Bütün yıxılanlar haqqında

Yalçın İmanov

İntiharla bağlı məhkəmə-tibb ekspertizalarının rəylərini oxumaq çox maraqlı məşğuliyyətdi. Vəkil olanlar bilir, meyitin daxili və xarici müayinə protokolu, paltarların müayinəsi. Ölmüş bədəninin ürəkbulandıran, pedant, amma maraqlı təhqiqi. Mən bu protokolları oxuyana qədər intihar haqda fərqli düşünürdüm. Sonra qəddar təsvirlər işini gördü, inthar birdəfəlik gözümdən düşdü. Xüsusən, intihardan sonra meyitin şalvarının ön və arxa tərəfdən nəm olması, içəri tərəfdən az miqdarda nəcislə bulaşması. İntiharla sonuncu təbii ehtiyacın üzvi bağlılığı nədən qaynaqlanır, bilmirəm, güman ki, buna tibb ekspertləri daha ağlabatan izah verə bilərlər, amma məncə, insan hətta öləndən sonra da ləyaqətlə görünməlidir, hətta görünmək qayğısına qalmalıdır. Hərçənd suisidin psixiatrik səbəblərindən biri də şəxsiyyət pozuntularıdı. Amma görünür ki, cəmiyyət pozuntuları da bu və ya digər şəkildə sözünü deyir…

***

Təxminən bir il əvvəlin söhbətidi. Modern tipli, bütün müasir tələblərə cavab verən məhkəmə zallarının birində tamaşaçı qismində bir məhkəmə prosesini izləyirdim. Tərslikdən prosesin məhkəmə çıxışları mərhələsiydi. Cavan, amma gündəlik stressin təsirindən gözlərinin altı şişib torbalanmış hakim müdafiə çıxışı üçün sözü müdafiəçiyə verdi. Yaşı 60-ı keçmiş, birdizə geyinilməkdənmi, yoxsa davamlı yuyulmaqdan, ya hər nədən, boyunluğu tiftik-tiftik köynəyindən dar ağacından edam məhkumu kimi sallanan nimdaş qalstuklu, sısqa vəkil ayağa qalxdı, sonra təəccüblə, yəqin ki, niyə ayağa qalxdığının səbəbini heç özü də əməli-başlı kəsdirmədən qorxu və kömək hissiylə ətrafa boylandı, bir-iki dəfə boğazını arıtladı, sonra bir az duruxdu və… sol yanında əyləşmiş təqsirləndirlən şəxsə tərəf əyilib pıçıldadı: Oğlum, adın nəydi?..

***

Peşə “dolanmaq”, “çörəyə çıxmaq” məqsədi güdəndə, həmin peşənin faciəsi yaranır. Hərçənd sıravi azərbaycanlının “dolanmaq” və “çörəyə çıxmaq” ehrtirası və əbədi həyat əndişəsi həmişə məndə ikrah qarışıq heyrət doğurub. Məntiqlə sosioloq və psixoloqlar bu fenomenal sevginin psixo-sosial köklərini çoxdan araşdırmalıydırlar. Amma heyhat!

***

Hər hüquq-mühafizə orqanının istintaq idarəsinin “daimi əsaslarla” əməkdaşlıq elədiyi vəkil heyəti var. Bəzən elə olur, məsləhətxanaya sifariş də verirlər, filankəsi göndər haaa, başqası gəlib işimizə pəl vuracaq. Adam həbs olunur, yaxınları xəbər tutana, həbsin şokundan çıxıb ürək qızdırdıqları bir vəkillə müqavilə bağlayana, həmin o ürək qızdırılan vəkil order /cinayət işinə buraxılmağa hüquq verən sənəd/ əlində günlərlə müstəntiqin qəbuluna düşməyə cəhd edənə qədər iş işdən keçir –  istintaqın ilk 3-4 günlük qızıl dövrü əldən çıxır. Ədayla qarşına atılan dindirmə protokolunda hər şey “göz oxşuyur”, səliqə-səhman təsiri bağışlayır. Təqsir etiraf edilib, imzalar yerli-yerində, üstəlik də “bütün istintaq hərəkətləri müdafiəçinin iştirakıyla keçirilib”. Sonradan ha canını oda yax. Elə bil küləyə qarşı tüpürürsən. Məhkəmədə də bircə cümləlik əsaslandırma kifayət edir: “İstintaqın sonrakı mərhələsində verilmiş ifadələr, özünümüdafiə xarakteri daşıyır”.

***

“Nardaran işi”nin materialları ilə tanış olmağa gedəndə vəkil həmkarımla “Bandotdel”in (yeri gəlmişkən, Daxili İşlər Nazirliyi mühüm bir qurumunun adının belə tanınmasından narahat olmalıdır məntiqlə) girişində dayanıb, intizarla müstəntiqin nə vaxt lütf edib, bizi binaya buraxdıracağı zəngi gözləyirdik. Bu vaxt məşhur bir “payka” gəldi, qoltuğuna sıxdığı rəngi bozarmış portfeli əlində, girişdəki mühafizəçiylə ağızucu və yorğun salamlaşıb, pilləkənlərlə yuxarı qalxdı. Paxıllıq hissi qəlbimizi göynətdi, əlacsızlıqdan zarafatlaşdıq: Vəkil belə olar ey!!!

***

İyulun 19-u Azərbaycan vəkilliyi tarixində ləkədi. Cabbarın (“Nardaran işi”ndə təqsirləndirilən Cabbarov Cabbar Əmirxan oğlu – bu adı yadda saxlayın) bir cümləlik sözü – “Bandotdel”də mənə işgəncə verəndə, dövlət hesabına təyn olunmuş vəkil məni müdafiə eləmək əvəzinə, az qalırdı o da məni döysün” – Azərbaycan vəkilliyinin alnına sıxılmış güllədi! Vəkillər Kollegiyası həmişə olduğu kimi yenə susdu, hərçənd bütün hallarda araşdıma aparıb, nəticəsindən asılı olaraq ya üzvünü müdafiə eləməli, ya da həmin vəkil barəsində intizam icraatı başlamalıydı. Amma harda…

Görünən odur ki, dövlət hesabına vəkillik (cinayət işlərində təyinatla işə çıxıb, vicdanla işini aparan şəxsən şahidi olduğum, yaxud olmadığım çox azsaylı vicdanlı həmkarlarımı salamlayıram) dövlətin əsaslarını sarsıdır, ödənişsiz hüquqi yardım daha başa gəlir.

Yəqin ki, nə vaxtsa o məhkəmə-tibb ekspertizalarındakı ləkələr yuyub təmizlənəcək, ya da yaddan çıxıb unudulacaq. Amma bu ləkələr əsla…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button