Çörək bahalaşdı

İstehsalçılar devalvasiyanı və elektrik enerjisinin bahalaşmasını əsas gətirərək çörəyin qiymətini qaldırdı

Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.

Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: “Məsələn, daha çox istehlak olunan və “zavod çörəyi” kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb”.

***

29.07.2016

Iyulun 30-dan Azərbaycanda çörəyin qiyməti artacaq. Bu barədə razılıq çörək istehsalı ilə məşğul olan iş adamlarının iyulun 28-də keçirilən toplantısında qəbul edilib. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpiyə olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.

Çörəyin qiymətinin qalxacağı barədə rəsmi qurumlardan hələ ki, təkzib yoxdur. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərəalınmaqla, Azərbaycanda taxıla olan illik tələbatın təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbatın 1,7 milyon ton olduğunu açıqlayıb. O, daxili istehsal hesabına taxıla tələbatın təxminən 65-70 faiz ödənildiyini deyib. Daxili istehsal tələbatın yarıdan çoxunu ödəyirsə, o zaman çörəyin qiymətinin qaldırılmasınaəsas varmı?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, çörəyin qiymətinin qalxması taxılın və ya buğdanın qiymətinin artmasıyla bağlı deyil. Dünya bazarında buğdanın qiyməti aşağı düşüb. Buğdanın qiymətində 30 faizdən çox azalma müşahidə olunur. Başqa bir əsaslara görə hazırda qiymət artımı baş verir: “Suyun, elektrik enerjisinin qiyməti artıb, manatın məlum devalvasiyası baş verib. Çörək istehsalçıları da çəkini azaltmaqla, keyfiyyəti aşağı salmaqla, həmçinin, nəmliyi artırmaqla bu məsələləri birtəhər kompensasiya edirdilər. Bundan sonra isə bu vasitələrə əl atmaq mümkün olmadığından məcburiyyət qarşısında qalıb çörəyin qiymətini artıracaqlar. Hökumət alternativ tədbirlər görməlidir. Əhalinin sosial çörək istehsalına başlamalı və kasıb təbəqə üçün ucuz qiymət tətbiq etməlidirlər.

Qiymət artımı gec-tez baş verəcək. Əslində, iri çörək istehsalçıları olan oliqarxlar böyük zavodlar tikdirərək fərqli formada məhsul istehsal edib qiyməti çoxdan artırmışdılar. Qiyməti 30-40 qəpik olan çörək istehsalçıları problemləri həll edəbilmədikləri üçün qiyməti qaldırmağa məcbur olacaqlar. Onlar avadanlıqlarını dəyişəbilmirlər, eyni zamanda, maliyyə problemləriylə üz-üzədirlər. Onlar yalnız 30-40 qəpik olan çörəklər istehsal edirlər və bəlli məsələlərə görə də qiymət artımına getməyəməcbur olublar”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “Azadlıq”a bildirib ki, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətinin bahalaşması müşahidə olunmayıb. Onun sözlərinə görə, çörəyin qiymətini Iqtisadiyyat Nazirliyi yanında Tarif Şurası müəyyən etməsə də, bahalaşma olacağı təqdirdə nazirliyin Antiinhisar Departamenti müvafiq tədbirlər görəcək.

Bu arada AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində Azərbaycan hakimiyyətinin xalqa vurduğu ardıcıl zərbələrdən yazıb: “Əvvəlcə xalqın 48 milyard dollarını oğurlayıb ölkədən çıxardılar, özünü 25-30 faizlik kreditlərlə yarımcan etdilər. Sonra suyun və işığın qiymətini qaldırdılar. Insanların böyük əksəriyyətinin yalnızca çörəyə möhtac olduğunu bildiklərindən, indi də çörəyin qiymətini qaldırırlar. Digər məhsulların da qiyməti hər gün qalxmaqdadır. Görülən tədbirlərin effektli olması üçün 500 min nəfər ən imkansızların son ümidi olan ünvanlı yardımı da ləğv edirlər. Işi tam qarantiyaya almaq üçün isə yarımcan edilmiş manatı da tam olaraq öldürməkdə qərarlıdırlar. Görürsünüz xalqı ram edib, müqavimətini qırmaqdan ötrü necə sistemli iş qurublar?!”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button