Çingiz Məmmədovun “Evrovision” sevdası

“Boz kardinal” departament rəisinin qohumudurmu?

Hələ ötən saylarımızda ADY QSC-nin departament rəisi Çingiz Məmmədovun əməlləri ilə bağlı olduqca ciddi, şok yaradacaq informasiyaların redaksiyaya mütəmadi daxil olması haqda dəyərli Oxuculara məlumat vermişdik. Adi bir departament direktorunun təxminən 10 il ərzində böyük bir sərvətə sahib olması və ciddi iddialarda bulunması kifayət qədər düşündürücüdür.

Müstəqilliyimizin ilk illərində iki tanınmış simanın müxtəlif mətbu orqanlarında beş min illik tarixə məxsus “Mason”un üzvü olmaları ilə bağlı ehtimallar yazılırdı. Fikirlər ehtimallara əsaslansa da, hər iki şəxsin ölkənin yüksək çinliləri ilə tarana getmələri, onların bu cəsarəti məhz “Mason” olduqları üçün bu təşkilatdan aldıqları qənaəti yaradırdı. Çünki Azərbaycan elə bir məmləkətdir ki, burada fəaliyyətindən asılı olaraq şəxslərin beynəlxalq miqyaslı təşkilat və ya super gücdən dəstəyi yoxdursa, o, daim zərbə alan Don Kixotdan, ən pis halda isə potensial siyasi məhbusdan başqa bir şey deyil.

Cənab Məmmədovun fəaliyyət planları ilə bağlı məlumatlar redaksiyamıza daxil olduqca, onun da hansısa güclü əl tərəfindən yönləndirildiyi qənaətinə gəlinir. Çünki adi şöbə rəisinin böyük oyunlar qurması və nəqliyyat sektoru kimi strateji bir sahədə demək olar ki, sərbəst fəaliyyət göstərməsi, tutduğu vəzifə ilə müqayisədə, hətta Azərbaycan reallığı nəzərə alınsa belə, əldə etdiyi sərvətin tərs mütənasiblik təşkil etməsi kifayət qədər düşündürücüdür. Ölkə rəhbərliyinin korrupsiya ilə mübarizəyə start verməsinin Çingiz Məmmədova demək olar ki, heç bir aidiyyatı yoxdur. Adam öz qaranlıq fəaliyyətindədir. Bütün yazılanlar və deyilənlər “çax-çax” təsiri bağışlayır. “Məni bura təyin etdirən lazım gələndə “çıx get” deyəcək, hələ ki buradayam. Hansısa qəzetin haqqımda yazması tam əhəmiyyətsizdir”- fikirləri cənab Məmmədova məxsusdur. Biz “Xural” olaraq bu qənaətə gəlirik ki, ölkə başçısının fikirləri Çingiz Məmmədovu təyin edən şəxs üçün əhəmiyyət kəsb etmir. Əgər etsəydi, Məmmədovun və himayədarının bu arxayınlığının arxasında nəyin və ya kimin durmasını aidiyyatı şəxslər ən azından öyrənərdi.

