DAK birləşdirici qurultay keçirəcək – FOTO+VİDEO

xural.com xəbər verir ki, bu gün Bakının Nərimanov rayonu ərazisində yerləşən “Askar” oteldə DAK İdarə Heyətinin üzvləri və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi mətbuat konfransı keçirib. Mətbuat Konfransında İsveçdən olan qonaqlarla yanaşı, Azərbaycan ictimaiyyətinin də nümayəndələri iştirak edirdilər.

İştirakçılar Dünya Azərbaycanlıları Konqresinin 26-27-28 fevral 2016-cı ildə Xocalı soyqırımının ildönümündə planlaşdırılan Birlik-Bərabərlik və Qardaşlıq Qurultayının hazırlıq planlarından, DAK-ın parçalanmasının səbəblərindən və birləşdirilməsi üçün atılacaq addımlardan danışdılar. Mətbuat Konfransını Mərdan Seyidbəyli açıq elan elədi. Sonra mövzu ətrafında İsveçdə yaşayan və DAK-ın birləşdirilməsi üçün əsas rollardan birini oynayan Siyavuş Yusifli, Paşa Qəlbinur, Əjdər Tağızadə, sabiq millət vəkili Havva Məmmədova, sabiq millət vəkili Baba Tağıyev, Fatma xanım, xalq artisti Niyaməddin Musayev, Xəzər Emin, Əvəz Zeynallı və digərləri DAK və onun birləşdirilməsi istiqamətində fikir və təkliflərini açıqladılar. Natiqlər DAK-ın çox önəmli missiyasının olduğunu, ancaq bir neçə ildə dəfələrlə bir neçə yerə parçalandığını ürək ağrısı ilə bildirdilər.

Toplantının başlandığı dəqiqələrdə özünü Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-ın İcra Aparatının rəhbəri kimi təqdim edən Samir Adıgözəlli və yanında iki nəfər gənc mətbuat konfransına müdaxilə etməyə cəhd ediblər. xural.com-un konfransda iştirak edən əməkdaşı olayı olduğu kimi videolentə köçürüb və bu videolenti cəmiyyətə təqdim edəcəyik. Sabir Rüstəmxanlının adından danışdığını bəyan edən S.Adıgözəlli və yanındakılar bir daha belə hərəkətlər edəcəkləri təqdirdə toplantını təşkil edənlərin cəzalandırılacaqlarını bəyan edərək, zalı tərk ediblər. Sonradan oteli işlədənlərin dediklərinə görə, S.Adıgözəlli və yanındakılar özlərini səlahiyyətli qurumların nümayəndələri kimi təqdim edərək, onları qorxudublar və niyə müxalifətçilərə yer verdiklərinin hesabını soruşmaq üçün bir də qayıdacaqlarını bildiriblər.

Mətbuat Konfransında bu qərara gəlinib ki, 2016-cı ilin fevral ayının 26-27-28-də Brüsseldə Birləşdirici Qurultay keçirilsin. Fevralın 26-da Avropa Parlamentinin qarşısında keçiriləcək 200 nəfərlik mitinq üçün artıq Brüssel polisindən icazə belə alınıb. İndən sonra əvvəlki kimi qarmaqarışıqlıq olmayacaq. Belə ki, bütün DAK-ların iştirakçıları üçün elektron tanıma nişanı olan kartlar çıxarıblar və hamı yalnız bu kartlarla səs verəcək. Belə kartlardan artıq 200-ə qədərinin çıxarıldığını deyən Siyavuş Yusifli, lazım olan adamlar üçün yeni kartların da çıxarılacağını bildirib.

xural.com

dak11 dak10 dak9 dak8 dak7 dak6 dak5 dak4 dak3 dak2 dak1       \

Əlaqəli məqalələr

1 şərh

  1. DAK adına konfransa girib sayğın insanları hədələmək nə deməkdir? Üstəlik DAK İdarə Heyəti adından!!!
    DAK-ın Avrupa sorumlusu olaraq belə davranışları nə özümə, nə də DAK İH-nə yaxışdıra bilmirəm. Bu üzdən, başda qarşı DAK təmsilçiləri olmaqla konfransda bulunan hərkəsdən üzür diləyirəm.
    DAK Avrupa Təmsilçisi Eldar Qaradağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button