DAK-lar Avropaya kimləri göndərir?!

Dövlət Əjdər Tağızadəyə 150 min avro pul buraxıb?!

Dünya Azərbaycanlıları Konqresinin Avropanın müxtəlif şəhərlərində baş tutacaq qurultayları cəmiyyətdə sakit qarşılanmır. Maraqlıdır ki, qurultaylar hələ başlamamış, etirazlar və narazılıqlar da başladı. Cəmiyyəti daha çox «qurultaylara hansı meyarlarla nümayəndə seçilir», «niyə dünya azərbaycanlılarını birləşdirməli olan qurumlar indi ən azı üç yerə ayrılıblar» suallarının ətrafında cərəyan edən fikirlər maraqlandırır. Mövzu ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, şair Paşa Qəlbinurun və şair Sabir Rüstəmxanlının başçılıq etdiyi qurumların Avropa qurultaylarının arxasında bəzi başqa niyyətlər dayanırmış. Aldığımız informasiyalara görə, DAK-ın Sabir Rüstəmxanlı qanadının əsas işlərini Əjdər Tağızadə adlı bir adam görürmüş və bu adamın əsas məqsədi Dünya Azərbaycanlılarını birləşdirməkdən çox, pul qazanmaqdır. Bir müddət əvvəl Əjdər Tağızadənin əməlləri və Azərbaycana münasibəti haqqında yazmış, onun Azərbaycanda hansı əməllərdən çıxdığı haqda cəmiyyəti məlumatlandırmışdıq. İndi aldığımız məlumat isə Əjdər Tağızadə haqqında daha bitkin informasiya verir.

Məlumatlı mənbənin dediyinə görə, dövlət və onun əlaqədar qurumları Əjdər Tağızadəyə Avropadakı qurultayı keçirmək üçün 150 min avroya qədər pul verib və bütün narazılıqlar da bu pul ətrafında başlayıb. Təxminən 60 min avronu elə verilən mərkəzə qaytaran DAK-ın Sabir Rüstəmxanlı qanadı heç bir hazırlıq işləri aparmadan, yəni əvvəlki qurultaylarda olduğu kimi, Bakıda heç bir hazırlıq konfransları keçirmədən qurultaya namizədlər toplamağa başlayıb.

Hansı kriteriyalar əsas götürülür?

Aləm dəyib bir-birinə. Avropada qurultay keçirmək adına hərə öz adamını «nümayəndə» adı altında qurultaya aparır. Heç bir kriteriya yoxdur. Kriteriya Paşa Qəlbinura, Sabir Rüstəmxanlıya yaxın olmaq, Əjdər Tağızadə adlı «vətən fədaisi»nin xoşuna gəlməkdir. Nə ictimai çəki, nə illərlə bu yolda fədakarlıq göstərmək və ictimai rəydə Dünya Azərbaycanlılarının birləşməsi istiqamətində iş görmək əsas götürülmür. Görünən odur ki, əsas götürülən əsas faktor ortada olan bəlli miqdar pulu silmək və həzmi-rabedən keçirməkdir. Hər halda, DAK-ların içində olan və DAK rəhbərlərinin mətbəxlərinə bələd olan mənbələrin XuralTAC əməkdaşına dedikləri bu istiqamətdədir. Hələ mənbələr Avropaya gedən nümayəndələrin qaldıqları otellərdən, o otellərə ödənildiyi iddia olunan pullardan, yüksək keyfiyyətin söz verildiyi halda, aşağı keyfiyyətli mehmanxanalarda it zülümü çəkməkdən bəhs etdilər. Adamın qanı donur. Dünya azərbaycanlılarının adından belə hərəkətlər etmək kimə şərəf gətirir ki?! Burada istəyirsən qəlbin nur olsun, istəyirsən qan yaddaşın – fərq etməz…

Dünya Azərbaycanlılarını birləşdirməkdənsə, ayırmağa və bölməyə başlayıblar…

DAK-larda bir etiraz dalğası başlayıb. Bu etirazın başında duranlardan birinin DAK İdarə Heyətinin üzvü olan İsmayıl Ağayev olduğu haqda mətbuatda da bəzi informasiyalar yayınlanıb. DAK-ın Bakı Nümayəndəliyinin keçmiş rəhbərinin əsaslı arqumentlərinin də olduğu bizə çatan xəbərlərdəndir. İsmayıl Ağayev bu qurultayların DAK fəlsəfəsinə uyğun olmadığı haqqında rəhbərliyə məlumat verib. Onun fikrincə, həqiqi birləşmədən söhbət gedirsə, o zaman 3 DAK nəyə lazım? İsmayıl Ağayevin bunları söylədiyi bildirilir: «Mətbuatda yazılanların əsası var. Mən etiraz edirəm və qurultayların heç birinə qatılmayacağam. Necə ola bilər ki, biz dünya azərbaycanlılarını birləşdirmək ideyasını qarşımıza əsas məqsəd kimi qoyduğumuz halda, bu gün ən azı 3 DAK var – Sabir Rüstəmxanlının, Paşa Qəlbinurun və Cavad Derextinin DAK-ları. Dünya bizə nə deyir? Avropa nə deyir? Bu biabırçılıqları yekunlaşdırmaq, bütün dünya azərbaycanlılarını birləşdirən vahid təşkilatda birləşmək və qapılarımızı hamının üzünə açmaq lazımdır.»

Görünən odur ki, DAK-da həqiqi daqqıldaşma hələ irəlidədir. Biz isə bu daqqıldaşmaların mətbuatda səsi olmağa davam edəcəyik. Bizim üçün maraqlı suallar var və bu sualların cavablarını DAK rəsmilərindən istəyirik:

Avropada keçirilən qurultaylar hansı pulların hesabına keçirilir?
• Bu qurultaylara aparılan nümayəndələr hansı kriteriyalar əsasında seçilir?
• Doğrudanmı millətin təşkilatı olduğunu iddia edən DAK-ların Avropa qurultayları pul yemək və ya qazanmaq üçün bir vasitəyə çevrilib?
• Niyə qurultaylardan sonra detallarına qədər hesabat verilmir?
• DAK-ların vahid bir təşkilatda birləşməsinə nə maneə olur?

Suallarımıza cavab vermək istəyən DAK səlahiyyətlisi və DAK-ların nümayəndələri üçün səhifələrimiz açıqdır.

XuralTAC

Əlaqəli məqalələr

2 şərh

  1. Guzel bir ornek, Cikar icin calisan ve sahsi cikarlar icin kurulan teskilatlari vatanina ve halkina ihanet etmis sayariz. Cunki Teskilatlarin kurulus sebebi Vatanina ve halkina hizmet etmek ve haklarini savunmak icin kurulan ocaklardir.
    Saygilar

  2. Millətin adından danışanlardünyanı bizə güldürməklə məşğuldurlar.
    2-3 pul hərisi, vəzifə hərisi ola bilər. Bəs onların yanında quyruq bulayanlar
    niyə bu ” vəzifəni” özlərinə sığışdırırlar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button