CIVICUS təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinin qorxudulması praktikasını pisləyir

07.03.2012

CIVICUS təşkilatının bəyanatında deyilir ki, son aylar Azərbaycanda vətəndaş cəmiyyəti birliklərinin təqib olunması hallarının artması müşahidə olunur. Rəsmi qorxutma taktikası belədir: kiçik inzibati xətalara görə QHT-lərin böyük məbləğdə cərimələnməsi, qeydiyyatın ləğvi barədə təhdid dolu yazılı xəbərdarlıq, mətbuatda vətəndaş cəmiyyətinin əleyhinə yönələn böhtan xarakterli yazıların dərci, ictimai yerlərdə toplantıların keçirilməsindən imtina olunması, həmçinin insan hüquqlarını müdafiə edən vəkillərin lisenziyalarının uzadılmasından imtina.

Görünür, prezident İlham Əliyev “ərəb baharı”ndan ilhamlanaraq 2011-ci ilin mart-aprel aylarında keçirilən küçə etirazlarından sonra bərk təşvişə düşüb. Nümayişlərdə iştirak etdiklərinə görə 16 fəal şübhəli ittihamlar və ədalətsiz məhkəmə proseslərinin əsasında mühakimə olunub.

“Azərbaycanda vəziyyət tez nəzarətdən çıxır”, – siyasətçi və CIVICUS-un elmi rəhbəri Netsanet Beley bildirib. “Biz ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məqsədyönlü şəkildə boğulduğunu görürük ki, bu da buna yol verməmək üçün hökumətə beynəlxalq təzyiqi qaçılmaz edir”, – vurğulayıb.

2011-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi düzəlişlər 2009-cu ildəki əvvəlki düzəlişlərlə birgə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün dözülməz şərait yaradıb. Məsələn, Ədliyyə Nazirliyi ildə iki yazılı xəbərdarlıqdan sonra QHT-nin buraxılmasına təşəbbüs göstərə bilər.

Maliyyə subsidiyaları hakimiyyət tərəfindən qeyri-real müddətə – bir ay ərzində qeydiyyata alınmalıdır. Beynəlxalq QHT-lər “milli -mənəvi dəyərlərə” hörmət etməlidir, siyasi və ya dini təbliğatda iştirak etməməlidir. Bundan əlavə, onlar Azərbaycanda bir halda fəaliyyət göstərə bilər ki, Ədliyyə Nazirliyi ilə razılaşması olsun.

Azərbaycanda QHT öz fəaliyyətini yerinə yetirərkən çətinliklərlə üzləşməli olur. Məsələn, əvvəllər QHT-lər seminarların, konfrans və treninqlərin təşkili barədə yerli hakimiyyətə xəbərdarlıq göndərirdisə, indi onlar yazılı icazə almalıdır ki, bu da çox zaman yubanır və ya verilmir.

Bununla əlaqədar CIVICUS hökuməti öz beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaş cəmiyyəti üçün əlverişli şəraiti təmin etməyə çağırır. Vətəndaş cəmiyyəti subyektlərinə ən azı aşağıdakı hüquqlar verilməlidir: assosiasiya azadlığı, fikrin ifadə olunması azadlığı, dövlətin əsassız müdaxiləsi olmadan sərbəst fəaliyyət göstərmək hüququ, ünsiyyət və əməkdaşlıq hüququ, maliyyə yollarının axtarışı və təminatı hüququ.

*SIVICUS yerli, milli, regional və beynəlxalq səviyyələrdə təşkilatlar şəbəkəsini təmsil edən tərəfdaşların və üzvlərin beynəlxalq alyansıdır və vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edir. Alyansın fəaliyyəti bütün dünyada vətəndaşların və vətəndaş cəmiyyətlərinin fəallığının dəstəklənməsinə yönəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button