ADY QSC-nin dəhlizlərində, hətta Çingiz Məmmədova yaxın çevrələrdə belə şöbə rəisi ilə bağlı dərc etdiyimiz məlumatlar tam təsdiq olunur. Bunları təkbətək görüşlərdə Çingiz Məmmədov özü də təsdiq edir. Lakin o, bu məsələdə də özünü kifayət qədər sığortalanmış hesab edir. Çünki cənab Məmmədov tərpənməz əmlaklarını əsasən prezident köməkçisinin mülkləri ilə qonşuluqda inşa etdirir. Məsələyə artıq ehkamlaşmış milli düşüncə baxımından yanaşsaq, “əgər məni, bəs onu…” ideyası daim gündəmdə ola bilər. 1.200 qeydiyyatsız işçi qüvvəsinə malik olan Çingiz Məmmədov sərvət əldə etməkdən yorulmur. Öncə onu qeyd edək ki, az qala günəbaxan dənəsi satan biçarə qoca və ya əlili fiziki şəxs qismində vergiyə cəlb edən, dondurma satanı sosial müdafiyə yönəldən və s. orqanlar qəribədir ki, MTN-dən M.Əzizbəyovun heykəlinin bir zamanlar dayandığı ərazi və onun ətrafı istiqamətində, ümumiyyətlə şəhərin müxtəlif istiqamətlərində aparılan işlərlə və ya işçilərlə maraqlanıblarmı? MTN öz binasının bir addımlığındakı quldarlıq quruluşunun Ç.Məmmədov tərəfindən yenidən bərqərar olmasını bilirmi? Əgər bilirsə, bəs nə üçün tədbir görülmür? Bakı Şəhər Baş Polis İdarəsinin bir addımlığındakı binadakı işçilərin rəsmi qeydiyyatı, sığortalanması və iş fəaliyyəti ilə bağlı bu orqanlar hansı səviyyədə bilgiləndirilirlər? Əgər məlumatları varsa, “siz nə üçün bayram və ya istirahət günləri də işləyirsiniz” – sualını verirlərmi? Hər gün ölkə başçısının ən azı gündə iki dəfə keçdiyi yolda cənab İ.Əliyev öz cangüdənindən “bu nə tikintidir” deyə soruşubmu? Əgər soruşmayıbsa, onda “Xural” olaraq biz deyək.

Bir zamanlar ADY QSC-nin balansında olan və indi xarici və daxili interyeri tam dəyişən, Bakı Şəhər Baş Polis İdarəsinə çatmamış sağ tərəfdəki bina Çingiz Məmmədov tərəfindən artıq mənimsənilib.

Onu da qeyd edək ki, ötən saylarımızda Çingiz Məmmədovun prezident köməkçisindən üz çevirməsi ilə bağlı informasiya dərc etmişdik. Mənbəmizin məlumatına görə, Prezident Administrasiyasının İşlər İdarəsi müdirliyi uğrunda mübarizədə prezident köməkçisinin uduzacağını ehtimal edən Ç.Məmmədov “boz kardinal”ın xanımı tərəfdən qohum olması informasiyasını dövriyyəyə buraxmışdı. Bu da Ç.Məmmədovun nəinki sərvətinin və vəzifəsinin, hətta özünün azadlığının sığortalanmasına hesablanmış gediş idi. Lakin Eldar və Nigarın “Evrovision”dakı qələbəsindən sonra ölkə başçısının “Evrovision-2012”-nin Azərbaycanda keçirilməsi, təşkilat komitəsinin yaradılması ilə bağlı verdiyi sərəncamda köməkçinin də adının həmin siyahıda yer alması departament rəisini planında kardinal dəyişiklik etməyə məcbur etdi. Çünki siyahıda yer alan şəxslərin bu müsabiqənin keçirilməsi ilə bağlı qurulacaq yeni infrastrukturlarla heç bir əlaqələri demək olar ki, yoxdur. Deməli, bu cür təyinatlı bütün işlər yenə də ənənəvi qaydada prezident köməkçisinə həvalə eiləcək. Belə olan halda zəncirvari şəbəkə fəaliyyətini bərpa edəcək. İkili mühasibatlıq nəticəsində milyonlar mənimsəniləcək. Bir m2-də görülən işin dəyəri fəhləyə 2 AZN miqdarında ödənilsə də, bu iş Çingiz Məmmədova 6-8 AZN miqdarında gəlir gətirəcək. Nəzərə alsaq ki, bu milyonlarla m2 olacaqsa, əldə edilən gəlirin fantastik olacağı kimsəyə sirr deyil. Cənab Məmmədov bu işdə yardımçı olanların payını da artıqlaması ilə verdiyini gizlətmir.

Bəs kimdir həmin şəxslər?

Çingiz Məmmədovun İsmayıllıdakı villası ilə bağlı hansı labirintə düşməsinin də səbəbləri artıq bizdədir.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button