Dağ dağa rast gəlməz, amma…

Əvəz Zeynallı

Həbsxana insanları rastlaşdırır

Kim inana bilərdi? Çətin ki, kimsə inanaydı. Düz, 11 il bundan əvvəl Qənimət Zahidlə bir Moskva səfərimiz olmuşdu. Maraqlı və qalmaqallı səfər. Cəmi 11 gün qaldığımız Moskvada başımız da olaylı oldu. Sabiq prezidentimiz Ayaz Mütəllibovla görüşmək istədik, əvvəlcə razılıq oldu, sonra alınmadı. O görüşün çox pərdəarxası məqamları var ki, indi həbsxanada Teylor mülləimdən onlar haqqında öyrəndim. Biz o zaman Moskvadan incik qayıtdıq. Burada hərəmiz iki səhifə olmaqla yazılar yazdıq və Ayaz Mütəllibovun Aparatından bizə cavablar gəldi. Həmin vaxt təbii ki o yazıları Teylor Fətişoğlunun adından oxuyurduq. Qalmaqal o qədər böyümədən də, yatışdı.

***
Təxminən sentyabr ayı idi. Mənə Teylor müəllimin həyat yoldaşı Aygün xanım telefon açdı. Teylor müəllimin həbsxanadan yazı yazdığını və onun dərc olunmasını xahiş etdi. Mən Teylor Fətişoğlunun həbs olunduğunu eşitmiş və təəcüblənmişdim. Bu çapda adam niyə həbs olunsun ki? Təbii ki, məmnuniyyətlə yazını dərc etdim. «Mən Teylor Fətişoğlu» yazısını redaksiyaya Teylorun şir balası Ayxan gətirmişdi. Yazı dərc olunandan sonra bəzi reaksiyalar aldım, amma Aygün xanıma bildirdim ki, mütləq məhkəmələrdə mənə xəbər etsin, özüm şəxsən orada iştirak edəcəyəm. Və… Teylor müəllimmin işlərini nəzarətə götürdüm. Dostlara da dedim…

***
Və «Xural»ın başını duman bürüdü. Olaylar bir-birinin ardınca bizi ağuşuna aldı və dünya Ramiz Mehdiyevin şəbəkəsi tərəfindən üstümüzə gəlməyə başladı. Oktyabrın 28-də Aygün xanım mənə yenə zəng vurdu. Teylor müəllimin yeni yazısı gəlmişdi və operatora bu yazını yığmağı tapşırmışdım. Ona görə də dedim: «Aygün xanım, bazar ertəsindən nəşrimizi bərpa edirik, noyabrın 1-də Teylor müəllimin yazısı dərc olunacaq.» «İnşallah» dedi. Və mən həmin gün, Aygün xanımla danışandan bir neçə saat sonra həbs olundum…

***

İşin cilvəsinə bax. Noyabrın 1-də mən artıq Kürdəxanı Təcridxanasında, Teylo müllimin qaldığı kamerada, AXCP-dən olan siyasi məhbus Babək Həsənovun yerində idim. Bayırdakılar kimi, içəridəkilər də şokda idilər. Məndən yazısının dərcini gözləyən Teylor müəllim, mənim özümü qarşılayası oldu…

***

Yanvarın 1-də Teylor müəllimin ad günüdür. Onun 50 yaşı tamam olur. Mənim də pasporta görə rəsmi ad günüm yanvarın 1-dədir. Hə indi iki jurnalist yanvarın 1-də, yeni ilin ilk günündə ad gününü 7-24-də qeyd edir. Amma mən doğulduğum 16 dekabrda artq öz payımı qeyd etmişəm. İndi Vətənin daha bir möhtəşəm oğlunun ad gününə hazırlaşırıq. Və bunun da ayrı mənası var. Məni ad günümdə ilk təbrik edən Teylor müəllim oldu. Onu da ilk təbrik edən mən olacam. Zatən indi bizim başqa görüşəcəyimiz kimsə də yoxdur…

***

Teylor Fətişoğlunu yaxından tanımaq imkanım oldu. Böyük türkçü və vətənpərvərdir. Özü demiş, evdə iki generalı böyüyür. İncə qəlbi var. Qəzəbi də sonsuzdur. Onun da həbsi dolaylı şərdir. Sadəcə təvazökarlığından bunu etməyib. Dostlarına sadiqdir. İnanılmaz dərəcədə bağlı olduğu adamlar var ki, adı çəkiləndə gözlri dolur. Bəzən bir-birimizə yaslanıb kövrəldiyimiz olub…
Yaxşı deyiblər, «dağ dağa rast gəlməz», amma insan-insana rast gələr»…
Sənə 2012-ci ilin ilk günlərində generallarınla görüşməyi arzu edirəm, Teylor Qardaş.

«Xural»ın Qızıl Kollektivi də həmkarımız Teylor Fətişoğlunu 50 yaşı olması münasibətilə təbrik edir. Ona doğma Vətənində azad və demokratik həyat arzulayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button