Çavuşoğlu YAP-a çavuşluq edir!

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri

İllərdir hər şey gizli getdiyi üçün “uğur” formulu tapılmır, deməli, o yoldan imtina edilməli, yeni cığır açılmalıdır…

Tunisdə başlayan, daha sonra şahmat effekti ilə digər ərəb ölkələrini bürüyən “ərəb baharı” Azərbaycan hakimiyyətini əməlli-başlı qorxuya salmış, müxalifəti isə xeyli ruhlandırmışdı. İndi sular yavaş-yavaş durulur, iqtidar daha əzazilliklə insanları həbsxanalara doldurur, müxalifəti isə küncə sıxışdırır.

Bizim həm müxalifət, həm də cəmiyyət olaraq ciddi səhvlərimiz var ki, illərlə təkrarlayır, amma nəticə çıxarmırıq. İlk səhvimiz həm ölkədə, həm də dünyada baş verən reallığı düzgün qiymətləndirməməyimiz, unutqan olmağımız, baş vermiş və gözlənilən hadisələri obyektiv təhlil etməməyimiz, hər kəsə layiq olduğu qiyməti verməməyimiz, illərlə bir-birimizə qarşı mübarizə aparmağımız, “bizim kimi düşünməyən və hərəkət etməyən gözdən salınmalıdır” düşüncəsi ilə yaşamağımızdır.

Parlament seçkiləri bu hakimiyyətin başından bəri keçirdiyi saxta seçkilərin sonuncu həlledici nöqtəsi idi ki, iqtidar bununla çox həyasızca bundan sonra nəinki müxalif düşüncənin, hətta azacıq müstəqil düşüncənin belə parlamentə buraxılmayacağı siqnalını verdi. Biz bəzən belə olan hallarda “iqtidar dünyaya meydan oxudu” – deyə özümüzə təskinlik veririk. Əsas ciddi səhv buradadır. Bir-iki beynəlxalq təşkilatın çox zəif səsindən başqa dünyadan, Qərbdən səs, hərəkət gəldimi? Nə Amerikadan, nə Avropadan, nə Rusiyadan, nə Fransadan, nə də qardaş Türkiyənin nəinki iqtidarından, heç müxalifətindən, mediasından belə səs çıxmadı.

Rusiya ilə İran aydındır, onlardan Azərbaycan üçün pozitiv nəsə gözləmək sadəlövhlük olardı. Bəs demokratiyanın beşiyi sayılan ABŞ, Qərb hara baxır? İllərdir Azərbaycan müxalifətinin, müxalif medianın və qərbdən maliyyələşən QHT rəhbərlərinin, politoloqların, ictimai-siyasi xadim hesab olunanların əksəriyyəti ABŞ-ı, Qərbi qorumaqla, onlara yarınmaqla məşğuldur, 77-ci dərəcəli bir Qərb məmuru ilə görüşmək, onun gərəksiz bir sözünü Quran ayəsi kimi təqdim etmək, şişirtmək, Qərbdən imdad diləmək, xariciləri Azərbaycanın xilaskarı kimi təqdim etmək, mövcud hakimiyyəti ABŞ-ın, Qərbin dəyişmək istədiyinə inandırmaq bunların fəaliyyətinin əsas hissəsini təşkil edib və etməkdə davam edir. Bilərəkdən edənlər xəyanət, bilməyərək edənlər isə abdallıq yolunda olmağın fərqində belə deyillər. Bəzən millətimizi zülmə dözümlülükdə, tabe olmağa meyllilikdə, özünə inam hissinin olmamasında, müqavimət göstərməməsində günahlandırırıq. Axı bu millət necə özünə inansın ki, onun “başbilənləri” illərdir bu ölkəyə hakimiyyət dəyişikliyinin də, haqq-ədalətin də, demokratiyanın da, yaxşı dolanışığın da Qərbdən gələcəyini təlqin edir. Guya hansısa “X günü” ABŞ İlham Əliyevi götürüb, yerinə başqa birini qoyacaq, bununla da vəziyyət dəyişəcək. Əgər bu millətin rəyi nəzərə alınmadan ABŞ və ya başqa bir xarici qüvvə kimisə zorla hakimiyyətə otuzduracaqsa, o hakimiyyət də növbəti İlham Əliyev hakimiyyəti olacaq, çünki hakimiyyətə gələn də özünə və onu hakimiyyətə gətirənə işləyəcək, yenə millət yaddan çıxacaq.

Millətimizi aldatmaq deyil, ona düzgün olanı söyləmək, çarəni millətin özündə aramaq, inamı özünə qaytarmaqdan başqa yol qalmayıb.

