Daha bir məhkumu vəhşicəsinə döydülər

 Daha bir məhkumu vəhşicəsinə döydülər

Məhbəsdən gələn məktubda zorakının adı açıqlanır

 
Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Bahadır Əsgərov vəhşicəsinə döyülüb. Bu haqda “Yeni Müsavat”a onun anası Gülyafşan Əsgərova məlumat verib. 
“Oğlumu Rəcəb adlı nəzarətçi köməkçisi döyüb. Hazırda Bahadır Məhkumların Müalicə Müəssisəsindədir. Yanına getdim, danışa bilmirdi. Ekspertiza rəy verib ki, döyülmə nəticəsində ciyəri partlayıb, mədəsi qan bağlayıb, böyrəkləri zədələnib. Hazırda pis durumdadır. Oktyabrın 17-də yanında oldum. O ayağa qalxıb gələ bilmədi. Dərdimizi kimə deyək? bilmirik”.
Məhkumun anası deyir ki, oğlunun döyülməsinin səbəbi ilə maraqlanıb: “Oğlum 71-ci ildəndir, 2 il əvvəl Yasamalda tutulub və 15-ci ”kalon”a göndərilib. 2 il ərzində onun saxlama şəraitindən şikayəti olmayıb. Özü də sağalmaz xəstədir. Mənə dedilər ki, avqust ayının sonlarında orada Bahadırın bədənində səpkilər əmələ gəlib, buna görə də qaşınıb. Rəcəb adlı nəzarətçi köməkçisi də ona deyib ki, özünü qaşıma. Bunun üstündə mübahisə düşüb. Rəcəb Bahadırı “Vaxt” deyilən yerə aparıb və orada döyüb. Növbəti gün onu yenə də ora salıb döyüb. Oğlum ölüm ayağındadır. Mənimlə görüşəndə iki kəlmə zülmlə danışdı. Dedi ki, məni Rəcəb döyüb”.
 G.Əsgərova oğlunun döyülməsi ilə bağlı Ombudsmanlığa, Penitensiar Xidmətə və Baş Prokurorluğa müraciət edərək məsələnin araşdırlmasını, oğlunu döyən Rəcəb adlı nəzarətçi köməkçisinin müəyyən olunaraq istintaqa cəlb edilməsini tələb edir.
E.MƏMMƏDƏLİYEV  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button