Cənab prezident, “Muzey Mərkəzi”nə gedə bilərsinizmi?

əvəz

Əvəz Zeynallı

40.000 eksponat məhv olur – Əbülfəz Qarayevin yarıtmaz fəaliyyəti

Selcanın dərslərinin qrafikindən zaman tapan kimi uşaqları muzeylərə, mədəniyyət ocaqlarına aparmaq istəyirəm. İndi də elə etdim. Uşaqları götürüb – günlərdir elə özlərinin israrla getmək istədikləri “Şokolad” muzeyinə apardım. Haradasa bu muzeyin təbliğatını görüblər və getmək istəyiblər. Olsun. Getdik.

Zamanında İosif Vissarianoviç Stalinin şərəfinə tikilən, amma Vladimir İliç Leninin qismətinə düşüb sonradan “Lenin” muzeyi olan, Azərbaycanın ən ziddiyyətli rəhbərlərindən biri olan Mir Cəfər Bağırov tərəfindən inşa edilən, müstəqillik qazandıqdan sonra “Xalçaçılıq” muzeyinə çevrilən, bir ara “İstiqlal” muzeyi olan, nəhayət, indi Mədəniyyət və Turizm Nazirliyinin tərkibində “Muzey Mərkəzi” (!!!) kimi fəaliyyət göstərən bu binaya “Xalçaçılıq” muzeyi olan zamanlarda bir dəfə gəlmişəm, sonra 1-2 dəfə də orada hansısa araşdırma aparmaq istəyirdik – onda getmişəm. Vəssalam.

Biz media əhli olaraq zatən bu tip yerləri diqqətdən kənarda saxlamaqla böyük günah işlədirik. Oysa bu ölkənin ürəyi bu cür mədəniyyət ocaqlarında döyünür. Döyünməlidir!

Niyə “Şokolad” muzeyi!?

Sən demə, bura heç “Şokolad” muzeyi adlanmamalı imiş. Ona görə ki, “muzey” dedikləri və millətin başını aldadıb təbliğat vasitəsilə cəlb etdikləri yerin adı olsa-olsa sərgi kimi təqdim olunmalı imiş. Orada şahid olduğumuz da bu idi. Hansısa Nikolay Popov adlı bir adamın nə məqsədlə və niyə etdiyi bilinmədiyi bu “şokolad” muzeyinə gələndə, zatən hər şey aydın görünür.

Aşağıda oturan xanımlar “Şokolad” muzeyinin 4-cü mərtəbədə olduğunu dedilər. Bileti soruşdum. Böyüklər üçün 7, balacalar üçün 3 manatmış. Allah, Allah, 7 sahədə “Oskar” mükafatı alan filmə baxmağamı gəlmişik? Biletsatan qız hiss etdi və endirimə gedəcəyini dedi. Və 15 manata – halbuki 27 manat ödəməli idik – razılaşdıq. İlk baxışdan ciddilik qeyri-ciddiliyə çevrildi və artıq məni maraq 4-cü mərtəbəyə qaldırdı.

Biletsatan belə rusca danışır və Azərbaycanca bilmirdi. Hətta Azərbaycanca heç nə bilmirdi. Yuxarıda – 4-cü mərtəbədə də eyni durumla qarşılaşdıq. Orada da bir rus xanım vardı və ümumiyyətlə, Azərbaycan dilində danışa bilmirdi. Guya şokoladdan hazırlandığı iddia olunan eksponatların üzərində də guya onları təqdim edən tanıtım yazısı rus dilində idi. Səbəbini soruşdum, niyə tərcüməçi olmadığı ilə maraqlandım, qaneedici cavab ala bilmədim.

Ümumiyyətlə, avqust ayının qora bişirən vaxtında niyə şokoladdan belə əndrəbadi fiqurlar yığıblar, o da mənə çatmadı. Maraqlandım. Rus qadın dedi ki, bu eksponatlar tam şokoladdan hazırlanmayıb. Belə ki, onları yemək olmaz. Tərkibinə hansısa maddə qatılıb. O maddə də bunları əriməyə qoymur. O zaman niyə adı “şokolad”dır, məlum olmadı. Ayrıca, sən demə, bu eksponatlar bu qaydada bir neçə ölkədə – Belarusda, Ukraynada da sərgiyə çıxarılıbmış. O zaman daha bir neçə sual meydana çıxır. Bunlar niyə təxrib olmur? Bu ölkədən o ölkəyə necə daşınırlar?

Hər yönü ilə ortada ciddi oyunların olduğu göz önündədir. Sərgini Mədəniyyət və Turizm Nazirliyi təşkil edir, əsas himayədar odur. Deməli, işin içində Azərbaycan dövləti var. O zaman hanı dövlət dilinə hörmət? Dövlət işin içində varsa, bilet niyə 7 manat olur? 7 manatdırsa, niyə xırda bir etiraz olan kimi 5 manata düşür? Belə biabırçılıq olarmı?

