Cavanşir Quliyevdən plagiat iddiasına sərt etiraz

“O marşın musiqisi mənimdir, mənimdir, məndən başqa heç kimə məxsus deyil və buna bənzər başqa heç bir musiqi də yoxdur!”

Bir neçə ildir mətbuatda “Əsgər marşı”nın sözləri və musiqisi ilə bağlı ikili fikirlər ortaya çıxıb. Belə ki, 25 illik tarixi olan marşı plagiat adlandıranlar tapılıb. Çox qəribədir ki, illər ötsə də bu söhbətlə bağlı müəmmalar bitmək bilmir. Canaqqala savaşının 102-ci ildönümü münasibətilə Türkiyədə təşkil edilən konsert proqramlarında “Əsgər marşı”nın sözlərinin ifa edilməsi ilə bu məsələ yenidən gündəmə gəlib. Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri Fakultəsinin professoru Cavanşir Quliyev  primetime.az saytına açıqlamasında bu iddialara yenidən aydınlıq gətirib.

Cavanşir Quliyev bu məsələnin köhnəlmiş mövzu olduğunu deyib:

“Əsgər marşı”nın guya plagiat olduğunu deyənlərə bir sözüm var ki, böhtan atmaqdan əvvəl türklərdə ifa olunan əsəri diqqətlə dinləsinlər. Mən musiqiyə cavahdehəm.  Əslində bu barədə danışmağın mənası yoxdur. Köhnəlmiş mövzudur. Mən heyrətlə kəşf elədim ki, Azərbaycanda jurnalistlər – hətta kənar peşə sahibləri də elə bilirlər ki, bəstəkar həm də söz müəllifidir. Marşın sözləri hamını çaşdırıb. Çünki sözlərin birinci versiyasının müəllifi türkdür. “Əsgər marşı”nın sözlərini 1992-ci ildə Laçında batalyon zabiti olan Əhliyyət Süleymanov mənə təqdim edib. Həmin şeiri əsgərlər döyüşqabağı səsləndirirdilər. Bu şeir bir zamanlar Türkiyədə Çanaqqala şəhidlərinə həsr olunub. Mənə bu şeiri atışma səsləri altında batalyon zabiti təqdim etdi və dedi ki, bu sözlərə zəhmət olmasa musiqi bəstələyin. Biz şeirin bəzi yerlərini dəyişib bu şəkildə oxuyuruq. Amma normal marş kimi bəstələnsə, əsgərlərimiz döyüşə getməzdən əvvəl bunu həvəslə oxuyarlar. O səbəbdən mən də uzun müddət marşın sözlərinin Əhliyyət Süleymanova aid olduğunu bilmişəm. Çünki şeiri mənə ilk dəfə o təqdim edib. Amma sonralar Akademiyanın əməkdaşı olan Alxan adlı bir şəxs mənə dedi ki, marşın sözlərinin kimin olduğunu tapmışam. “Əsgər marşı”nın sözləri türk şairi Əli Kamiyə məxsusdur. 1919-cu ildə Bakıda “Türk marşları” adlı balaca kitabça çıxıb. Həmin nəşrdə bu şeir var. Sonradan mən, dərc olunan əsərlər cildliyimdə həmin şairin adını qeyd etmişəm. Bu işlə bağlı araşdırma aparmaq istəyən adamlar, əgər az-çox bilikləri, savadları və Azərbaycan qanunlarından xəbərləri varsa, kor-koranə nəsə yazmasınlar. Əgər müəllif haqqları iddiası varsa, deməli əsərin musiqi analizini etmək lazımdır. Təəssüf ki, bizim jurnalistlərin bir çoxu musiqi analizi edə bilmir. Ona görə də gözlərini yumub, nə gəldi yazırlar. Bu marşın musiqisi mənimdir, mənimdir, məndən başqa heç kimə məxsus deyil və buna bənzər başqa heç bir musiqi də yoxdur! Kimsə bunun əksini sübut etməyə çalışırsa, həmin insanı və onun kimi düşünənləri açıq söhbətə çağırıram. Bütün jurnalistlər yığılsın və lazımdırsa, canlı yayım təşkil etsinlər. Mən hər kəsə notları ifa edərək, musiqinin təhlilini verməyə hazıram. Mənə qarşı əks iddia sürən adamlarla məhkəmədə görüşməyə də hazıram. Ədalətli məhkəmədə mənə böhtan atan həmin adamlar ağır təzminat ödəməlidirlər. Mən bir daha təkrar edirəm. “Əsgər marşı”nın musiqisi mənimdir və məndən başqa heç kim buna iddia edə bilməz…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button