Çağırışım İlham Əliyevədir!

Əli  Əliyev: “Dəyişikliklər paketi Prezident Əliyevə tarixi şans verir”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində sentyabrın 26-da keçirilmiş Konstitusiya referendumundan sonra hakimiyyətin qarşısında dayanan vəzifələrə dair geniş yazı paylaşıb. Həmin yazını təqdim edirik:

“Bu gün referendumun səhərisidir. Formal prosedurlar nəzərə alınmazsa, artıq yeni hüquqi fəzadayıq.
Çox fərqli qiymətləndirmələr var. Yaxın saatlarda VİP-in də rəsmi mövqeyi açıqlanacaq. Ümumi onu deyə bilərəm ki, Əsas Qanuna edilən dəyişikliklər nominal olaraq respublikaçılıq prinsiplərindən geriləmə kimi qiymətləndirilməlidir.
Məsələnin rəsmi tərəfi qədər də real tərəfi maraq doğurur. Biz siyasilər olaraq, dəyişikliklərə hər 2 tərəfdən yanaşmalıyıq. Çalışacam bu günə qədər rəsmən müdafiə etdiyim mənfi münasibətimlə yanaşı, plebesitin ölkəyə realda nə vəd etdiyinə nəzər salım.
Ölkədə yürüdülən yarıtmaz iqtisadi, maliyyə, kadr siyasəti ucbatından artıq 2 ildir ki, dərinləşən böhran şəraitində yaşayırıq. Hökümətin vəziyyəti dəyişmək üçün atdığı bütün addımlar yetərli deyil, yarımçıqdır. Qəbul olunan qərarlar siyasi narahatlıq prizmasından verildiyindən, vəziyyətin sabitləşdirilməsinə gətirə bilməz. Eyni zamanda ölkəni talan etmiş, kirəcləşmiş komanda ilə də bunu etmək 2 qat ağırdır. Görünən odur ki, qocalar evini xatırladan bu komanda, özünü hakimiyyətin şəriki saydığından, könüllü şəkildə kənara çəkilmək niyyətində deyil.
Konstitusion dəyişikliklərin bətnində daşıdığı bir pozitiv potensial qığılcımı görürəm. Dəyişikliklər paketi Prezident Əliyevə tarixi şans verir. Müstəsna səlahiyyətlər bu günə qədər onun idarəçiliyinin uğursuz hissəsində məsuliyyət payını azaltmaq üçün imkanlar yaradır. Artıq bu gündən böhranın müəllifinin kim olması sualına aydınlıq gələcək. Əgər Prezident əldə etdiyi hüdudsuz səlahiyyətlərdən komandanı dəyişmək, korrupsiya və rüşvəti aradan qaldırmaq, böhrandan real çıxış üçün istifadə etməsə, məsuliyyətin tam kütləsi onun üzərinə düşəcək.
Zatən bu günə qədər olan menecment yanlışlarında onsuz da məsuliyyətin rəsmi tərəfi tam olaraq onun üzərində idi. Lakin şəxsən özüm 3 dəfə komandadaxili, onun da qərarlarını dəyişmək gücündə olan əzici gücü müşahidə etmişəm. 2013-cü il Prezident, 2010, 2015-ci il Parlament seçkilərində kənar qüvvələrin maraq təmsilçiləri olan məmurların son qərarlara hansı təsir gücündə olduqlarını addım-addım izləmişəm.
Azərbaycan bu gündən yol ayrıcındadır. Dünyada baş verən son dəyişikliklər Ərəb dünyası ilə bağlı olduğundan, oradakı nümunələri araşdırmaq zorundayıq. 2011-ci ildən bu günə Ərəb dövlətlərinin cildi xeyli dəyişib. Ərəb baharından sonra 2 nümunə ortadadır. Nümunələrdən biri mənfi – Suriya, Liviya, Misir, Yəmən nümunələridir. Bu ölkələr təlatüm, müharibə, siaysi kataklizmlər girdabındadır. Suriya və Liviyanın gələcəkdə dövlət kimi qalacaqları şübhə doğurur, artıq onlar ərazi hesab edilə bilər. Yəmən çox böyük ehtimalla eyni aqibəti yaşayacaq. Misir də əvvəlki gücünü bərpa edə bilməyəcək. Bu dövlətlərin hamısının fəlakəti liderlərinin kompromissizliyində idi. Nəticəsi göz önündədir. Amma Ərəb baharının Tunis və İordaniya nümunələri də vardır. Hər 2 dövlətin rəhbəri çeviklik nümayiş etdirib dövlətlərini dağıntı və müharibələrədən yayındıra bildilər. Tunisi və İordaniyanı xilas edən islahatlar oldu.
Vəziyyətin real gedişatına təsir imkanlarımız az olduğundan, çağırış etməyi daha düzgün yol sayıram. Çağırışın ünvanı əlbəttə ki, Prezident Əliyevdir. Nə qədər acınacaqlı olsa da, dövlətin müqəddəratı sistemə deyil, bir institutun iradəsinə söykənir. Prezident Əliyev belə şəraitdə yaxın aylar üçün dövlətin və hamımızın taleyini müəyyənləşdirəcək yeganə şəxsdir. Azərbaycanın dağıntı, müharibə, səfalət, yoxsa rifah və inkişaf yolu ilə gedəcəyini o müəyyən edəcək. Bunun yolu isə sadədir- ya həqiqi islahatlar baş tutacaq, ya da ki, hər işin mövcud şəkildə saxlanıb ölkənin xaosa sürüklənməsi baş verəcək. İkinci variantı istəyənlərlə işim yoxdur. Ölkənin dəyişməsini istəyənlərin birisi kimi Prezident Əliyevi xalqı düşünərək islahatlara getməyə, köhnənin yükündən azad olmağa, cəmiyyətlə konsensus tapmağa çağırıram.
Ehtiyat limitimiz böyük deyil. Bu işlərin görülməsi üçün cəmi bir neçə ayımız var. Çünki saatbasaat artan sosial narazılıq, dərinləşən böhran gözlənilməz şəkildə sunami misalı hər bir şeyi dağıtmaq qədər təhlükəli potensiala malikdir.
İnsanların islahat aparmasını istəyirəm. Bilirəm ki, bu şans millətimizə Allahın verdiyidir. Biz islahat aparmasaq, onsuz da O işə qarışıb, islahatlarını aparacaq. Bir qismimizin Onu unutduğundan, bəzilərinin isə heç tanımadığından ehtiyatlanaraq, dövlətin Qəzəbə tuş gələcəyindən narahatam. Yaradan bizlərdən Rəhmini əsirgəməsin. Amin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button