Çovdarovun məhkəməsində “əməkdar dələduzluq” söhbəti…

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Aprelin 24-də iclas 14 karatlıq brilyantı satmaq istəyərkən MTN əməkdaşları tərəfindən nazirliyə aparılmış və oradan 80 min dollar verdikdən sonra buraxıldığını iddia edən zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə şahid Anar Mustafayevin ifadəsi ilə başladı.

Lizinqdə olan avtomobil 40 min dollara necə satılıb?

Şahid Anar Mustafayev ifadəsində qeyd etdi ki, 2015-ci ildə Elçin Hacıyevin sürücüsü işləyib və zərərçəkmiş günlərin birində onu “Nizami” kinoteatrının yaxınlığına aparmağı xahiş edib. “Mən maşında oturmuşdum. Elçin müəllim aralıda idi, onu gözləyirdim. Birdən mənə zəng edib dedi ki, sən get, gözləmə, məni keçmiş MTN əməkdaşları tutub”, – şahid ifadəsində bildirdi.

Daha sonra A.Mustafayev dedi ki, zərərçəkmiş ona zəng edərək, pula ehtiyacı olduğunu və avtomobili maşın bazarına apararaq, dəyər-dəyməzinə satmağı tapşırıb. Şahidin sözlərinə görə, lizinqdə olan 1 ilin “Mercedes” avtomobilini bazarda tanımadığı alverçiyə 40 min dollara satıb, halbuki maşının öz qiyməti 65-70 min dollar idi.

Vəkillərin lizinq şirkətinin mülkiyyətində olan avtomobili hansı üsulla və hansı sənədlərlə satması ilə bağlı suala şahid “bu işləri mən bilmirəm, Elçin müəllim özü alverçi ilə danışıb həll etdi” kimi cavab verdi.

Daha bir maraqlı sual ondan ibarət idi ki, cəmi 1 il müddətində aylıq 900 manat ödənişlə lizinq şirkətindən etibarnamə ilə alınmış maşın 40 min dollara necə satılıb? Bundan sonra onun aylıq ödənişlərini kim verib? Bu suallara aydınlıq gətirilmədi.

Vəkillər ona da diqqət yetirdilər ki, şahid istintaqa verdiyi ifadəsində avtomobilin 45 min dollara satıldığını iddia edib.

Adına olan şirkətdən xəbərsiz Namazov

Zərərçəkmişlər Qədim Ədilovun və İntizam Ağakişiyevin iddiaları əsasında baxılan epizod çərçivəsində ifadə verən şahid Cavanşir Namazov qeyd edib ki, onun adı ilə əlaqələndirilən “İP Namazov” şirkətinin fəaliyyətindən xəbərsizdir. Şahid taxta bazarında alver edən və bu işdə daha bir şahid olan Sadiq Cəfərovu tanıdığını və onunla dost olduğunu desə də, hər hansı bir şirkət barədə xəbərsiz olduğunu bir daha qeyd etdi.

Onun sözlərinə görə, Gömrük Xidmətindən də verilmiş məlumata görə, “İP Namazov” firmasının adına 2014-2015-ci illərdə taxta daxil olmayıb və şirkət, ümumiyyətlə, xarici ölkələrlə iqtisadi münasibətlər qurmayıb.

Vəkillər zərərçəkmiş Qədim Ədilova müraciət edərək, onun iddiasına görə, “İP Namazov” şirkətinin adına gətirilmiş taxtaların taleyinin necə olduğu barədə suala cavab verməsini istədilər. Q.Ədilov taxtanın məhz sözügedən şirkətə gətirildiyini və onun əlində bununla bağlı sənədlərin də olduğunu vurğuladı. Söhbətə məhkəmə iclasına sədrlik edən Həbib Həsənovda münasibət bildirərək zərərçəkmişə “İP Namazov” şirkətinin adına taxta gətirdiyini desə də, ancaq rəsmi dövlət qurumunun verdiyi məktubun bu faktı təkzib etdiyini xatırlatdı.

MTN əməkdaşı: “Onu zorla nazirliyə gətirməyə gücüm çatmazdı”

Şahid qismində ifadə verən keçmiş MTN əməkdaşı Cəbrayıl Əhmədov bildirdi ki, nazirlikdə aparılan bir araşdırma çərçivəsində zərərçəkmiş Qədim Ədilovu MTN-ə dəvət edib. C.Əhmədovun sözlərinə görə, həmin vaxt Q.Ədilovun yanında Elşən adlı şəxs də olub və onlar birlikdə nazirliyə gəliblər.

Şahid vurğuladı ki, zərərçəkmişə fiziki güc tətbiq edərək, nazirliyə aparması barədə deyilənlər yalandır: “Mənim ona heç gücüm də çatmazdı. Əgər bu, əməliyyat tədbiri olsaydı, ora qrup gedərdi. Fiziki qüvvəm imkan vermir ki, onu zorla nazirliyə gətirim”.

