DƏNSİZ!

əvəz zeynallıƏvəz Zeynallı

Biz cücəni iyunda sayırıq…

Heç bir deputat – adı, kimliyi, hansı oliqarxa mənsubluğu, təyinatının xarakteri nə olursa olsun – Milli dəyərlərin əleyhinə çıxış edə, təbliğat apara, bəyanatlar verə, müqəddəs şəhid ailələrini təhqir edə bilməz!!!

Giriş kimi…
Türkiyə türkcəsində özünü-sözünü, yerini-yatağını bilməyən, mərifətsiz-qanacaqsız, bir az bambılı, bir az huyduruq adamlara «Densiz» deyirlər. Onun-bunun fitvasıyla yersiz hərəkət edib ağzının danışığını bilməyənlərə də şamil edirlər bu sözü. Seriallarda da diqqətlə baxsanız eşidərsiniz bu sözü – Densiz! Yəni mənasız və əhəmiyyətsiz, gicbəsər, yerinə görə qudurğan və harın, yerinə görə yediyi qaba tüpürən. Yəni başlığa çıxardığım «Dənsiz» sözü Türkiyədə beləcə çox mənalarda istifadə olunur. Onu hansı adama şamil edirlərsə, o adam deməli, yaxşı adam deyil. Qara adamdır, quru adamdır, amma adam deyil… Dənsizdir… Dini-imanı yoxdur…

14 fevral gəlir…

Bu ölkənin insanları nə qəribədir? Həm də türkləri çox qəribədir. Görmüşük Milli olan bütün əhəmiyyətli ideyaların yolunda heç olmasa hakim millətin ünsürləri can verər, yolunda baş qoyar. Bizdə sanki tərsinədir. Bizdə qarşına çıxan hakim millətdir… Onun nümayəndələridir. Hamısı da dənsizdir…

Yenə qarşıdan 14 fevral gəlir. Yenə bir yerlərdən biriləri düyməyə basıblar. Bu dəfə beynəlxalq əxlaqsızlıq gününün tərəfində çiçəyi burnunda deputat Etibar Hüseynov dayanıb. Necəmi? Bu təyinatlı deputat durub-durub 20 Yanvar öncəsi bəyan edib ki, bəs 30 İyunu Sevgililər Günü elan edib şəhidlərin adından alver (alver ha…) etmək doğru deyil. Hörmətli deputat qırığımız davam edib, «qoy bu gün Sədaqət Günü» olsun. Bu, onun qəhrəmanlıq edib ictimaiyyətin gözlərinin qarşısında dediyidir. Dahası da var…

Deputat qırığı başından yekə işlərlə məşğuldur. Hakimiyyətin adından şəhid ailəsini parlamentə çağırır. Hakimiyyətin adından şəhid ailəsinə bəyanat verir ki, «onsuz da 30 İyun bu hakimiyyət tərəfindən qəbul olunmayacaq». Deputat qırığı dayanmır… Davam edir və hakimiyyət adından bəyanat verir ki, «çünki bu gün Əvəz Zeynallının adı ilə bağlıdır». Burada xoruzun quyruğu görünür və hiss olunur ki, bu dənsiz artıq öz hisslərini cilovlaya bilmir. Danışdıqca danışır və özünü batırdıqca batırır…

Qarşıdan 14 fevral gəlir. İranda 14 fevralı qadağan etdilər. Sudanda da belədir… İndoneziya da belə edib… İordaniyada da narahatdırlar… Səudiyyə Ərəbistanında da bir sürü qadağalar var… Bizimkilər sevinməkdən, müsəlman və şərq dünyası üçün 30 İyunu Sevgililər Günü kimi təqdim etməkdən ortaya Etibar Hüseynov kimi birisini buraxıblar. Bu dənsiz də nə etdiyini bilməzcəsinə işlər çevirir. Orda-burda «Xural» qəzetinin maliyyə mənbələrindən, guya bizim arxamızda duran adamlardan danışır. «Xural»ın debat masasında məğlub olduğunu zənn etdiyi Rahim Qazıyevin adını çəkir, hakimiyyətin içərilərinə donoslar yazır, bilinməz nədən, amma bizim əleyhimizə aslan kəsilməyə qərar verir. Özü də, özü kimi dənsizlər də…

Hakimiyyət Milli dəyərlərə qarşı?!

