Cəngəlliyə gələnlər

Murad Köhnəqala

Məxsusi olaraq “Xural” qəzeti üçün

Bilirəm, bütün mətbuat Azərbaycan müğənnilərinin “Eurovision-2011” mahnı müsabiqəsində qalib olmasından yazacaq. İqtidar qəzetləri dil boğaza qoymayacaq. Zəhmətkeşlər, kənd əməkçiləri, alimlər, politoloqlar, şairlər aylarla televizordan düşməyəcək. Yəqin çoxları bu qələbəni korrupsiya və rüşvətxorluğa qarşı aparılan kəskin və qətiyyətli mübarizənin nəticəsi kimi tərənnüm edəcək. Azərbaycan bayrağının göylərə ucaldılmasından, xoşbəxtlikdən, səadətdən alovlu söhbətlər gedəcək. Hamı da nitqini məşhur tostla bitirəcək: “Arzu edirəm, Qarabağ torpaqlarını da alıb beləcə bayram keçirək!”

Biz Avropa Şurasına daxil olanda boynumuza çoxlu öhdəçiliklər götürmüşük. İnsanlara söz azadlıqlarının verilməsi, demokratik seçkilər, azad məhkəmələr, bazar iqtisadiyyatının inkişafına dəstək və s. Elə bil cəngəllikdə sivilizasiyadan kənar yaşayan tayfaların yanına müasir sivilizasiyanın adamları gəlibən başa salır ki, belə primitiv fəlsəfə ilə yaşamağı dəyişin. Yaşadığınız cəngəlliyin sərvətləri hamınıza aiddir. Bir tayfanın həddən artıq zəngin, qalanlarının isə ac qul kimi yaşaması insanlığa yaraşmaz. Biz şüurlu varlıqlarıq, cəngəllik heyvanları deyilik. Qəbilə başçısı seçəndə hamının fikrini nəzərə almaq lazımdı. Fərqli fikrinə, düşüncəsinə görə insanları cəzalandırmayın. Cəzaya layiq adamlara işgəncə verməyin. Bir-birinizi daşa basmayın. Bir-birinizin cibinə kakos, banan atıb oğurluqda şərləyib tutdurmayın. Bir-birinizin ətini yeməyin.

Qəbilə başçısı da gələn yadellilərin gücündən qorxaraq bir də belə şeylər eləməyəcəyinə qol çəkir. Lakin şüurlu insanlardan insanlıq tələb edənlərin gəmisi cəngəllikdən aralanan kimi qəbilə başçısı və onun tayfası cəngəllik insanlarına yenə cəza verməkdə davam eləyir. Qəbilə başçısının idarəçiliyinə etiraz eləmək istəyənlər dərisi soyularaq cəzalandırılır. Bütün ağacların kölgələri və meyvələri üçün əhalidən vergi yığılır. Əshabələri qəbilə sakinlərindən bağırda-bağırda bulaqhaqqı, havahaqqı, ovhaqqı, doğmaqhaqqı, yaşamaqhaqqı, yatmaqhaqqı, gəzməkhaqqı alırlar. Əhalidən yığılan sərvət anbarlara doldurulur. Aylar, illərlə anbarlarda qalan xalqın malı çürüyüb iylənir. Ac xalqın malını  özünə verməkdən qorxurlar. Xalqı qəsdən ac saxlayırlar. “Qoy heyvanlaşsın, başı qarnına qarışsın. Qarnı tox olarsa mənəvi dəyərlərin davasını eləyə bilər.”

Növbəti dəfə gəmi yenə cəngəlliyə lövbər salanda tezcə anbardan hərəyə bir çürük banan verib gələnlərin pişvazına yollayırlar. Əllərində banan olan yaltaq qəbilə sakinləri gələnlərin qarşısında  toxluq mahnıları oxuyub oynayırlar. Gələnlər isə qəbilə sakinlərinin bu şadyanalığını cəngəlliyin sivilizasiyaya doğru bir addımı kimi qiymətləndirirlər. Dəri bəndlərlə bərkidilmiş ağac qəfəslərdə işgəncədən inləyənlərin ağzına daş  basırlar ki, səsləri eşidilməsin.