Qeyd edək ki, bu yerdə söz alan təqsirləndirilən Akif Çovdarov da keçmiş işçisini müdafiə edib və onun zərərçəkmişi nazirliyə güclə gətirmək üçün fiziki qüvvəyə malik olmadığını diqqətə çatdırıb.

Vəkil İcra şöbəsi rəisini yalan ifadə verməkdə günahlandırdı

Prosesdə şahid kimi ifadə verən Yasin Ədilov bildirdi ki, o, zərərçəkmiş Qədim Ədilovun kiçik qardaşıdır və Şirvan rayonunda Məhkəmə qərarlarının İcra şöbəsinin rəisidir.

Qeyd edək ki, Yasin Ədilovun ifadəsi atası Adil Adilovun ötən məhkəmə iclasındakı ifadəsindən, demək olar ki, fərqlənmədi. Onun sözlərindəki uyğunsuzluqları isə nəinki vəkillər, hətta prosesə sədrlik edən hakim Həbib Həsənov da qeyd etdi. Şahidin diqqətinə çatdırıldı ki, qardaşı Qədim Ədilovun xəsarət almaması və kəllə-beyin travmasının olmaması ötən iclasda Sabirabad Rayon Xəstəxanasının baş həkimi və həmin dövrdə orada işləmiş həkim-nevropatoloq tərəfindən də təqdislənib.

Təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov hakimdən məhkəmə prosesinin sonunda şahid Yasin Ədilov barəsində prokurorluq qarşısında məsələ qaldırılmasını və yalan ifadə verməyə görə məsuliyyətə cəlb edilməsini istədi.

Zərərçəkmişlə işbirliyi, yoxsa 200 min dollar borc?

Şahid Kəramət Məmmədov ifadəsində qeyd etdi ki, sahibi olduğu “Kometa” restoranında taxta alveri ilə məşğul olan zərərçəkmişlər Qədim Ədilov və İntizam Ağakişiyevlə tanış olub. Sonradan bu tanışlıq işbirliyinə çevrilib və K.Məmmədovun evi girov qoyularaq, 280 min dollar kredit götürülməklə, onu da taxta biznesinə qoşublar.

“Mənim evim girovda olduğu üçün bütün pulları mənə verirdilər. Restoranda görüşlərimiz zamanı mənə kimə nə qədər pul verməli olduğunu deyirdilər, mən də ertəsi gün məbləği hazırlayıb, danışıldığı kimi, həmin adamlara verirdim. Taxta alveri işindən çox başım çıxmırdı, sadəcə olaraq, bu yolla işbirliyində idim və mənim də qazancım olurdu”, – şahid deyib.

Kəramət Məmmədov qeyd edib ki, 2015-ci ilin sentyabr ayının əvvəllərində Qədim Ədilova Rusiyadan 10 vaqon taxta gətirməsi üçün 200 min dollar pul verib. Lakin 10-15 gün keçsə də, həmin maldan xəbər olmadığını bildirib: “Qədimi görəndə soruşdum ki, bəs taxta nə oldu? O bildirdi ki, başına iş gəlib və 200 min dollar pulu MTN-ə verməyə məcbur olub”.

Şahidin sözlərinə görə, həmin vaxtdan bəri o pulu geri ala bilməyib və hazırda taxta alveri ilə ara-sıra məşğul olur, əvvəlki həcmlər qalmayıb.

Vəkillər şahidin nəzərinə çatdırdılar ki, onun məhkəmədəki ifadəsi istintaqda verdiyi ifadədən köklü şəkidə fərqlənir. Belə ki, prokurorluqda verdiyi ifadəsində K.Məmmədov əvvəllər Qədim Ədilovla birgə iş gormədiyini deyib və zərərçəkmişin 200 min dolları ondan borc kimi aldığını bildirib. Bundan başqa, onun nəzərinə çatdırıldı ki, Kəramət Məmmədov istintaqa verdiyi ifadədə heç kimlə işbirliyində olmadığını və taxta biznesi ilə təkbaşına məşğul olduğunu vurğulayıb. Kəramət Məmmədov ilk öncə “istintaqda buları soruşmadılar məndə demədim” sözünün deməklə vəkillərin suallarından yayınmaq istədi, lakin vəkillər şahidə xatırlatdılar ki, məhkəmədədə ondan heç nə soruşulmayıb hər şeyi özü danışıb. Bundan sonra şahid istintaqda verdiyi ifadəsini oxumadan imzaladığını bildirdi.

Zərərçəkmişləri tanımayan şahid və mənzili rəsmiləşdirən MTK işçisi

Şahid Tural Rzayev ifadəsində bildirib ki, keçmiş MTN işçisidir. Zərərçəkmişlər nazirliyə daxil olarkən məhz şahidin onları müşayiət etdiyini bildiriblər. Şahid zərərçəkmişlərdən heç birini tanımadığını və məsələdən xəbərsiz olduğunu bildirdi.