Etibar adlı bu dənsizin ötən həftə qarışdırdığı bu haltlar təsadüfi deyil. Facebookda başlayan və bu deputat qırığını duman edib göylərə uçuran dartışmalarda mənə çox təklif edənlər oldu ki, ona baş qoşmayım. Hamıda nədənsə ortaq bir qənaət var ki, bu gənc özünü yuxarıların gözünə soxmaq üçün bizimlə cəngə çıxır. Amma mən elə hesab etmədim. Mən Etibarı yaxşı tanıyıram. O, uzun dövrlər bir növ «Xural»da sığınacaq tapıb. Mənə bu hakimiyyətin çox adamları haqqında çox şey danışıb – ən ali rəhbərliyindən ən adi kanal əməkdaşlarına qədər… Mən onu hakimiyyətin dar labirintlərində gözlərini döydüyü dalanlardan çox çıxarmışam. Bizə və 30 İyuna münasibəti çox yaxşı olub. Yəni ona deməsələr, dinməz, danışmaz. Ona görə də bu dənsizin, deputat təyin olunan kimi bizim üzərimizə gələn bu bədəvinin hərəkələrinin arxasında hakimiyyətin dayandığı qənaəti oyanır adamın içində. Elədirsə, Etibar Hüsenyovun simasında İlham Əliyev hakimiyyəti 30 İyunun üzərinə gəlir… Amma niyə?! Gələn elə bu 9 ildə gələrdi, indi niyə gəlir?! Əksinə, mən şəxsən ötən illərdə hakimiyyətin xırda bir məmurunun belə bu gün haqda ən xırda bir etirazına rast gəlməmişəm, dəstək görmüşəm…

Hakimyyətin tapşırığı, yoxsa Etibarın özfəaliyyəti?!

Hər halda 14 fevrala və 30 İyuna çox qalmayıb. 14 fevralda telekanalların hərəkətlərindən və 30 İyunda yenə televiziyaların hazırlıqlarından işin nə yerdə olduğunu görəcəyik. Şəxsən mən nə İlham Əliyevin, nə də onun komandasının İlham-Fərizə sevgisinə, 30 İyuna tərs gedəcəkləri qənaətində deyiləm. Bu, ya son hadisələrin təsiri ilə hakimiyyətin özünün sifarişidir, ya da (mən də bu fikirdəyəm) Etibarın üzərimizə gələn dalğada qabarıb özünü birilərinə şirin göstərmək təşəbbüsüdür. Nədən bu qənaətə gəlirəm? Bu dənsiz «İlhamla Fərizə ər-arvad olublar, onlara sevgili demək yaxşı çıxmır» deyə yekə bir qələt edib. Bu qələti bir xanım müğənni də etmişdi və mən onun cavabını zamanında verdim. İndi o xanım müğənniyə yazdıqlarımı Etibara yazmıram, amma Etibar ər-arvadın niyə bir-birini sevə bilməyəcəyini düşünür, maraqlıdır?..

Sözün qısası, Etibarın bu yanlışlığının və özbaşınalığının özünün, yoxsa mənsub olduğu komandanın işi olduğunu yaxın günlərdə görəcəyik. Amma nədirsə, yanlışdır, qələtdir, Milli maraqların əleyhinə getməkdir və millətinə qarşı hörmətsizlikdir.

