CNN XƏDİCƏ İSMAYLOVADAN BƏHS EDİB

22.3.2012

CNN: NALAYİQ VİDEO AZƏRBAYCAN HÖKUMƏTİNİ TƏNQİD EDƏN JURNALİSTİ LƏKƏLƏYİR

İnternetdə Azərbaycan hökumətində korrupsiyanı işıqlandıran jurnalist qadını nüfuzdan salan video peyda olub.

Radioda tok-şou aparan Xədicə İsmayılova narahatdır ki, seksual xarakterli təsvirlər mühafizəkar ölkədə ona qarşı dini zəmində hiddətə səbəb ola bilər.

Video yataq otağında gizli kamera ilə çəkilib, sonradan anonim şəkildə internetdə Yeni Azərbaycan Partiyasının rəqibi olan Müsavat Partiyasının ev səhifəsini imitasiya edən İnternet saytında yayımlanıb.

Müsəlman cəmiyyətində sosial əxlaq qonşu İrandakı kimi sərt deyil, deyə İsmayılova bildirir, amma onlar “qonşu Türkiyənin kənd rayonlarındakına oxşayır”. Şərəfin alçaldılması və ya əxlaq çərçivəsindən çıxmağa görə qətl Azərbaycanda reallıqdır.

Video İnternetdə veriləndən bir həftə əvvəl İsmayılova elektron poçtla məktub alıb. Orada şəxsi xarakterli fotoşəkillər olub, deyə Azad Avropa/Azadlıq radiosu məlumat verir.

“Mən fotoşəkillər və yazı olan zərf aldım. Orada yazılmışdı: “Fahişə, özünü yaxşı apar, yoxsa ləkələnəcəksən”, deyə İsmayılova bildirib.

Azərbaycanın yüksək hakimiyyət eşelonlarındakı adamlar reportajlarına görə İsmayılovadan acıqlı ola bilərdilər. Onun məqalələrində İlham Əliyevin qızlarının Azerfon şirkətində məxfi paylarının olması barədə məlumat verilirdi. O həmçinin yazırdı ki, prezidentin ailəsinin bankı var və bundan gizli əqdlər üçün istifadə olunur.

Azərbaycan Prezident Administrasiyası siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İsmayılovanın reportajlarını şərh etməkdən imtina edib, amma video yayımlanandan bir gün sonra onu pisləyb, “Azərbaycanda sabitlik olmasını istəməyən fitnəkar qüvvələri”ittiham edib.

Aslanov həmçinin bildirib ki, hakimiyyət «bu çirkli işlərin arxasında duran şəxslərin tapılıb ifşa olunması üçün səylərini əsirgəməyəcək».

İsmayılova Elnur Aslanovun bəyanatını «son dərəcə qeyri-səmimi, hiddətləndirici»adlandırıb. O, hesab edir ki, hökumət onu reportajlarına görə cəzalandırır. Hakim partiya mətbuatda onun etnik mənşəyini Ermənistanla bağlayıb.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişə var. Belə təəssürat yaranır ki, İsmayılova Ermənistanla bağlıdır. Bu isə Azərbaycan ictimaiyyətində ona qarşı ehtirasları qızışdıra bilər. “Onlar məni düşmən ölkəyə işləməkdə ittiham edirlər”, deyə o bildirib.

Videonun yayımlanmasına bir gün qalmış hökumətyönlü xəbər saytında gedən bir məqalədə onun etnik mənşəyi məsələsi qaldırılıb. Məqalədə jurnalistin şəxsi həyatı hücumlara məruz qalıb: «Xədicə Bakıda daim bahalı barlara və klublara gedir. O, alkoqola və yüngül həyata bağlılığını gizləməyib. O, Azərbaycan qadınlarının tərbiyəsi və dəyərlərinə gülürdü».

Başqa bir hökumətyönlü qəzet olan «İki sahil»də video yayılandan bir gün sonra gedən məqalədə yazılıb: «Xədicə məqalələrində deyirdi: «Mənə azadlıq verin» və deyəsən, indi yetərincə azadlıq alıb». Bundan sonra məqalədə videonun abırsız təfərrüatı verilmiş və onu İnternetdə tapmaq yolu göstərilmişdi.

İsmayılova hüquq müdafiəçiləri və başqa qruplardan dəstək alıb. Dini mühafizəkarlar onun müdafiəsinə qalxıb. Nardaran ağsaqqalları İsmayılova ilə çox vaxt razı olmadıqlarını desələr də, Xədicəyə qarşı şantajı pisləyiblər və bu işlərin dayandırılmasını tələb ediblər.

İsmayılova hesab edir ki, dini icma və başqa mühafizəkarların dəstəyi “onun həyatını xilas etməyə kömək edəcək».

Bütün dünyada müxtəlif hüquq müdafiəsi təşkilatları narazılıq ifadə edib. «Azərbaycan jurnalsitə qarşı böhtan kampaniyasına başlayıb», deyə Jurnalsitlərin Müdafiəsi Komitəsinin press-relizində bildirilir. Sərhədsiz reportyorlar öz bəyanatlarını «nifrət» sözü ilə başlayıblar. Onlar bildirir ki, belə şeylər əvvəl də olub.