Şahid Kamal Səfərov dedi ki, yaxın zamanlara qədər Masazırdakı “Qurtuluş-93” qəsəbəsində fəaliyyət göstərən MTK-da işləyib və zərərçəkmiş Qədim Ədilovun atası Adil Adilovun adına olan mənzilin şahid Natiq Hümbətovun adına rəsmiləşdirilməsində iştirak edib.

K.Səfərovun sözlərinə görə, Qədim Ədilov MTK-dan 120 kvadrat metr sahəsi olan mənzil alıb və onun dəyərini taxta ilə ödəyirmiş. Lakin bir müddətdən sonra taxta təchizatı dayanıb. Günlərin bir günü Qədim Ədilov ofisə Natiq Hümbətovla birlikdə gəlib və mənzilin addan ada keçməsini istəyib. Zərərçəkmişin nəzərinıə çatdırılıb ki, mənzilin dəyəri hələ tam ödənilməyib və buna görə də, mənzil başqa bir binadakı 86 kvadrat metrlik mənzillə əvəzlənib və Natiq Hümbətovun adına rəsmiləşdirilib. Şahid onu da qeyd etdi ki, rəsmiləşmə zamanı Qədim Ədilov yarana biləcək hər hansı problemə görə özünün məsuliyyət daşıyacağı barədə MTK-ya ərizədə verib. Ancaq bir müddət sonra atası ilə birlikdə MTK-ya gələrək sanki heç nədən xəbəri yoxmuş kimi atasının adına olan müqaviləyə necə xitam verilməsi barədə məlumat verilməsini tələb edib.

Keçmiş MTN əməkdaşı: “Zərərçəkmiş özü nazirliyə ərizə ilə müraciət etmişdi”

Prosesdə ifadə vermiş şahid, keçmiş MTN əməkdaşı, təqsirləndirilən Səlim Məmmədovun müavini işləmiş Alı Nəbiyev bildirdi ki, zərərçəkmiş Qədim Ədilov şəxsən ərizə ilə MTN-ə müraciət edərək, ötən iclasda şahid qismində ifadə vermiş Hatiq Həsənovun onun şərikinə 186 min dollar borclu olduğunu deyib.

Məsələ cavabdehin iştirakı ilə araşdırılıb və məlum olub ki, əksinə, zərərçəkmişin şərikinin Natiq Həsənova 10 min dollara yaxın borcu var.

Sözügedən məsələdə qaçaqmalçılıq faktının olmaması üzündən iş qeydiyyata götürülmədən bağlanıb.

360 min dollar borc və ya satılmamış 18 vaqon taxta

Şahid qismində ifadə vermiş Sadiq Cəfərov bildirdi ki, zərərçəkmiş Qədim Ədilovla 2014-cü ildə tanış olub və ondan taxta alıb. Sonradan Q.Ədilova hissələrlə 300 min dollar, daha sonra isə 200 min dollar verdiyini deyən şahid, hələ də həmin məbləğ müqabilində ona söz verilmiş 18 vaqon taxtanı ala bilmədiyini bildirib. Pula çevirdikdə bu borc məbləği 360 min dollar edir.

S.Cəfərovun sözlərinə görə, həmin pulun çox hissəsini zərərçəkmiş onunla birlikdə həm də digər şahid Natiq Hümbətova borcludur. Başqa sözlə, Q.Ədilovun borclu qaldığı 360 min dollarda 110 min dollar Sadiq Cəfərova, 100 min dollar şahidin qardaşına, yerdə qalan məbləğ isə Natiq Hümbətova aiddir.

Şahid Natiq Hümbətov məhkəmədə ifadəsində dedi ki, 80 min dollar pulu Sadiq Cəfərova verərək, taxta biznesinə qoşulmaq istədiyini deyib. Sonradan S.Cəfərov onu zərərçəkmiş Q.Ədilovla tanış edib və zərərçəkmiş işi genişləndirmək bəhanəsi ilə onu əlavə olaraq 120 min dollar verməyə inandırıb. O da Əhmədlidə “Nargilə” kafesinin yaxınlığında yerləşən 3 mərtəbəli evini “Qafqaz İnkişaf Bankına” girov qoyaraq 120 min dollar məbləğində kredit götürərək 2 dəfəyə Qədim Ədilova vermişdir.

Sonradan zərərçəkmiş Qədim Ədilovun borcunu qaytarmadığını görən Natiq Hümbətov ona “Grand Cherokee” markalı avtomobiini oğlunun adına keçirməsini təklif edib. “Müəllim, mən bahalı maşında gəzməsəm, heç kim ciddi biznesmen kimi qəbul etməz”, – zərərçəkmiş şahidə belə cavab verib.

