıqdan imtina etmirəm ki… Sadəcə mənim belə şeylərə ehtiyacım yoxdur. Mən bu xalqın şeyxiyəm, ölkəmin prezidenti var. İmkan daxilində bütün şəraitlər yaradılıb ki, heç kimə əyilməyim. İstəyir mənim qudam olsun, istər başqası. Jurnalist yazırsa, heç olmasa yazdıqlarının 50 faizinin həqiqət olduğuna inanmalıdır.

– Bu ilki Həcc ziyarəti ilə bağlı hansı yeniliklər var?
– Əsas çətinlik bahalaşmanın olmasıdır. Orada Kəbə ətrafındakı otellərin hamısını söküblər. Məsafə uzandığı üçün problemlər ortaya çıxır. Yaxın Şərqdə baş verən hadisələrdən sonra insan köçləri yaranır. Bəzi insanlar Məkkəyə üz tutur, oradakı otelləri illərlə kirayələyirlər. Yəni bunların hamısı bahalaşmaya səbəb olan amillərdir. Şükür ki, bu il münasib və yaxşı yer axtarıb tapdıq. Bu il avtobuslar da 10-15 faiz baha icarəyə götürüldü. Yəni məsələ bizdən asılı deyil. Digər tərəfdən də bu il həm də sığorta məsələsi ortaya çıxıb. Bu problem də həll olunacaq.

– Son olaraq müsəlman ölkələrində baş verən inqilablara münasibətiniz necədir?
– Biz bu məsələyə öz bəyanatımızla münasibətimizi bildirmişik. Əlbəttə, insan itkisinin nə olduğunu biz hamıdan yaxşı bilirik, Qarabağ müharibəsində bunu görmüşük. İstərdik ki, bu proseslər tezliklə həllini tapsın. Amma burada bir məsələ var ki, tutaq ki, Liviyada vəziyyətin müdaxiləyə ehtiyacı var idi, axı sən başqa yerdə silahı verirsən və insanları bir-birinə qırdırırsan. Burada artıq qardaş qırğını gedir və pis vəziyyət yaranıb. Arzu edirəm ki, Həcc mövsümünə qədər bu problemlərin hamısı başa çatsın…

Elbrus Ərud

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button