Çovdarovun gizli həbsxanası da aşkarlanıb

çovdar-1.jpg

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

Strateq.az-a MTN-ə yaxın mənbələrdən daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general-mayor Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.

Eyni zamanda, təhlükəsizlik məqsədiylə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

Strateq.az-ın əldə etdiyi məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, həm də sensassiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb. Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

türme-1.jpg

Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədiylə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı – xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumçuluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya gətirərək, saatlarla və günlərlə rahatca saxlanılır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsiylə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər. Həmin şəxslər də dinməzcə tələb olunanı verib canlarını qurtarır, heç haraya gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın isə onlara baha başa gələ biləcəyi xatırladıldığından, qorxularından kimsəyə də nəsə demirmişlər.

Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın “cinayət aləmi”ndəki şəbəkəsi də böyük köməklik göstərib və faktiki, onlar bütün bu qaranlıq işlərində əlbir fəaliyyət göstəriblər…

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada “nadzor” olan, daha sonra polis sisteminə keçən və oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu “poqon altındakı fəaliyyəti” boyu “qara işlər”in ən yaxşı icraçısı kimi ad çıxarıb…

Belə görünür ki, indiyədək barəsində mif yaradılmış “Çovdarov əfsanəsi” də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, çətin ki öz əməlləriylə xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən yaxasını qurtara bilsin…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button