Daha sonra Qədim Ədilov atasının adına olan mənzili Natiq Hümbətovun adına keçirib və bu yolla borcunun yalnız bir qismini qaytarıb. Natiq Hümbətov həmçinin bildirdi ki, Qədim Ədilov ona İlham Nəsibovun, Eldar ləqəbli Natiq Həsənovun və Bakı şəhər prokurorluğunda məsul vəzifədə çalışan bir nəfər şəxsin qardaşının külli miqdarda borcu oldularını və həmin şəxslərdən pulunu geri almaq üçün MTN-nə şikayət etməsinə köməklik gösməsini xahiş edib, hətta yalvarıb.

Belə ki, Qədim Ədilov atası Ədil Ədilov Mirhəşim adlı ağır seyidlə birlikdə onun yanına bocla bağlı xahişə gələn zaman iş otağındakı stolun üzərində olan özünün dayısı barədə yazdığı kitabı görüb və ondan kitabın bir nüsxəsini ona verməsini xahiş edib. Natiq Hümbətovda kitabın bir nüsxəsini Ədil Ədilova bağışlayıb. Məhz həmin kitab verdildikdən bir müddət sonra Qədim Ədilov onun yanına gələrək Akif Şovdarovun qohumu olmasını nə səbəbdən ondan gizlətdiyini soruşub və Akif Çovdarova ona borclu olan adamlardan pulu almaqda onlara köməklik etməsi üçün ağız açmasını xahiş edib. Qədim həmçinin ona bildirib ki, şikayət etdiyi adamların əməlində MTN-nin maraqlarına toxunan hərəkətlər var. Məhz bundan sonra o, tələbə yoldaşı olan təqsirləndirilən şəxs Səlim Məmmədovdan Qədim Ədilovun 3 ədad şikayət ərizəsinin araşdırılmasını istəyib. Səlim Məmmədovda onun xahişi üzərinə Qədim Ədilovun İlham Nəsibovun, Eldar ləqəbli Natiq Həsənov barədə yazdığı şikayətlərin araşdırılmasını əməkdaşlara tapşırıb.

Lakin araşdırma zamanı nə Qədimin dediyi qaçaqmalçılıq məsələsi, nə də Qədimə kiminsə borcu olması öz təsdiqini tapmayıb. Əksinə Qədimgilin  Eldar ləqəbli Natiq Həsənova borclu olduğu müəyyən edilib. Qədim Ədilovun üçüncü şikayət ərizəsi, yəni Bakı şəhər prokurorluğunda məsul vəzifədə çalışan şəxsin özü və qardaşı barədə yazdığı ərizəsi isə ümumiyyətlə araşdırılmayıb.

Bir müddət sonra isə Akif Çovdarov həmin ərizə ilə bağlı onu və Qədimi MTN-nə çağırtdırıb və Qədimə əsassız şikayətlər yazdığını görə iradını bildirib. Akif Çovdarov onun yanında Səlim Məmmədova göstəriş verib ki, Qədimin Bakı şəhər prokurorluğunda məsul vəzifədə çalışan şəxsdən yazdığı ərizəsini elə Baş prokurorluğun özünə göndərsinlər. Bundan sonra isə Qədim özünü artistliyə vurub və guya halı xarab olub. Həmin vaxt Səlim Məmmədovda Akif Çovdarovdan xahiş edib ki, Qədimin sonuncu ərizəsini Baş prokurorluğa göndərməsinlər və sonda Akif Çovdarov onlarla razılaşıb. Bundan sonra onlar birlikdə MTN-ni tərk ediblər. Şahid Natiq Hümbətov Bakı şəhər prokurorluğunda məsul vəzifədə çalışan şəxsin adını məhkəmədə çəkməsədə, ancaq Qədim Ədilovun yazdığı şikayət ərizəsini tanış olmaları üçün hakimlərə təqdim etdi və hakimlər tanış olduqdan sonra geri aldı. Qədim Ədilovda oturduğu yerdən qalxaraq ərizə ilə tanış olması üçün zalın ortasına gəldi və ərizədəki imzanın ona məxsus olduğunu təsdiq etmək məcburiyyətində qaldı.

Natiq Hümbətov sərbəst ifadəsinin sonunda zərərçəkmişin hələ də ona borclu olduğunu vurğulayıb.

Akif Çovdarovdan “əməkdar dələduz” titulu

Prosesin sonunda yerindən qısa çıxış etmiş təqsirləndirilən Akif Çovdarov deyib:

“Cənab hakim, idman aləmində idman ustası və əməkdar idman ustası kimi adlar var. Burada çıxış edən zərərçəkmişlərin çoxu əməkdar dələduzluq ustalarıdır”.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə günü, aprelin 26-da keçiriləcəyini elan etdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button