Cəmil Həsənli Nardarandan yazdı

cemilhesenli

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Nardaranda baş verən son hadisələrə münasibət bildirib:

“Dostlar! Bir neçə gündür Vaşinqtondayam. İşlərim çox olduğundan ölkədə gedən prosesləri ardıcıl izləyə bilmirəm. Amma bir sıra məsələləri diqqətdə saxlamağa çalışıram. Bunlardan ən mühümü Nardaranda baş verən hadisələrdir. Milli Şura olaraq bu məsələyə münasibətimiz ortadadır. Hadisələr baş verəndən sonra ilkin məlumatlar əsasında noyabrın 26-da bu kənddə insan itkisi ilə nəticələnmiş hadisələrə münasibət bildirmişdik. Hökumət və ona xidmət edən mətbuat, saytlar, adlarını politoloq qoyan “xidmətkeş zümrə” bizim açıqlamamızdan rəncidə olub az qalla Milli Şuranı Nardaran olaylarının təşkilatçısı kimi qələmə versinlər. Bundan ancaq təəssüf hissi keçirmək olar. Balaca bir kənddə keçirilən əməliyyat zamanı ikisi polis işçisi olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirib. İlk növbədə onu qeyd etmək lazımdır ki, 7 nəfərin həyatı hesabına başa gələn bu əməliyyatı keçirməyə zərurət var idimi? Əgər söhbət “Müsəlman Birliyi” hərakatının başçısı Hacı Tale Bağırzadə və hərəkatın fəallarının həbs edilməsindən gedirdisə, bu 7 nəfərin həyatını qoruyub saxlamaqla da həmin həbsləri həyata keçirmək olardı. Əgər bu adamlar hüquq mühafizə orqanlarının dəvəti əsasında polis idarəsinə, MTN-ə deyilən vaxtda gəlirdilərsə, ibadət vaxtı Nardaranda silah tətbiq etməklə, güc nümayiş etdirməklə əməliyyat keçirməyə nə ehtiyac var idi? Sual olunur: kim namaz vaxtı, ibadət vaxtı cibinə qumbara qoyub Allaha səcdə edir, alnını möhürə qoyur? Bizim üçün qiymətli olan vətəndaşlarımızın həyatıdır: istər polis işçisi olsun, istər mülki şəxs. Bir şey aydındır ki, bu hadisələrdə şübhəli bilinən şəxsləri qansız-qadasız saxlamağın çoxlu mümkün yolları var idi. Tez-tez guya Nardaranda konstitusiya quruluşunun devrilməsi, islam dövləti yaradılması, şəriət qaydalarının tətbiq edilməsi təhlükəsindən danışırlar. Tarixdə hələ belə bir nümunə olmayıb ki, bir kənd ölkənin konstitusiya quruluşunu təhdid etsin, onun dövlət quruluşu üçün təhlükə törətmiş olsun. Hadisələrin belə qorxunc təqdimatı Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının insan ölümü ilə nəticələnən əməliyyatına bəraət qazandırmaq cəhdidir. Göründüyü kimi noyabrın ayın 26-da guya radikal islamçı qrupun zərərsizləşdirilməsi məqsədilə bu əməliyyat tutarlı səbəb olmadan ictimai yerdə həddindən artıq güc nümayiş etdirilməsi ilə həyata keçirilib. Halbuki Nardaran kəndinin mühasirəyə alınması, kəndə verilən elektrik enerjisinin, qazın kəsilməsi təzyiq subyektinin hər hansı bir radikal qrup deyil, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, kəndin bütün əhalisinin olduğunu ortaya qoymuşdur. Bu yalnız mənəvi baxımdan deyil, qanunun tələbləri baxımdan da yolverilməzdir. Qanunsuz əməllərdə şübhəli bilinən şəxslərin saxlanılması lokal yollarla, fərdi qaydada itkisiz həyata keçirilə bilərdi və buna polis orqanlarının imkanı var idi, əməliyyatı itkisiz həyata keçirmək onların bilavasitə vəzifə borcu idi. Təəssüf ki, bu imkandan istifadə edilmədi. Təsdiqini tapmamış şübhələr Azərbaycan vətəndaşlarına güc tətbiqi üçün əsas ola bilməz. Bu məsələlərdə Milli Şuranı günahlandırmaqdansa, kiçik bir kənddə aparılan əməliyyat zamanı 7 nəfər Azərbaycan vətəndaşının ölümünün, bir həftə boyu uşaqdan böyüyə qədər bütün yaşayış məntəqəsinin işıqsız, qazsız, susuz mühasirədə saxlanmasının, hadisə zamanı həyatını itirmiş vətəndaşların cəsədlərinin günlərlə yaxınlarına verilməməsinin izahatını vermək daha məqsədəuyğun olardı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button