Gələnlər gedəndə yenə möhkəm tapşırıq verirlər: “Bax ha, qəbiləyə bu dəfə başçı seçəndə hamının səsi əsas götürülməlidi!” Qəbilə başçısı və hakim tayfa onlara xorla cavab verir: “Ayıb döyül? Əlbəttə, açıq seçki olacaq, necə lazımdı!”

Növbəti dəfə gəmi gəlir. Sındırılıb öyrədilmiş sakinlər yenə onların qabağına yüyürür: “Muştuluğumuzu verin, biz hamımız səs verib köhnə başçımızı əbədi özümüzə başçı seçdik, ura!!!” Gələnlər soruşur ki, bəs, eşitmişik, səs verməyənlər də var, onları ağac qəfəslərdə saxlayırsınız. Qəbilə başçısı başına taxdığı bəzəkli lələkləri yellədərək: “Yox əşi, onlar icazəsiz su içənlər, hava udanlar və ov ovlayıb balıq tutanlardı. Onların arasında banan oğrusu, kakos oğrusu, meymun oğrusu, ağac qabığı oğrusu da çoxdu. Qəbiləmizin müqəddəs qanunlarını pozduqlarına görə cəza çəkirlər”- deyir.

Sonra qəbilə başçısı bir neçə nəfəri sivilizasiya olan yerlərə aparmaqlarını gələnlərdən xahiş eləyir.

Gələnlər isə hər dəfə qəbilədən bir dəstə yığıb onları ekzotika üçün rəqs, mahnı və idman yarışlarına aparır.

Biz də Avropada bayrağımızı belə işlərdə yelləyirik.  Demokratik dəyərlərdən başqa nəyə desən maliyyə buraxırıq. Kölə həyatı yaşasaq da, idman, rəqs və mahnı ilə bütün Avropanı fəth edəcəyik. Hələ ehtiyatda meyxana kimi bir sənətimiz də var.

 

Murad Köhnəqala

Məxsusi olaraq “Xural” qəzeti üçün

XALQIN DİŞİ AĞARA QALIB

Bəri başdan deyim ki, mən türməyə-zada düşmək istəmirəm, ona görə “Eurovision-2010” mahnı müsabiqəsində əldə etdiyimiz bu nailiyyətə çox sevinirəm. Eşitmişəm, Masallı rayonunda bir neçə gənc yığışaraq bizim bu nailiyyətə sevinməmək qərarı veriblər. Onlar gizli hansısa sevinməmək təşkilatı yaradıblar. Həmişə olduğu kimi, bədxahlar gənclərin yaratdığı bu təşkilatı Masallı rayon polis şöbəsinə satıb. Polislər çevik dəstələr yaradaraq rayonun özündə və bütün kəndlərində kədərli gənc axtarışına çıxıblar.

Axtarış aparan polis dəstələrinin bu məqsədi xalq arasında sürətlə yayılır. Ona görə əhali polis görən kimi qorxusundan şaqqanaq çəkib gülürmüş. Yolun bu başında dəyənəkli polis dəstəsi peyda olan kimi küçədəki adamlar dərhal əlini əlinə vurub sevinir, qol qaldırıb oynayırmış. Axtarıcı polis dəstəsi gəlib yanlarından ötüb keçənə qədər qoca kişilər, qarılar, cavanlar, uşaqlar bir-birinə qoşulub özlərini şən göstərərmiş. Çayxanalarda, meyxanalarda iynə atsan gülüş əlindən yerə düşməzmiş, iynə göydə oynayıb qalırmış. İşsizlikdən çayxanalarda nərd, domino, kart oynayanlar gülməsələr də, hər etimala qarşı dişlərini ağardıb hazır durarlarmış ki, qəfildən içəri soxulan polis dəstəsi onları gülüb sevinən görsün. Çayxana-meyxanalardan evinə qayıdan kişilər keyiyən dodaqlarını axşam yatanda güclə yerinə qaytararlarmış. Rayon sakinləri yuxuda da gülə-gülə, sevinə-sevinə sayıqlayarmış. Beləcə, neçə gün imiş polislər sevinməyən gəncləri tapa bilmirmiş.

