Cabbar Savalanlının işi üzrə əməliyyatçılar dindiriləcək

14 iyulda Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Məmmədovanın sədrliyi, eləcə də hakimlər  Rasim İsgəndərov və Mübariz Zeynalovun tərkib heyəti ilə gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

İclasda Cabbar Savalanlı, onun vəkilləri Əsabəli Mustafayev, Anar Qasımov və dövlət ittihamçısı Tural Yusifov  iştirak edirdilər. Prosesdə ilk olaraq keçən proses zamanı müdafiə tərəfin təmin olunmuş vəsatətinə əsasən C.Savalanlının işinə hal şahidi kimi cəlb edilmiş Əliyev Vüsal İsmayıl oğlunun cinayət işi məhkəməyə təqdim edildi. Məhkəmə tərkibi cinayət işinə baxış keçirərkən, gənc fəalın işində adı hal şahidi kimi keçən Niftəliyev Rəhim adlı şəxsin adının həm 3-cü bölmənin, həm də polis idarəsinin  həyata keçirdi əməliyyatda  keçdiyi müəyyən edildi. Bundan sonra müdafiə tərəfin hər iki vəkili – Əsabəli Mustafayev və Anar Qasımov hər iki hal şahidinin və əməliyyatçıların  iclasa gələrək ifadələrinin dinlənilməsi barədə vəsatət qaldırdılar.

Qısa sürən  müşavirədən sonra hakim Lətifə Məmmədova müdafiə tərəfin vəsatətinin qismən təmin edilməsi – əməliyyatçıların  iclasa gələrək ifadələrinin dinlənilməsi barədə vəsatətin təmin olunduğunu elan edərək, prosesi 19 iyul saat 15:30-a təyin etdiyini bildirdi.

Qeyd edək ki, ötən proseslərdən sonra hakim qısa müddətə çəkilişə icazə versə də, nəzarətçilər jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməyə mane olmağa çalışıblar.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button