Çində Konstitusiya dəyişdi –Bir şəxs iki dəfədən çox ölkə başçısı seçilə biləcək

Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında ölkə Konstitusiyasına təklif olunan düzəlişlər və əlavələr təsdiq edilib. Düzəlişlər arasında ən çox diqqət çəkəni bir şəxsin Çin Xalq Respublikasının Sədri vəzifəsinə iki dəfədən çox seçilə bilməməsi ilə bağlı qadağanın aradan qaldırılmasıdır.

AZƏRTAC xəbər verir ki, ÜXNY-nin ölkə üzrə 3 minə yaxın nümayəndənin iştirak etdiyi illik sessiyasının martın 11-də keçirilən 3-cü plenar iclasında Konstitusiyaya 21 əlavə və düzəliş edilib. Bunlar Kommunist Partiyasının ölkədə hakimiyyətinin daha güclənməsinə dair maddələri, hazırkı dövlət başçısı və ÇKP-nin baş katibi Si Cinpinin “Çin xüsusiyyətli sosializmin yeni erası” fikrinin Əsas Qanuna daxil edilməsini, ölkədə korrupsiyaya qarşı mübarizə aparacaq Dövlət Nəzarət Komissiyasının yaradılmasını və s. nəzərdə tutur.

Qeyd edək ki, 1982-ci ildə qəbul edilən sonuncu Çin Konstitusiyasına 1988-ci, 1993-cü, 1999-cu və 2004-cü illərdə düzəliş və əlavələr edilib.

Ümumçin Xalq Nümayəndələri Yığıncağının martın 20-dək davam edəcək illik sessiyasında növbəti 5 il üçün Çin Xalq Respublikasının Sədri və onun müavini, Dövlət Şurasının (Nazirlər Kabineti) sədri və Şuranın digər üzvləri müəyyənləşəcək. Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı qanunverici funksiyaları həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. ÜXNY Çin Xalq Respublikasının Sədrini və onun müavinini, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir, Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button