Deputat Ç.Qənizadə: “Həbs olunmuş oliqarxların pullarına problemlərimizi həll edə bilərik…”

«Hazırkı proses ümumilikdə hamının diqqətindədir. Mən hesab edirəm ki, bu həbslər gözlənilən idi, çünki bəzi adamlar banklardan iri həcmli kreditlər götürüb, təyinatı üzrə deyil, istədikləri yerə xərcləyirdilər. Vaxtında kreditləri ödəmədikləri üçün banklarda vəsait qıtlığı yaradır, problemli kreditin həcmini artırırdı», – bunu qafqazinfo-ya Milli Məclisin deputatı Çingiz Qənizadə Dövlət Bayrağı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun və bir neçə iri oliqarxın həbsinə münasibət bildirərkən deyib.

«Təəssüf hissi ilə qeyd edirəm ki, onların arasında cəmiyyətdə tanınan, böyük layihələrin sahibi olduğunu qeyd edən, bəzən də öz hərəkətləri ilə başqalarında ikrah hissi oyadanlar da var. İndi məlum olur ki, əldə etdikləri vəsaitlərin böyük əksəriyyəti kredit adı altında alınıb və təyinatı üzrə xərclənməyib. Bəziləri bu pullara özləri üçün bağlar, evlər, müəyyən obyektlər almaqla məşğul olub və qanunun tələblərini açıq şəkildə pozublar”.

Millət vəkili qeyd edib ki, proses davam edəcək və bu, 2011-ci ildə prezidentin irəli sürdüyü korrupsiyaya qarşı mübarizə proqramının tərkib hissəsidir: “Əvvəla, bu talançılığa son qoyulmalı idi və prezident də yaxın zamanlarda belə bir fikir ifadə etmişdi. Manatın devalvasiyası zamanı və ondan əvvəlki proseslər göstərirdi ki, bir qrup insanlar, onların içərisində məmurlar da var, dövlətin belə, çətin məqamında yenə də varlanmağa cəhd ediblər. Artıq biz burada aşağı təbəqə yox,  orta təbəqə, iş adamları, sahibkarlar, bank rəhbərləri və dövlətdə müəyyən vəzifə tutan insanlardan söhbət getdiyini görürük. Məncə, bu həbs dalğası hələ bir müddət davam edəcək”.

Sonda millət vəkili əlavə edib ki, kimliyindən asılı olmayaraq qanunu pozan, talançılıqla məşğul olan, ayrı-ayrı insanların mülklərini hədə-qorxu ilə alıb özləri üçün müəyyən obyektlər tikən insanlar qanun qarşısında cavab verməlidir:

“Bu pulları geriyə qaytara bilsək, ölkədəki pul qıtlığının müəyyən hissəsinin də aradan qaldırılmasına nail ola bilərik”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button