Bizə muzeydə söhbətləşdiyimiz mütəxəssislər dedilər ki, “Şokolad” muzeyi deyilən bu mərəkə əslində, “Şokolad sərgisi” olmalı idi. Ona görə insanları aldadaraq bura muzey deyiblər ki, sərgi pullu olmur, muzeyə isə girişi pulla etmək mümkündür. Bütün hali ilə görünən odur ki, bizim hörmətli Mədəniyyət və Turizm nazirimiz Əbülfəs Qarayev (Allah Qara Qarayevə rəhmət eləsin!) hansısa bir Nikolay Popovla müştərək qaydada pul qazanır və bu pul qazanmada Azərbaycan dövlətinin atributlarına hörmət qoymur. Niyə belə edir, o artıq dövlətin və onun əlaqədar qurumlarının işidir. Araşdırılmalıdır.

Dövlət Teatr və İstiqlal muzeyləri xaraba günündədir

Bizə “Dövlət Teatr Muzeyi” və “İstiqlal” Muzeyinin də burada, 2-ci mərtəbədə olduğunu dedilər. Ancaq o muzeylərə giriş üçün biletləri muzeylərin özündən alacaqmışıq. “Şokolad muzeyi” adlanan yerdən enəndə adı çəkilən muzeylərə də girmək istədik. Rus qadından fərqli olaraq burada Azərbaycan dilində gözəl danışan nəzakətli və məlahətli xanımlarla qarşılaşdıq. Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Günü münasibətilə bu muzeylərdə 3 gün “açıq qapı” elan edib. Yəni giriş pulsuzdur.

Həm Teatr, həm də İstiqlal muzeyləri bərbad gündədirlər. Hətta illər əvvəlki halları belə bu vəziyyətdən çox yaxşı idi. Cırıldayan döşəmələr, təmir üzü görməyən divarlar, uçulub-tökülən tavanlar adamı düşünməyə sövq edir: Bəs bu millətin neftdən fələn 500 milyard dolları hara getdi?! Millətin İstiqlal və Teatr kimi önəmli muzeylərinə bir zərrə də çatmadımı? Buradakı sənədlərin əksəriyyəti surətdir. Üzü köçürülmüş kopya sənədlərlə muzeymi yaratmaq olar?

Teatr muzeyindən 18.000, İstiqlal muzeyindən isə 20.000 eksponatlarının “Muzey Mərkəzi”nin zirzəmilərində yatıb-qaldığını dedilər. Düz deyirlər. İş elə gətirib ki, mən bu muzeyin zirzəmisində olmuşam və orada nə dəhşətlərin baş verdiyini öz gözlərimlə görmüşəm. İndi baxın, milyardların göyə sovrulduğu məmləkətimizin əsas “Muzey Mərkəzi”nin binasında yerləşən “Teatr Muzeyi” və “İstiqlal Muzeyi”nin 40.000-ə yaxın eksponatı məhv olur. Bu muzeylər isə hazırda bir mərtəbədə, hərəsi bir neçə otaqda gününü sayır. Diqqətədəyər heç nə də yoxdur. Köhnə, tozlu və baxımsız dolablar, maaşı 120-130 manat arasında gedib-gələn xanım əməkdaşlar və yeni təyin olunmuş müdirlər.

Elə buna görə də bu muzeylərə kimsə gəlmir. Buralar artıq insanlara, gənclərə, tələbələrə heç nə vermir. Bəs bu millətin ən azından son 100 ildə yaradılmış mədəniyyət abidələri haradadır? Muzeylərdə yalnız divarlardan asılmış afişalar nümayiş olunacaqsa, digər qiymətli əşyalar harada, ya da kimlərdədir? Kimlərin monopoliyasındadır? Mədəniyyəti də inhisara alıblar?!

Maraqlı daha bir məqam var. Muzeydə onu da öyrəndik ki, “İstiqlal” Muzeyi haqqında biri 2008-ci ildə olmaqla iki dəfə fərman verilib və bu fərmanlarda yeni “İstiqlal” Muzeyinin tikintisi haqqında əlaqədar qurumlara göstərişlər verilib. Aradan 7 ildən çox keçməsinə baxmayaraq, hələ də “İstiqlal” muzeyinin binasından xəbər yoxdur. Zirzəmidə isə 20.000-dən artıq eksponat məhv olur…

Prezident İlham Əliyevə müraciət edirəm

Cənab İlham Əliyev! Mümkün qədər bu məsələlərlə məşğul olduğunuzu bilirik. Olarmı günlərinizin birində “Muzey Mərkəzi”nə gedəsiniz? Oradakı şəraiti özünüz görəsiniz və əminəm ki, bundan sonra görəcəyiniz tədbirləri bütün Azərbaycan alqışlayacaq. Bu 10-15 ildə Mədəniyyət Nazirliyi hara baxıb, ayrılan dövlət büdcəsini hara sərf edib ki, dövlətin əsas muzeyləri it günündədir.

Bir neçə gün əvvəl Şamaxıda Mədrəsə kəndində idim. Bu kənddə möhtəşəm bir Alban məbədi var. Məbədin qübbəsindən ağac bitib, sakinlər orada inəkləri üçün ot saxlayırlar. Mədəniyyətə belə münasibətmi olar?!

Uşaqlar bu muzeylərdən heç nə öyrənə bilməzlər!

Heç nə!

Məncə Mədəniyyət və Turizm nazirinin işdən çıxarılmasının zamanı gəlib çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button