Bu günlərdə mənə onun Milli kimliyi haqqında başqa sözlər desələr də, mən Etibarı türk oğlu türk bilirəm. Niyə bu ölkənin türklərinin bu qədər keybalaxanım olduqlarını isə bilmirəm. «Hitler işi»ndə də üzümə duran alim-professor heyəti türk oğlu türk idi. «Xural»ı axtarışa gələnlər də… Telekanallarda bizə qadağa qoyub türk milliyyətçiliyini gözdən salanlar da…

Bu böyük layihədə, millətin bu önəmli məsələsində qısqanclıqla yanaşan və mənə badalaq atan hər zaman türklər oldu. ANS-indən ATV-sindən Lider TV-sinə qədər. Hamı da 30 İyunu mənə bağlayıb. İndi bu dənsiz də «Əvəz Zeynallının adı ilə bağlıdır» deyib…

30 İyun İlhamla Fərizənin günüdür…

Amma 30 İyun millətimizin müqəddəs şəhidləri İlhamla Fərizənin adları ilə bağlıdır. İndi onlara biz yox, bütün islam dünyası minnətdardır. 9 ildir deyirəm, 30 İyun bütün Şərq sivilizasiyasının günüdür. İslam dövlətləri bu günə borclu olacaqlar. 14 fevralı qadağan etmək yox, qarşısına özündən güclü bir gün çıxarmaq lazımdır – biz bunu etmişik. Siz 13 il yatıbsınız, iş görməyibsiniz, «Xural» gəlib bu yanlışı ortadan qaldırıb. İndi niyə dəstək verməkdənsə, özünüzü əziyyətə salırsınız?!

Bu 9 ildə dəfələrlə demişəm, müraciət etmişəm, hər redaksiyaya, baş redaktora, TV kanalına məktub göndərmişəm… Ki, mənim və qəzetimin adını yazmayın, mənə və qəzetimə istinad etməyin, amma 30 İyunu təbliğ edin. Çünki bu gün hamımızın balalarımıza aid gündür. Bu gün hamımıza lazımdır. Bu gün yad mədəniyyətlərin səlib yürüşünün qarşısının alınmasında bizim ən böyük ideoloji silahımızdır.

Amma görünür, biz yatmadığımız kimi, beynəlxalq qurumlar da yatmırlar. Onlar 30 İyundan çox narahatdırlar. 30 İyun böyük mədəniyyətlər toqquşmasında 14 fevralı darmadağın edəcək tək gücdür. İslam ölkələri əvvəlcə qadağalar tətbiq edəcəklər, sonra çıxış yolları axtaracaqlar. Çünki qadağalar 14 fevralı onların ölkələrində daha da gücləndirəcək. Çıxış yolları tapmayanda bizə – İlhamla Fərizənin müqəddəs sevgisinə, məhəbbətlərinə üz tutacaqlar. Bu iki gözəl sevgili, bu iki yar bir mədəniyyətin qurtarıcısı olacaq. Özümüz də təbii ki, yatmayacağıq – bütün İslam dünyası və Şərq ölkələrində çalışacağıq. Hələ Qərbi demirəm… Heç kim əxlaqı qoyub, əxlaqsızlığın arxasınca getməz. Gün gələcək 30 İyun YUNESKO-nun siyahısına düşəcək… Gün gələcək 30 İyun BMT-nin dünyada Sevgililər Günü kimi qəbul edəcəyi əsas günü olacaq… Mən ölü, siz qalı…

Zəmzəm quyusunu bulayan Bədəvi…

Tarixdə hərə bir cür qalmaq istəyər. Buna görə də hərə bir iş görüb. Təbii ki, bu istəyə düşən milyonlardan biri də bir bədəvi çöl ərəbi olub. O, düşünüb-düşünüb tarixdə hər zaman qalmaq və xatırlanmaq üçün gəlib Zəmzəm quyusunun başında durub və quyunu murdarlayıb. Bu bədəvi həqiqətən tarixdə qalıb da. Onu hər zaman lənətlə xatırlayıblar. Bizim çiçəyi burnunda Etibar Hüseynov da bu hadisədə Çöl Bədəvisi kimi hərəkət edib. Onun bu hərəkəti Koroğlu adını almaq üçün atasının gözlərini çıxaran cavan oğlanın hərəkətinə çox bənzəyir. Amma heç kim o cavan oğlana «Koroğlu» deməyib, «Kor kişinin oğlu» deyib…