Bir gün polislər baş-başa vermiş üç kədərli uşaq görürlər. Fikirləşirlər, demək, bizim ölkənin qazandığı parlaq nailiyyətə sevinmək istəməyən elə bunlardı. Onları qandallayıb polis şöbəsinə gətirirlər. Şöbədə döyə-döyə soruşurlar: “deyin görüm, ölkəmizin qələbəsinə niyə şənlənmirsiniz,  mısmırığınızı niyə sallamısınız, nəyiniz çatışmır?” Aralarındakı ən böyüyü ağlaya-ağlaya deyir: “Nəçənnik, biz vətənimizin bütün nailiyyətlərinə, körpülərinə, iqtisadi inkişafına sevinirik. İndi yasımız düşüb, bizə müvəqqəti kədər üz verib, “qırx”ı çıxan kimi yenə sevinəcəyik.”

Polislər soruşur, “nolub, nə məsələdi?” Oğlan ağlaya-ağlaya deyir, “atamız rüşvət verib bankdan kredit götürmüşdü. Götürdüyü pulla təsərrüfat qurmaq istəyirdi. Vergi, işıq, qaz, fövqəladə hallar, yanğınsöndürən – hamısı üstünə tökülüşdü. Yazıq atamın dərisini soyurdular. Axırda əsəbləri davam gətirə bilmədi, bir gün səhər durduq ki, qapıdakı ağacdan özünü asıb. “Qırx”ı çıxmağa bircə həftə qalıb, icazə verin, bu bir həftəni kədərlənək, sonra üçümüz də gəlib lap sizin bu şöbənin qarşısında çalıb oynayaq.”

Ən yoğunqarın polis əlindəki dəyənəyi stola vuraraq qışqırır: “Sənin o atan əlimə keçsəydi, onu elə özüm asardım! Ayə, atan özünü asmağa vaxt tapmırdı? Gərək elə bizim qələbəmizə qanqaraçılıq salaydı? İndi utanmır o mərhum?!”

Böyük qardaş yenə üzrxahlıq eləyir: “Ağa nəçənnik, vallah, atam özünü asan vaxtlar heç bu “Eurovision-2010”-dan xəbəri yox idi. Yazığın başı elə gəlib-gedənlərlə çəkişməyə qarışmışdı.” Yoğunqarın yenə dillənir: “Nətərəə, sənin dədən bilmirdi ki, qarşıda bizi böyük qələbə sevinci gözləyir? Gərək kəndiri boğazına indi keçirəydi? Adamda abır da yaxşı şeydi! Özünü asmaq istəyirsən, çox gözəl, get as! Ancaq bir hesabla gör, “yeddi”n ayın neçəsinə düşür, “qırx”ın hara düşür. Özbaşına olmusunuz, ee!  Heç olmasa Düsseldorf şəhərinin meri Dirk Elsbers “Eurovision-2012”-nin ev sahibliyinin açarını Hacıbala Abutalıbova təhvil verməyini gözləməliydi. Ondan sonra kefin necə istəyir, get elə öl, istəyirsən gedib lap özünü yandır, kimdi sənin qabağına duran…”

Yetim qardaşları şöbədən buraxan yoğunqarın axırıncı tapşırığını verir: “Dədənizin “qırx”ı çıxan kimi üzünüzü qırxıb gəlirsiniz bura, şöbənin qabağında üçünüz də bir dənə yallı gedib sonra  dağılışarsınız, oldumu?!”

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button