«Azərbaycanda jurnalistlər tez-tez şantaj və hədələrə məruz qalırlar. Cəzalarla bağlı bəzən ölkəni tərk etməli olurlar”, deyə JMK Avropa və Asiya üzrə proqramının koordinatoru Nina Oqnyanova bildirib. Tədqiqatlara əsaslanaraq o bildirib ki, Azərbaycan onun işıqlandırdığı ölkələr arasında ən avtoritardır. «2009-cu ildə ölkə regionda daha çox jurnalistlərin türmədə olduğu ölkə idi. O vaxt 11 jurnalist həbsdə otururdu”, deyə Oqnyanova bildirib.

O xatırladıb ki, başqa bir jurnalistin başına bu cür hadisə gəlmişdi və o, hökumətyönlü KİV-də homoseksualist kimi təqdim edilmişdi. «Bu damğa onu təhlükəli vəziyyətə saldı, deyə Oqnyanova bildirir – O, bıçaq zərbəsindən az qala öləcəkdi, kimsə onu qatarın altına atmağa cəhd etmişdi».

Amma hökumət jurnalistin təzyiqə qalmasını inkar edir. «Azərbaycan müstəqil KİV-ləri olan açıq demokrtaik ölkədir”, deyə Aslanov bildirib.

Əliyevlərin ailəsi qırx ilə yaxındır hakimiyyətdədir. İndiki prezidentin atası H. Əliyev 30 il hakimiyyətdə olub. İndiki prezident İlham Əliyev müxalifətin boykot etdiyi seçkilərdə bu vəzifəyə gətirilib (2008-ci ilin seçkiləri – Turan) və ATƏT tərəfindən bu seçkilər standartlara uyğun sayılmayıb. Keçmiş sovet respublikası son vaxtlar beynəlxalq arenada imicini qaldırıb. O, BMT Təhlükəsizlik Şurasına seçilib və Olimpiada-2020-yə ərizə verib.

«Transparency International» Azərbaycanı korrupsiya səviyyəsinə görə Belarus və Nigeriya ilə bir sıraya qoyub. Onun reytinqi Pakistandan da aşağıdır. Əvvəllər yüksək idi.

Mayda Azərbaycanda “Avroviziya” müsabiqəsi keçiriləcək. Orada Avropa, Şimali Afrika və Yaxın Şərqdən iştirakçılar olacaq. 40 ölkədən jurnalsitlərin iştirakı gözlənilir. Bu, mətbuatın qlobal təsirinin artması deməkdir.

Azərbaycan reputasiyasını riskə qoyur və deyəsən, intensiv və daimi beynəlxalq təzyiqlərə reaksiya verir – “amma böyük müqavimətlə”, deyə Oqnyanova bildirir.

“Ölkədə tənqidi səslər daha geniş repressiyalara məruz qalır”, deyə o bildirib. “Hökumət əvvəllər də əl altından zərbə vurmaq taktikasından isifadə edib», deyə o bildirib.

Xədicə İsmayılovanın videosu Texasdakı «HostGator» şirkətinin veb-hostinqində yerləşdirilib. CNN şirkətlə əlaqə saxlayıb videonu saytda kimin yerləşdirdiyini öyrənməyə cəhd edib. Amma şirkətin təmsilçisi teleşirkəti mətbuat xidməti ilə birləşdirməyib və telefon nömrəsini verməyib. Elektron məktublar cavabsız qalıb.

İsmayılova deyir ki, indi təhlükədə olsa da, bu məsələ açıqlansın, ona qarşı kampaniyanın arxasında duranlar özlərini itirsinlər. İlk fotoları alandan sonra o, Facebook-da yazıb: «Mən əminəm və qərara almışam ki, mənə qarşı istənilən şantaja dözərəm”.

O vaxt o, prokurorluğa məktub yazaraq istintaq aparılmasını tələb edib. Amma cavab almayıb. “Onlar məni çağırmayıb, əlavə materiallar, məktub istəməyiblər”.

Video yayılandan iki gün sonra prokurorluq onu çağırıb, ərizəsi barədə sorğu-sual ediblər. Vəzifəli şəxslər şəxsi həyatın toxunulmasını pozmaq ittihamı ilə cinayət işi açdıqlarını deyiblər. İsmayılova xahiş edib ki, onun jurnalist kimi fəaliyyətini əngəlləmək cəhdləri ilə bağlı təhqiqat aparılsın, amma hələ cavab yoxdur.

Həmin gün İsmayılova vətəndaş cəmiyyətinin yığıncağında dəstək alıb. Öz səhifəsində işini davam etdirib. Azad Avropa /Azadlıq radiosu ABŞ hökumətindən maliyyə dəstəyi alır. Cümə günü İsmayılovanın videosu ABŞ və başqa ölkələrdə gözdən itib. “Ona Azərbaycanda baxmaq olar, Çex Respublikasında yox”, deyə Azadlıq radiosunun Praqadakı Azərbaycan xidmətinə rəhbərlik edən Kənan Əliyev bildirib. “Onlar Azərbaycana ünvanlanıb”.

TURAN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button