İctimai nifrət qazanan adam…

Əvvəlcədən bilirdim, amma bu deputat qırığının özünün hərəkətə gəlməsini gözləyirdim. Çağırıb irəli-geri danışdığı adamlar mənə hər şeyi söyləmişdilər. Hətta amiranə şəkildə 30 İyunun əleyhinə danışacağını da xəbərdar edib «Qurdlar Vadisi»nin İmdadı. Onun çıxışını mənə facebookda yolladılar. Oxudum və hər cür hörmətsizliyə layiq olan bu adama kampaniya başladım. Allah, Allah, adam (Asif Ata fəlsəfəsinə görə, hamıya insan demək olmaz) nə qədər nifrət qazanıb?! Maşallah, göz dəyməsin… Hələ bu qədər reaksiya gətirən kampaniya görməmişdim. Hamı da öz adıyla… İmzası, şəkli, hər şeyi… Etibar Hüseynova bəri başdan «parlamentin ən çox nifrət olunan üzvü» nominasiyasında mükafat təqdim etmək olar. Niyə də olmasın? Bu qədər gənc yaşında bu cür nifrər qazanmaq da bir istedaddır. Eynən Zəmzəm quyusunu murdarlayan Bədəvi kimi… Mümkündür ki, hakimiyyət onu məclisə daşıyarkən bu özəlliyinə diqqət edib. Aman, beləcə də davam etsin. Can onun, cəhənnəm Tanrının…

Azərbaycan adlı qara zolaq…

Bu ölkə başdan-başa qara zolağa dönüb. Burada yazdığın yazılara görə adama mesaj yazıb bütün əlaqələri kəsdiklərini bildirirlər. Burada onunla ürəyi soyumayıb yazdığı telefon mesajını sonra idarəsinin rəsmi blankında redaksiyanın ünvanına göndərən iri çinli dövlət məmurları var (hansı ağılla?!..). Bu, onların mənə mesajları deyil. Bu, onların hakimiyyətə mesajlarıdır ki, birdən Əvəz Zeynallının telefonları dinlənər, girən-çıxan mesajlar qeydiyyata alınar, görsünlər ki, bu mənə nə yazıb. O da olmasa, həmin mesajı çap etdirib imza və möhürlə redaksiyaya göndərirlər ki, sabah bir şeylər olsa, özlərini sığorta etsinlər. Ölkəni belə bir vəziyyətə gətiriblər!..

Belə bir ölkədə Etibar Hüseynov adlı bir deputat qırığı nədən özünü birilərinin gözünə soxmasın?! Təbiidir… Təbii olmayan millətin taleyini ilgiləndirən məsələlərlə şəxsi məsələlərin qarışdırılmamasıdır. Mənə mesaj göndərən, ya da mesajını rəsmi məktubla təkrar göndərən dövlət məmuru mənimlə münasibətlərini şəxsən kəsir… Özünü, balalarını, bəlkə də karyerasını qoruyur… Çətin olsa da, başa düşürəm… Amma Etibar Hüseynov başından yekə qələt (səhv) edib 30 İyun Sevgililər Gününə dil uzadır və bunu hakimiyyətin adından etdiyini deyir. Burada işin rəngi dəyişir…

Bu qara zolağa çevrilən ölkədə bizim yanımızdan gedən, bir zamanlar ictimai rəydə yaxşı qarşılanmasa da, çətin vəziyyətdə olduğuna görə yaxşılığımız keçən, şinelimizdən çıxan bütün zatlar əlləri önəmli bir vəzifəyə çatan kimi, ya da elə hiss etdikləri an ilk hədəf bizi götürdülər. Zaman-zaman etdikləri yanlışlıqları anlayıb yenə bizə üz tutdular, amma yenisi köhnəsindən heç fərqlənmədi. Aman Tanrım, bu, necə bir məmləkət!?

