Cavid Qurbanovun “Şimal-Cənub” nəqliyyat dəhlizi kimə sərfəlidir: Özünə, yoxsa …

Azərbaycan iqtisadiyyatının ağır durumda olmasını artıq dövlət rəsmiləri də etiraf edirlər. Neftin satışından böyük pullar qazanan hökümət qeyri-neft sektorunun inkişafı adı altında xalqın pulunu göyə sovurdu. Böyük neft pullarının ölkəyə daxil olduğu illər (2005-2014) hökümət üzvləri şəxsi nüfuzundan istifadə edərək, rəhbərlik etdiyi sahələrə böyük məbləğdə vəsaitlər cəlb etdilər. Gördükləri işlərin isə heç bir səmərəsinin olmadığı artıq ortadadır.  Neft sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələri faktiki olaraq iflic vəziyyətə düşüb və büdcəyə gəlir vermək iqtidarında deyil. Həyata keçirilən infstruktur layihələri də sıradan çıxıb. Azərbaycan artıq post-neft dövrünə qədəm qoyduğundan ölkədə pul qıtlığı yaranıb, əlavə dəyər yaradan bir rentabelli sahə yoxdur. Belə bir vəziyyətdə də məmurların şəxsi maraqlarından çıxış etməsi və merkantil məqsədlərini həyata keçirmək istəməsi acı təəssüf hissi doğurmaya bilməz.

Belə məmurlardan biri də «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovdur, desək yanılmarıq. Hələ “Azəryolservis”in sədri işlədiyi zaman ölkənin yol infstrukturuna milyardlar “xərcləyən” və bu sahədə dünya rekordu vuran Cavid Qurbanovun çəkdiyi yolların hansı durumda olmasını deməyə ehtiyac görmürük.  Yəqin hamınız Cavid Qurbanovun vaxtında çəkilən və ya təmir edilən yollardan istifadə edib, ona “təşəkkur”lərini hər gün bildirirsiniz.

Maraqlıdır ki, özü ətrafında yaxşı təsərrüfatçı imicini təbliğ etdirən Cavid Qurbanov vəzifəsini dəyişər-dəyişməz Azərbaycanın dəmir yollarının böyük prespektivi olduğuna hakimiyyəti inandıra bildi. Dəmir yolu sahəsini bərbad vəziyyətə salmasına görə əvvəlki rəhbərliyi açıq-aşkar ittiham edən deputat yenə dövlətdən böyük pullar istədi. Söz verdi ki, “Şərq – Qərb” və “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizlərini işə salıb ölkəyə böyük pullar gətirəcək (minimum 500 milyon dollar). Əslində isə Cavid Qurbanovun bəh-bəhlə təriflədiyi hər iki dəhlizin rentabelli olması sual altındadır.

Əgər belə olmasaydı, strateji siyasi və iqtisadi maraqları üçün hər şeyindən keçməyə hazır olan İran “Şimal – Cənub” nəqliyyat dəhlizinin öz ərazisindən keçən hissəsinin çəkilməsinə pul ayırardı. Ancaq bunu etmədi. Əvəzində Cavid Qurbanovun avanturasından istifadə edərək 8,3 km-lik dəmir yolu xəttinin çəkilməsi üçün Azərbaycandan yarım milyard dollara qədər kredit istədı. Hazırda Azərbaycanın beynəlxalq maliyyə qurumlarından kredit dilədiyi bir vaxtda Cavid Qurbanov İrana 500 milyon dollara qədər vəsait verib.

Çünki İran tərəfi yaxşı bilir ki, belə səmərəsiz layihəyə böyük pul qoymaq olmaz. Əgər Bəndər Abbas limanında İranın yaxın illərdə Rusiyaya və ya Avropa iqtiqamətində gedəcək böyük həcmdə yükü olsaydı, həvəslə bu layihəyə pul xərcləyərdi. Rusiya ilə 1,5 milyard dolları aşmayan ticarət dövriyyəsi üçün İrandan belə layihələrə pul qoymağı gözləmək də sadəlövhlük olardı. Çünki bunun üçün Türkmənistan üzərindən Rusiyaya gedən 2014-cü ildən işə salınan “Şimal-Cənub” adlı dəmir yolu dəhlizi artıq mövcuddur. Azərbaycan üzərindən keçən dəmiryolunun qısa olması İran üçün böyük ölçüdə heç nəyi dəyişmir.

Başqa tərəfdən isə bu layihələrdə maraqlı olduğu bildirilən Asiya ölkələrinin dəmiryolu ilə Avropaya yük daşıyacağı və ya yük gətirəcəyini gözləmək də sadəlövhlük olar. Belə ki, Hindistan və Çin başda olmaqla Asiya ölkələrinin dünya bazarına, xüsusilə Avropaya dəniz yolu ilə çıxışı var. Dəniz yolunun isə dəmiryolundan çox səmərəli olduğunu yəqin Cavid Qurbanova başa salmağa ehtiyac olmaz. Sadəcə Çin, Hindistan və İran öz iqtisadi təhlükəsizliyi üçün, yəni Avropa bazarına çıxmaq üçün bu layihələrə alternativ kimi baxır. Çünki dünya okeanına nəzarət başqa supergücün əlindədir. Hər zaman bu ölkələrin dünya bazarına çıxışına böyük maneələr yaradıla bilər. Ona görə, “Şərq – Qərb” və “Şimal – Cənub” dəhlizlərinə sözdə dəstək verirlər. Ancaq pul xərcləməyə gəldikdə isə bundan yayınırlar. Çünki yaxşı bilirlər ki, Cavid Qurbanov onların əvəzində hər şeyi Azərbaycanın hesabına gördürəcək.

Bu arada qeyd edək ki, Cavid Qurbanovun baş nazir gətiriləcəyi ilə bağlı mediada çeşidli məlumatlar yayılır. Bu məlumatların hansı qüvvələrin sifarişi ilə yayıldığını bilməsək də, yazılarda Cavid Qurbanovun yaxşı təsərrüfatçı olduğu təbliğ edilir. Ancaq Cavid Qurbanovun gördüyü işlərə nəzər saldıqda isə məlum olur ki, bu adam olsa-olsa yalnız özü üçün yaxşı təsərrüfatçı ola bilər, ölkə və xalq üçün deyil. İndiyə kimi Cavid Qurbanovun həyata keçirdiyi layihələrdən Azərbaycana hansısa xeyrin dəydiyini demək çətindir. “Azəryolservis”də işlədiyi vaxtlar “əritdiyi” pullarla Azərbaycanın ən ücqar dağ kəndinə belə dünyanın ən müasir və keyfiyyətli yollarını çəkmək olardı…

Cavid Qurbanovun açıqlamaları və müsahibələrindən də görmək olur ki, bu adamın müasir iqtisadiyyatdan anlayışı çox zəifdir. Özünün dediyi kimi Dədə Şəmşirin nəvəsi şeirlər yazır. Bir sözlə hər şeydə romantika axtarır. Görünür, adıçəkilən hər iki nəqliyyat dəhlizinə də Cavid Qurbanov romantik təfəkkurlə yanaşır, iqtisadi təfəkkürlə deyil…

Zahid Səfərov

AzToday.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button