Canlı şahidin xatirəsindən: “50-dən artıq erməni əsgərini məhv etdik”

Bir müddət əvvəl Azərbaycan ictimaiyyəti bir ölüm xəbəriylə sarsıldı. Dünyasını dəyişən I Qarabağ müharibəsinin qazisi Əbdül Məmmədov idi.

Onun ölümünü sarsıdıcı edən amillərdən biri də 24 gün öncə oğlunun Lələtəpə uğrunda gedən döyüşlərdə şəhadət mərtəbəsinə yüksəlməsi idi. Erməni gülləsiylə sağlamlığını itirən, 24 il boyunca ölümlə çarpışan, amma əcələ boyun əyməyən bu qəhrəman insan oğul həsrətinə cəmi 24 gün dözə bildi. Oğlunun qırxı çıxmamış özü canını tapşırıb onunla eyni təpənin başındakı əbədi mənzilinə köçdü.

Əbdül Məmmədov da oğlu şəhid mayor Rasim Məmmədov kimi bir təpə uğrunda döyüşmüş, həyatı bahasına həmin yüksəkliyi ermənilərdən təmizləmişdi. O da maraqlıdır ki, oğul Məmmədovun həyatını qurban verdiyi Lələ təpə Füzulinin müdafiəsində nə qədər mühüm rol oynayırdısa, ata Məmmədovun qoruduğu Mil təpəsi də Naxçıvanın təhlükəsizliyi baxımından eyni əhəmiyyətə malik idi.

Ata Məmmədovun qanıyla adını yazdırdığı Mil təpəsinin ermənilərdən təmizlənməsindən və özünün vurulduğu o məşum hadisənin üzərindən tam 24 il zaman keçir. Bu 24 il ərzində rəhmətlik Əbdül Məmmədov da bu ağır günləri unutmur, yaxınlarına, nəvə və övladlarına keçdiyi qəhrəmanlıq yolundan bəhs edir, onları da özü kimi qəhrəmanlığa səsləyirdi. Əslində şəhid mayor Rasim Məmmədovun qorxmazlığını, düşmən üzərində mərd-mərdanə getməsinin səbəbini də atadan miras aldığı bu xatirələrdə axtarmaq lazımdır.

Onun 2 il bundan əvvəl yaddaşını çözələyərək yazdığı bir facebook statusu da həmin qaranlıq günlərə işıq tutan qəhrəmanlıq xatirələrindəndir. Yaxın tariximizi onu yaradan igidlərin dilindən eşitmək adına rəhmətliyin 2 il öncə qələmə aldığı həmin xatirəsini kiçik redaktə fərqiylə Starteq.az oxucularına təqdim edirik:

“Bu gün mənim həyatımın ən önəmli günüdür. Soruşacaqsız niyə, mən də başlayacam sizlərə 22 il bundan öncə yaşadığım bugünkü gün haqda danışmağa.

Hə, əziz dostlar! Bildiyiniz kimi, 1992 il bu aylarda ermənilərlə bizim bir az müharibəmiz vardı. Onlar Dağlıq Qarabağı istila işğal etməkdən ötəri ağaları rusların köməyi ilə əllərindən gələni edirdilər.

May ayının 14-də Naxçıvan MR Ali Məclisin o vaxtki sədri mərhum Heydər Əliyev Ermənistanın o vaxtkı rəhbərliyi ilə atəşkəs imzalamışdı. Bundan az keçməmiş, yəni 17-dən 18-ə keçən gecə ermənilər öz xislətlərinə uyğun olaraq, atəşkəsi pozdular və Sədərək rayonu istiqamətdə Naxçıvana hücuma keçdilər. Həmin gecə 18 nəfər azərbaycanlı gənc əsgəri şəhid etdilər. Bu xəbərdən sonra bütün döyüş qabiliyyətli insanlar Sədərəyin köməyinə qalxdılar. Onda mən Hava Hücumundan Müdafiə Əlahəddə Taborunun komandiri idim. Taborumda cəmi 20 avtomat, bir də şəxsi avtomatım var idi.

Silahın sayına görə əsgər seçdim və həmin 20 nəfərlə Baş qərargaha gəldim. Qərərgah rəisi S.Məmmədov və komandirin müavini H.Həsənov məni əsgərlərimlə birlikdə Sədərəyə yola saldılar. Artıq 19-a keçən gecə biz orada idik. Az-çox malik olduğum bilgilərə görə komandanımız E.Abbasovla məsləhətləşib lazımi mövqeyi yiyələndim. Az müddət ərzində düşmənə itkilər verdirərək, geri çəkilməyi məcbur etdim. Bu döyüşlər zamanı ermənilərin 50-dən çox canlı qüvvəsini, müxtəlif hərbi texnikasını məhv etməyə nail oldum. 25 may 1992-ci il tarixdə gündüz saat təxminən 12-14 arası qızğın döyüşlər zamanı Mil yüksəkliyini erməni quldurlarından təmizlədim və irəli hücum edərkən onurğamdan dəlib keçən bir güllə yarası aldım. O gündən ayaqlarım fəlcdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button