Etibar da çətin durumlarında bizə sığınanlardan olub. «Xural»ın səhifələri nələrə, nələrə şahiddir… Bunu bir Etibar bilir, bir də mən… Bəzilərini isə «Xural» kollektivi… Onun ağır, çox ağır dönəmlərini görmüşük… Yox, mətbuat səhifələrində hərbə-zorba ilə danışan Etibar deyil o. Özünün dediyi kimi, həqiqətən kövrək bir YAPısı var. Bir zamanların intihar edərcəsinə əzilmiş, sındırılmış, qüruru tapdalanmış bir iqtidaryönlü jurnalist idi sadəcə… Biz onu qolundan tutub dikəltdik. Doğru etdik, bax, adam indi deputat oldu. Amma niyə belə?! Bir zamanlar saatlarla 30 İyun haqqında, Sevgililər Gününün daha yaxşı keçirilməsi haqqında təklifləri o vermirdimi?! Konsert keçirmək təcrübəsindən uzun-uzun danışmırdımı? Keçirdiyi konsertlərin bilet satışlarından bəhs etmirdimi?! 30 İyunun oturuşması üçün əllərindən gələni edəcəyinə söz vermirdimi? Buna imkan yaratmayan kanal rəhbərliklərini ağ yuyub qara sərmirdimi?

Amma bütün bunları etmək imkanlarının yarandığı bir vaxtda 11 dəfə həcc ziyarətinə getdiyini mən bildiyim bu Hacının etdiyi işə bir baxın. İlk işi 30 İyuna sataşmaq oldu! Həm də mənim adımdan istifadə edərək: «Bu gün Əvəz Zeynallının adı ilə bağlı olduğu üçün hakimiyyət onu qəbul etməyəcək!»

Bu, onun öz fikridir, yoxsa dalında dayananların fikridir?!

HƏLƏ BİLMİRƏM!
AMMA… GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİ?!
14 FEVRALA, ELƏ 30 İYUNA DA BİR ŞEY QALMADI!
BİZ CÜCƏNİ İYUNDA SAYIRIQ!

İ.S. Dənsizlər, bədəvilər və mərdiməzarlar ortalığa girməsələr, gələn sayda – bu sayda yazmalı olduğum «Analoqu olmayan Azərbaycan» yazısını yazacağam… İnanın ki, elə bu dənsizlərin cirit oynatdığı palmamentimizin də dünyada analoqu yoxdur… Hansı ölkənin parlamentinə belələrini bağlayarlar ki…

İ.İ.S. İsa Qəmbərə «barmaqlarını qıraram» deyən o polis zabiti tam təxmin etdiyim kimi Süleyman Nemətov imiş. Bizim Oxucu onu «Tərbiyəsiz Süleyman» kimi tanıyır və bu adam rəsmən başqa millətin nümayəndəsi kimi davranır öz millətinin nümayəndələrinə. Ramil Usubovun tapşırığı ilə Sadiq Gözəlovun kabinetində baş tutan söhbətimizdə mən ona bir daha bu millətin övladlarına mənə göstərdiyi sərt münasibəti göstərməməsini söyləmişdim. Bu tərbiyəsiz polis zabiti bir müddət sonra Fuad Qəhrəmanlının, indi də İsa Qəmbərin üzərinə yürüyüb. Müxalifətçilərə qarşı belədir. Amma Allahın Sadiq Gözəlovunun qarşısında yerlə-yeksan formada idi. Dil-dil ötür, belə işlərlə məşğul olmadığını deyir, Sadiq Gözəlov isə onun ən nümunəvi zabitlərdən olduğunu bildirirdi. Mehman Mehmanov mənə telefon edib bu adamın tərbiyəsiz olmadığını deyirdi. Budur… Görünən dağa nə bələdçi?!
Bu adam dərhal hüquq-mühafizə orqanları sıralarından qovulmalıdır!

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button