Məgər dünya düzənini dəyişmək gücündə olan, Yuqoslaviyanı, İraqı, Əfqanıstanı darmadağın edən, onların diktatorlarını məhv edən, Panamanın dövlət başçısını yaxa-paça tutub həbs edən ABŞ-ın Azərbaycanda nəinki hakimiyyət dəyişikliyinə, demokratik seçkilərə, heç olmasa seçki məcəlləsini dəyişməyə gücü çatmır? Məgər mövcud iqtidar yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətə gəldi? Məgər bu layihə ABŞ-la Rusiyanın birgə layihəsi deyildi?

Birdəfəlik bilməliyik ki, bütün dünyada hərə öz maraqları çərçivəsində hərəkət edir. Enerji resursları ilə zəngin olan Azərbaycana iri güclər sömürgəci gözü ilə yanaşır, bu rejim də onların öz məhsuludur və onlara bir diktatorla danışmaq, razılaşmaq daha rahatdır.

Tunisdə, Misirdə baş verənlər xalq hərəkatları idi, nə Fransa öz təsir dairəsində olan Tunis, nə də ABŞ öz təsir dairəsində olan Misir rəhbərliyinin hakimiyyətdən getməsini istəmirdilər.

Liviyada baş verənlər də nə Qərb, nə də Azərbaycan mediasının təqdim etdiyi kimi klassik iqtidar–müxalifət çəkişməsi deyil, əşirətlər, tayfalararası davadır. Bir vaxtlar bir başdan xarabı hakimiyyətə gətirib öz neft maraqlarını təmin edirdilər, onda başqa əşirətlər, tayfalar yada düşmürdü. Görəndə ki, Qəzzafi öz neft payını artırıb, xarici banklarda milyardlar toplayıb, bunların marağına da təpik atır, onda Qərbin yadına demokratiya, insan haqları, müxalifət düşdü. Qərbə Liviyada demokratiya yox, neft lazımdır, bu qədər bəsit.

Qarabağ məsələsində də Rusiya ilə birlikdə Qərbin ikiüzlülüyü göz önündədir. Hakimiyyətin bunu dilə gətirməməsi aydındır. Bəs müxalifət, media, analitiklər, QHT-lər, ictimai-siyasi xadim hesab olunanlar, ziyalılar niyə bu acı həqiqəti demirlər? Səbəb aydındır, çünki müstəqil deyillər. Azərbaycanda baş verənlərə qardaş Türkiyənin biganə qalması çox üzücüdür. İllərdir saxta seçkilər keçirilir, bunlardan nəinki səs yoxdur, əksinə, hakimiyyətə dəstək verirlər, Çavuşoğlu çavuş kimi dim-dik duraraq YAP-çılardan da möhkəm səslə Azərbaycanda demokratik seçkilər keçirildiyini bəyan edir. Türkiyə iqtidarı da bu hakimiyyətə dəstək verir, başa düşdük. Bəs Türkiyə müxalifəti? Dünyanın altını-üstünə çevirən türk mediasının Azərbaycanla bağlı susqunluğunu da anlamaq heç cür mümkün deyil. Əslində, Türkiyə hakimiyyətinin də, müxalifətinin də, mediasının da Azərbaycanla bağlı ümumi bir rəyi formalaşıb: “Təki Azərbaycan müstəqil olsun, orada demokratiya, insan haqları olmasa da olar, qardaşlarımız olan Azərbaycan türkləri zülm işində, it günündə yaşasalar da olar.”

Yox, qardaşlar, belə olmaz! Necə olur ki, Fələstində bir şey olan kimi, “müsəlman qardaşlarımıza yəhudilər zülm etdi” deyə bar-bar bağırırsınız, ancaq Azərbaycandakı zülmdən bir kəlmə çıxarmaq üçün kəlbətin də sizə kömək etmir.

Deməli, ölkəmizdə istər adil düzənin formalaşması, istərsə də ərazi bütövlüyümüzün bərpa olunması üçün bircə resept qalır, o resept də millətimizin özüdür.

Millətimiz nə vaxt hazır olacaq, onda da dərhal dəyişim olacaq. Bunun üçün də ilk növbədə siyasilər və çox az sayda qalan müstəqil media dəyişimə, demokratiyaya, fərqli, yeni düşüncəyə, hər bir fərdi dinləməyə, yeri gələndə daha layiqlisi üçün yerini verməyə hazır olmalıdır.

İlk görüləcək iş obyektiv reallığın yenidən təhlilidir. Səhvlərimizi də, düzlərimizi də, ölkədə, dünyada, iqtidarda, müxalifətdə, mediada, QHT-lərdə, cəmiyyətin özündə baş verənləri və s. ortaya qoymasaq çətin olacaq. İllərdir hər şey gizli getdiyi üçün “uğur” formulu tapılmır. Deməli, o yoldan imtina edilməli, yeni cığır açılmalıdır.

İnanıram ki, o yol Böyük Gələcəyin yoludur!

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button