Cəbhəçilər Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzetinin ayrı olduğunu yaxşı bilirlər

Azer-Ayxan05.07.2013

Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanla AXCP sədrinin müavini Nurəddin Məmmədli arasında qalmaqal yaşanıb.

Avropa.info  xəbər verir ki,  A.Ayxanın son yazısına cavab olaraq Əli Kərimlinin müavini Nurəddin Məmmədli bildirib ki, AXCP funskionerləri uzun müddətdir “Yeni Müsavat” qəzetinə hər-hansı bir açıqlama verməkdən imtina edirdilər: “Bizim partiya bu boykot qərarını aradan qaldırsa da, mən onlarla razılaşmadım və bu qəzetə açıqlama verməkdən hər zaman imtina etmişəm. Mənim “Yeni Müsavat” qəzetinə qarşı bu cür davranışım təsadüfi deyil. Bu gün “Yeni Müsavat” qəzeti müstəqilliyini tam itirib və hakimiyyətin bir strukturu kimi fəaliyyət göstərməkdədir”.

A.Ayxan isə öz “Facebook” profilində daha sərt cavabla çıxış edib. Onun fikrincə, Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur: “Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxan birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlunu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasətmuzdur da ilk fürsətdəcə aradan çıxdı…
Sabah Əli Kərimli bunun maaşını kəssin, görün, nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar, bildiyim qədər. Lağ-lağı, “prikol” hədəfidir partiyada. Kim kefini durultmaq istəsə, onu ələ salıb əylənir. Ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq”.

“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın “facebook” hesabında yazdığı fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmiləri təxribat amili kimi qələmə veriblər. Azər Ayxanın yazdıqlarını oxucularımıza təqdim etmişdik və ad çəkilməsə də, açıq-aydın AXCP sədri Əli Kərimlinin hədəf seçildiyi ortada idi.
 
bakuinfo.az-ın əməkdaşı məsələyə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin fikirlərini öyrənib.
 
M. İbrahim açıqlamasında bildirib ki, Azər Ayxan və qardaşı Rauf Arifoğlu hakimiyyətdən aldığı sifarişləri yerinə yetirir. “Guya İsa Qəmbəri bizdən müdafiə edirlər. Halbuki, bizim nə ən böyük müttəfiqimiz olan Müsavatla, nə də onun başqanı İsa Qəmbərlə problemimiz yoxdur. Əksinə bütün zamanlarda olduğundan daha sıx birlikdəyik. Azər Ayxan və onun kimiləri də narahat edən bu möhkəm birlikdir. Onlar nəyin bahasına olursa-olsun, bu birliyi pozmaq tapşırığını yerinə yetirirlər. Hamı gördü ki, o status müsavatçılardan heç bir dəstək almadı. Çünki müsavatçı dostlarımızın da əksəriyyəti, “Yeni Müsavat”ın tutduğu yolu aydın görürlər və zaman-zaman buna öz etirazlarını bildiriblər. Artıq “Yeni Müsavat” qəzeti hakimiyyətə qulluq etdiyini ifşa edir, bunun isbata ehtiyacı yoxdur”.
 
O bildirib ki, cəbhəçilər Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzetinin ayrı olduğunu yaxşı bilirlər. “Bu açıq aydın sifarişdir. Həm hakimiyyətin tapşırığını yerinə yetirib cəbhəni gözdən salmaq, həm də guya Müsavat partiyasının adından danışıb, cəbhəçiləri Müsavat partiyasına qarşı qaldırmaq istəyirlər. Amma biz Müsavat partiyası ilə, “Yeni Müsavat” qəzetinin ayrı olduqlarını yaxşı bilirik. Müsavat Partiyası xalqa, “Yeni Müsavat” qəzeti isə hakimiyyətə qulluq edir”.
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button