Deputat Avropadakı Azərbaycan səfirlərini idarə edir

4783315.06.2013 

Diplomatiya tarixində görünməmiş skandal

AVCİYA prezidenti Elxan Süleymanovun diplomatiyanın “boz kardinalına” çevrilməsi barədə şok məlumatlar var; sabiq klub direktoru böyük sərvətə və qeyri-rəsmi yüksək statusa sahiblənib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, deputat Elxan Süleymanov qeyri-rəsmi olaraq Azərbaycanın Avropada fəaliyyət göstərən səfirlərini idarə edir. E.Süleymanov mütəmadi olaraq səfirləri Avropanın şəhərlərindən (əsasən Strasburq və Brüsselə) birinə yığır, onlara tapşırıq verir, bəzən isə hətta danlayır. Bu barədə “Yeni Müsavat”a diplomatik qaynaqlardan məlumat daxil olub.

Qaynağın bilgisinə görə, E.Süleymanov Avropadakı səfirlərin fəaliyyətindən narazıdır: “Deputat onları bir qayda olaraq danlayır və iş görə bilməməkdə günahlandırır. Bəzilərini ingilis dilini bilmədiyinə görə, ingilis dilini bilənləri isə fəaliyyətsiz olduqlarına görə qınayır. O hesab edir ki, səfirlər fəaliyyət göstərdikləri ölkələrin həm hökumət, həm də qeyri-hökumət təşkilatları ilə normal işgüzar əlaqələr yarada bilmirlər. O, hər toplantıda səfirlərə konkret göstərişlər verir. Onları hakimiyyətin xeyrinə təmasların qurulması üçün ”səxavətli” olmağa çağırır. Bəzi hallarda isə onların üstünə qışqıraraq, “siz hamınız Azərbaycana düşmənsiniz, belə işləmək olar?!” – , deyir. Hüquqi baxımdan isə onun heç bir səlahiyyəti yoxdur. O, QHT rəhbəri və Milli Məclisin 125 üzvündən yalnız biridir. Ancaq hakimiyyətin üst qatına birbaşa çıxışı sayəsində qeyri-rəsmi olaraq belə bir səlahiyyət əldə edib və səfirlər də onun “legitimliyini” qeyd-şərtsiz qəbul edirlər”.

E.Süleymanovun “kürü diplomatiyasının” ən aparıcı simalarından biri olması barədə də məlumatlar var. Bu yaxınlarda Avropanın nüfuzlu “Avropa Sabitliyi Təşəbbüsü” təşkilatının hesabatında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunması xüsusi vurğulanırdı.
Hesabat açıqlananda bütün diqqət AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidova yönəldi. Əksəriyyət belə hesab edirdi ki, “kürü diplomatiyasını” S.Seyidov təşkil edir. Qəzetimizi bilgiləndirən qaynaq bu işdə S.Seyidovun iştirak etdiyini təsdiqləsə də, prosesdə əsas simanın E.Sülemanov olmasını iddia edir: “Təbii ki, nümayəndə heyətinin sədri kimi S.Seyidov da prosesin içindədir. Ancaq 2010-cu ildən – yəni E.Süleymanov deputat və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü seçiləndən sonra əsas missiya onun üzərinə düşüb. Azərbaycana lobbiçilik edəcək deputat və QHT rəhbərlərinin siyahısını, onlara veriləcək hədiyyələrin formasını E.Süleymanov müəyyən edir”.
Bir zamanlar bankrot vəziyyətində olan E.Süleymanovun hansı yolla və kimin vasitəsilə belə yüksək qeyri-rəsmi statusa yiyələnməsini dəqiqləşdirə bilməsək də, bəzi məlumatlar əldə etmişik. Öncə onun bioqrafiyasına nəzər salaq. 1940-cı il təvəllüdlü E. Süleymanov Göyçayın Hacal kəndində anadan olub.
1958-ci ildə Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsini, 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsini bitirib. Əmək fəaliyyətinə müəllimliklə başlayıb.

1966-1979-cu illərdə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubun direktoru, 1979-1981-ci illərdə “İnqilab” kinoteatrının direktoru, 1981-1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-1987-ci illərdə Mədəniyyət Nazirliyinin kino baş idarəsinin baş direktoru, 1987-1990-cı illərdə “Nizami” kinoteatrının direktoru işləyib. 1990-cı ildə Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin direktoru olub. Bundan sonra 2005-ci ilə qədər onun nə işlə məşğul olması barədə heç bir məlumat yoxdur. 2005-ci ildə AVCİYA-nı təsis edib və onun prezidenti olub. 2010-cu ildə isə heç kimin gözləmədiyi halda 85 saylı Şamaxı dairəsindən deputatlığa namizədliyini irəli sürüb və “qalib gəlib”. Bundan sonra onun karyerasının daha parlaq dövrü başlayıb – sabiq klub direktoru və QHT rəhbəri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Qısa zaman kəsiyində Azərbaycan diplomatiyasının “boz kardinalına” çevrilib.

Bəzi məlumatlara görə, E.Süleymanov AVCİYA-nı sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin patronajlığı altında təsis edib və 2005-ci ilin parlament seçkisində exit-pol keçirib (səslərin alternativ hesablanması – red.) Sabiq nazirin həbsindən sonra E.Süleymanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çətiri altına keçib. Ancaq sonradan hakimiyyətdə mövqelərini gücləndirən Bakı klanına transfer edib. Onun karyera yüksəlişi də bu “transferdən” sonra başlayıb. Eyni zamanda onun iş adamı və nəhəng sərvət yiyəsi olması ilə bağlı məlumatlar da var.
Məlumatlara görə, E.Süleymanov Göyçay Meyvə Tədarükü Bazasının sahibidir. Müəssisə şirə istehsalı ilə məşğul olan “Gilan-holdinq” “Az-Granata” MMC üçün meyvə tədarük edir. Ancaq deputatın biznesi təkcə tədarük bazası ilə yekunlaşmır. Məlumatlara görə, onun Bakıda bir neçə böyük villası, biznes şəbəkəsi var. Qısa müddət ərzində – adi QHT rəhbərinin bir elə böyük sərvətə və qeyri-rəsmi statusa sahib olmasında müəmmalar yetərincədir.

Xüsusilə o halda ki, E.Süleymanov siyasi və biznes uğurlarını ömrünün ahıl çağlarında – 70 yaşından sonra əldə edib. Pensiyaya çıxana qədər isə o adi klub direktoru səviyyəsindən yuxarı qalxa bilməyib. Sabiq klub direktorunun 70 yaşdan sonra Azərbaycan diplomatiyasının “boz kardinalına” çevrilməsi şübhəli, müəmmalı və təəccüblüdür.

Yeri gəlmişkən, 73 yaşlı E.Süleymanov parlamentə seçiləndə 65 yaşdan yuxarı dövlət müəssisələrinin işçilərinin, məmurların məcburi məzuniyyətə göndərilməsi ilə bağlı qanun qüvvəyə minmişdi. Dövlət 65 yaşdan yuxarı şəxsləri idarəçilik üçün yararsız hesab etməsini qanuniləşdirəndən sonra 70 yaşlı qocaya məhdudiyyətsiz qeyri-rəsmi yüksək status verilməsi anlaşılan deyil. Üstəlik də, E.Süleymanova verilən qeyri-rəsmi status rəsmi Bakıya çox baha başa gəldi – “kürü diplomatiyası”nın ifşası Azərbaycan hakimiyyətinin imicinə Avropada sarsıdıcı zərbə vurdu. İndi ölkənin imicini zədələyən şəxs səfirləri iş görməməkdə ittiham edir, onlara yol göstərir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button