Cahangir Hacıyevin bacısı prezidentə müraciət etdi

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə üçüncü dəfə müraciət edib.
“Azadlıq Radiosu”-nun xəbərinə götə, Əminə Hacıyeva müraciətində bildirir ki, 2017-ci il sentyabrın 15-dən başlayaraq ona 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan qardaşı ilə görüşməyə icazə vermirlər.
Müraciətdə deyilir ki, Cahangir Hacıyevin başqa yaxın qohumları ilə görüşünə də icazə verilmir və o tamamilə təcrid edilib:
“Görüşlərdən imtina üçün əsas yoxdur. Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa Penitensiar Xidmətin Cahangir Hacıyevin qohumları ilə görüşünə icazə verməməsi ilə bağlı müraciətlərə heç bir cavab verilmir. Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi Cahangir Hacıyevin doğmaları ilə görüşməsinə imkan yaradılmasından imtina edir”.
Əminə Hacıyeva daha sonra yazır ki, qızı işdən çıxarılıb, özünün isə ölkədən çıxışına qadağan qoyulub:
“Ümumiyyətlə, bizim ailəmizə qarşı böyük təzyiqlər var. Qızımı işdən çıxarıblar, mənim ölkədən çıxmağıma qadağa qoyulub, bizimlə bağlı adı notariat əməliyyatlarının keçirilməsi müşküldür. İş o yerə çatıb ki, anam vəfat etdikdən sonra vərəsəlik sənədlərini belə rəsmiləşdirmirlər”.
Cahangir Hacıyevin bacısı müraciətinin sonunda prezidentdən ABB-nin keçmiş sədrinin ailə üzvləri ilə görüşlərinin bərpa olunmasına kömək etməsini xahiş edib.
Əminə Hacıyevin bu müraciətinə hələlik nə Ədliyyə Nazirliyindən, nə də sözü gedən başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olub.(toplum.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button